Deputatların Ermənistana səfəri zəruridir - Çingiz Qənizadə

17:20 21.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, fevralın 22-də Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Həmin tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Ermənistan Azərbaycanla sülh sazişi imzalamadığı halda, hələ də sərhəddə erməni təxribatları davam etdiyi bir vaxtda bu səfəri reallaşdırmağımz nə dərəcədə zəruridir?

Bu barədə hafta.az-a açıqlama verən hüquqşünas Çingiz Qənizadə bildirib ki, elə beynəlxalq təşkilatlar var ki, onların keçirdiyi tədbirlərin yeri Azərbaycan Parlament üzvlərinin orada iştirak etməsinə  mane olmamaldır.

Ç.Qənizadə bu mənada hesab edir ki, AVRONEST-in öz tədbirini Ermənistanda keçirməsi Azərbaycanın həmin tədbirə qatılmasının qarşısını almamaldır. Onun fikrincə, münasibətlərimizin hansı səviyyədə olmasından asılı olmayaraq bizim belə tədbirlərdə iştirak etməyimiz vacibdir.

“Belə bir tədbir Azərbaycanda keçirilərsə, Ermənistan nümayəndə heyəti də gəlib burda iştirak edə bilər.  Əsasən həmin tədbirlərdə  gündəlikdəki məsələlər müzakirə olunur. Tədbirin təşkilatçısı olan dövlət gələn qonaqların həm təhlükəsizliyini, həm də tədbirdə iştirakını təmin etməlidirlər.  Əgər bu səfər reallaşacaqsa, dövlətin maraqlarını qorumaq və o yöndən çıxış etmək baxımından tədbirdə iştirak etmək vacibdir. 

Bəzən belə tədbirlərdə dövlətin zərərinə olan məsələlərin gündəliyə, müzakirəyə salınmasına cəhdlər edirlər.  Azərbaycan nümayəndələrinin o tədbirdə iştirakı belə neqativ hallara qarşı etiraz etmək imkanı yaradır”.