Çində polis qanunsuz şirkətə qarşı keçirdiyi əməliyyat zamanı minə yaxın pişiyi donuz və ya qoyun əti kimi satılmaqdan xilas edib.
Hafta.az-ın yazdığına görə, Çinin şərqindəki Jiangsu əyalətində baş verən hadisədə polis bu ayın əvvəlində heyvan aktivistlərindən xəbər aldıqdan sonra yük maşını saxlayıb.
Çinin dövlət televiziyası “The Paper”da yer alan xəbərə görə, polis Zhangjiagang şəhərində kəsimxanaya aparılmaq üçün dayandırılan yük maşınında təxminən min pişik tapdıqlarını açıqlayıb. Səlahiyyətlilərə görə, əgər pişiklər xilas edilməsəydi, onlar donuz əti, quzu şişi və ya kolbasa kimi satışa çıxarılmaq üçün kəsiləcəkdilər.
Xəbərdə məsələ ilə bağlı həbslərin olub-olmadığı bildirilməyib və pişiklərin yaxınlıqdakı Taicang sığınacağına aparıldığı bildirilib.
Pişiklərin ev heyvanları və ya sahibsiz heyvanlar olduğu bildirilməyib.
Çinli heyvan fəalları ilk dəfə Zhangjiagang qəbiristanlığının yaxınlığında mismarlanmış taxta qutuların içərisində çox sayda pişiyin saxlanıldığını aşkar ediblər. Daha sonra fəallar 6 gün ətrafda axtarış aparıblar və yük maşını pişikləri kəsimxanaya aparmağa başlayanda polisə zəng edərək heyvanları son anda xilas ediblər.
Fəalların fikrincə, pişik ətinin bir kilosu qoyun və ya donuz əti kimi təxminən 4 dollara satılır. Hər pişik isə emaldan sonra 4-5 kilo qalır.
Çində mal-qaranı və nəsli kəsilməkdə olan heyvanları qoruyan qanunlar var. Amma ölkədə ev heyvanlarına, sahibsiz pişiklərə və itlərə qarşı zorakılığa qarşı hərtərəfli qanun yoxdur.
Çində heyvan və ətraf mühitin müdafiəsi fəalları uzun müddətdir ki, ənənəvi tibbi müalicələrdə heyvanların istifadəsinə qarşı mübarizə aparırlar. Digər tərəfdən Yulində hər il keçirilən it əti festivalına qarşı reaksiyalar günü-gündən artır.