Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərinə 3 ay qalmış Demokratların aparıcı donorlarından olan Hollivud ulduzu Corc Kluni prezident Co Baydeni seçkidən əvvəl “yarışdan əl çəkməyə” çağırıb.
Hafta.az-ın yazdığına görə, Kluninin çağırışı Baydenin Respublikaçı namizəd, keçmiş prezident Trampla birlikdə iştirak etdiyi debat proqramındakı çıxışının tənqid edilməsindən sonra gəlib. Dünya şöhrətli aktyor Kluni Baydenin karyerasında bir çox döyüşlərdə qalib gəldiyini, lakin “qalib gələ bilmədiyi tək döyüşün zamana qarşı döyüş olduğunu” ifadə edib. “New York Times”a verdiyi müsahibədə Kluni üç həftə əvvəl bir ianə toplanışında tanış olduğu Baydenin 2010-cu ilin Baydeni olmadığını bildirib və "O, hətta 2020-ci ilin Co Baydeni də deyildi" deyib.
Kluninin çağırışı, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Baydenin yarışda qalıb-qalmamağa qərar verməsi üçün "vaxtın daraldığını" söyləməsi ilə partiya daxilində iğtişaşların artdığını ortaya qoyub. "Partiya liderlərimiz 51 milyon insanın bizim gördüyümüz eyni şeyi görmədiyini söyləməkdən əl çəkməlidir. Söhbət yaşla bağlıdır, başqa bir şey deyil. Noyabrda bu prezidentlə qalib gələ bilməyəcəyik", - Kluni əlavə edib.
Kluni bildirib ki, onun narahatlığı danışdığı bütün Konqres üzvlərinin narahatlığı ilə üst-üstə düşür və Kaliforniya qubernatoru Qavin Nevsomun Demokratlar üçün potensial əvəz ola biləcəyini söyləyib.
Adı açıqlanmayan bir mənbə, Bayden düşərgəsinin Hollivud ulduzuna cavab verdiyini və "Prezident xeyriyyə tədbirində 3 saatdan çox qaldı. Kluni cəld şəkil çəkdirib getdi" deyib. Mənbə qeyd edib ki, prezident G7 sammitində iştirak etdiyi İtaliyadan Los-Ancelesə yenicə gəlib, o, pul yığımında iştirak edib.