Çin və ABŞ rəhbərlərinin görüşü ilə bağlı dəqiq qərar yoxdur

09:50 31.10.2023 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Çinin xarici işlər naziri Vanq Yi Vaşinqtondakı təmasları zamanı ABŞ və Çin liderlərinin noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammitində görüşmək barədə razılığa gəldiklərini, lakin bunun asan proses olmayacağını bildirib.

Hafta.az-ın yazdığına görə, Vanq deyib ki, "San Fransiskoya gedən yol heç də hamar deyil”. Vanq, San-Fransisko görüşünün baş tutması üçün tərəfdarların ötən il Balidə keçirilən G20 Sammitində iki lider arasında əldə edilmiş razılaşmaya qayıtmalı, müdaxiləçilikdən əl çəkməli və konkret nəticələr verəcək konsensusu gücləndirməli olduğunu vurğulayıb.

Vaşinqtondakı təmasları zamanı iki ölkənin ortaq maraq doğuran məsələlər üzrə “dərin, konstruktiv və konkret strateji kommunikasiyalar apardıqlarını” ifadə edən Vanq, münasibətlərin bərabərlik və qarşılıqlı hörmət əsasında inkişaf etdirilməsi və sabitləşdirilməsi mesajını verib: “Baxmayaraq ki, iki ölkə arasında hələ də fikir ayrılıqları və mübahisələr var, tərəflər dialoqun davam etdirilməsinin faydalı və zəruri olduğuna inanır və münasibətlərin ən qısa zamanda sabitləşib yaxşılaşacağına ümid edirlər”.

Qeyd edək ki, xarici işlər naziri Vanq oktyabrın 26-28-də Vaşinqtona səfəri zamanı dövlət katibi Antoni Blinken və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanla görüşlərindən sonra prezident Bayden tərəfindən qəbul edilib.

Vanqın səfəri ABŞ-Çin münasibətlərində geosiyasi və iqtisadi rəqabətin yaratdığı gərginlikdən sonra dialoq axtarışlarının artdığı bir vaxtda kritik əhəmiyyət kəsb edir.

Siyasət rubrikasından digər xəbərlər