“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonunda biomüxtəlifliyin qorunması məqsədilə ekoloji aksiya keçirilib.
Hafta.az-ın yazdığına görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən aksiya zamanı QSC-nin əməkdaşları tərəfindən “Çovdar” qızıl mədəninin ətrafındakı meşə ərazisində ekoloji təmiz quş yemlikləri quraşdırılıb və mövsümlük yem ehtiyacı qarşılanıb. Məqsəd qış aylarında, xüsusilə qar örtüyü səbəbi ilə yem tapmaqda çətinlik çəkən quşların bəslənməsinə, mühafizəsinə dəstək olmaqdır.
Qeyd edək ki, biomüxtəlifliyin azalmasının qarşısının alınması 2022-ci ilin dekabr ayında keçirilən BMT-nin Biomüxtəliflik Sammitinin əsas mövzularından biri olub. Bu mənada sözügedən aksiya Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən və ölkəmizin zəngin flora və faunasının qorunmasına yönəlmiş ekoloji siyasətə Səhmdar Cəmiyyətin növbəti töhfəsidir.
Xatırladaq ki, “AzerGold” QSC dağ-mədən sahəsində həyata keçirdiyi fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunda aparıcı pillələrdə qərarlaşan əsas ixracatçı dövlət şirkətlərindən biri kimi iqtisadi inkişafa töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır, ətraf mühitin mühafizəsinə ardıcıl və sistemli dəstək göstərir.
Səhmdar Cəmiyyət tərəfindən cari il də bu istiqamətdə tədbirlərin davam etdirilməsi, hasilat bölgələrində ağacəkmə, yaşıllaşdırma və çaykənarı təmizlik aksiyalarının təşkili nəzərdə tutulub.