Azərbaycanda deputatların sayının artırılması məsələsi yenidən gündəmdədir. Təbii və yaxud müəyyən səbəblər üzündən, Milli Məclis üzvlərinin sayının azaldığını nəzərə almasaq, Konstitusiya ilə nəzərdə tutulan deputat sayının indiki reallıqla nə dərəcədə uzlaşdığı da müzakirə olunur.
İctimai müzakirələrdə belə qeydlər var ki, hər 40 min nəfər seçiciyə 1 deputat düsür. İndi isə bu rəqəm, təxminən, 65 minə catıb. Deputatların sayının artırılması ümumxalq səsverməsi ilə həllini tapa bilər. Beləliklə, indiki reallıq Milli Məclisə deputat sayının artırılmasını nə dərəcədə mümkün və zəruri edir? Politoloq və deputatlar məsələyə birmənalı yanaşmayıb.
Deputat Fazil Mustafa bildirib ki, deputatların sayının artırılması üçün Konstitusiyada dəyişiklik edilməlidir. Konstitusiyada deputatların sayı 125 göstərilib və əgər konkret seçici sayına görə deputatın müəyyən olunması nəzərdə tutulursa, o zaman bu rəqəm artmalıdır: “Əgər belə bir niyyət varsa, məsələyə baxılmaqla deputatların sayını artırmaq olar. Ona görə də referendum keçirilməlidir”.
F.Mustafa bununla yanaşı hesab edir ki, deputat sayının artırılmasından daha çox, proporsianal seçki məsələsi gündəmə gəlməlidir.Onun fikrincə, bu, daha mühüm məsələdir.
Deputat Hikmət Babaoğlu bildirib ki, Milli Məclisə seçilən deputatların sayı Konstitusiya ilə müəyyən edilir: “Hazırda qüvvədə olan Konstitusiyamızın 82-ci maddəsinə görə, bu say 125 nəfər müəyyənləşdirilib. Ona görə də əgər sayın artırılması lazımdırsa, o zaman Konstitusiyaya dəyişiklik edilməlidir. Bu da yalnız ümumxalq səsverməsi, referendum yolu ilə həyata keçirilə bilər. Əgər Azərbaycan Respublikası deputatlarının sayının artırılması ilə bağlı ictimai-siyasi sifariş yaranarsa və bu ictimai zərurət halına gələrsə, əlbəttə ki, bu mümkündür, bu hadisə referendumun keçirilməsini gündəmə gətirə bilər”.
H.Babaoğlu Konstitusiyanın 96-cı maddəsinə diqqət çəkib. Qeyd edib ki, həmin maddədə göstərilib ki, 40 min səsvermə hüququ olan seçici sayı ilə qanunvericilik təşəbbüsü ilə çıxış etmək mümkündür: “Qırx min seçici hər hansı məsələ ilə bağlı Milli Məclisə qanun layihəsi təqdim edib qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Düşünürəm, deputatların sayının artırılması mümkündür. Bunun üçün Konstitusiyanın 82-ci maddəsində dəyişiklik edilməlidir”.
AMİP Ali Məclisinin sədri, politiloq Rəşad Bayramov Konstitusiyanın V fəslinin Qanunvericilik hakimiyyəti bölməsindəki 82-ci maddəyə diqqət çəkərək, qeyd edib ki, Konstitusiyanın bu müddəası 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi Konstitusiyanın müddəasıdır. O ildən sonra keçirilən referendumlarda bu maddəyə hər hansı düzəliş, əlavə və dəyişiklik edilməyib. Orada da Milli Məclisin 125 deputatdan ibarət olduğu göstərilir.
R.Bayramov bildirir ki, Milli Məclisin 125 deputatdan ibarət formalaşması ilə bağlı Konstitusiya qəbul olunanda ölkə əhalisinin sayı 7 milyondan az idi. İndi isə faktiki olaraq ölkədə 10 milyondan artıq əhali var. Bu, bir deputata düşən seçici sayının avtomatik olaraq daha çox olmasını şərtləndirir.
R.Bayramov hesab edir ki, bir deputatın təbii olaraq, bu qədər insanla təmasda olması, bu qədər insanın problemləri ilə tanış olub, bu istiqamətdə addımlar atmasını mümkünsüz edir. O, bu mənada hesab edir ki, ötən dövr ərzində əhalinin sayında olan artım, avtomatik olaraq Milli Məclis üzvlərinin sayının artırılmasını tələb edir: “Konstitusiya dəyişiklikləri həyata keçirilməli və idarəetmə, inzibati dəyişikliklərlə yanaşı, qanunverici hakimiyyətin formalaşması üzrə də dəyişikliklərin edilməsi vacibdir. Burada iki məqam var: biri ondan ibarətdir ki, ümumiyyətlə, Milli Məclis deputatlarınn sayı artırılmalıdır. Əgər say hesabı ilə götürsək, 25 faizə yaxın artım varsa, bu, avtomatik Milli Məclis üzvlərinin, ən azı, 150 nəfər olmasını şərtləndirir. Qeyd edim ki, Konstitusiyanın bu müddəası qəbul olunanda paralel olaraq proporsional seçki sistemi də mövcud idi. Hesab edirəm, həmin sistemə qayıdışın özünü də təmin etmək lazımdır. Həm proporsional, həm də mojaritar – qarışıq seçki sistemi əsasında seçkinin keçirilməsi daha doğru, daha əhəmiyətli olardı”.
R.Bayramov qeyd edir ki, partiyaların siyasi proseslərdə yerini və rolunu artıra biləcək ən böyük faktorlardan biri proporsional seçki sisteminin tətbiqidir: “Proporsional seçki sistemi həm partiyaların üzərinə məsuliyyət qoyur, həm də partiyaların güclənməsini təmin edir. Partiyaların güclənməsi isə ümumiyyətlə, ölkədə siyasi sistemin güclü olmasına gətirib çıxarır. Eyni qaydada mojaritar seçki sisteminin də özünəməxsus üstünlüklıəri var. Nəzərə alsaq ki, Azərbaycanda hamı bu və ya digər partiyalarda təmsil olunmur, əhalinin böyük çoxluğu bu və ya digər partiyalarda deyil, məhz tərəfsiz olaraq seçkilərə qatılırlar, o zaman mojaritar seçki sisteminin hansısa say etibarilə saxlanılması effektlidir. 175 nəfərdən ibarət Milli Məclisin formalaşması və üzvlərinin müəyyən faizinin proporsional seçki əsasında seçilməsi ən düzgün və effektiv yol olardı. Ümid edirik, gözənilən, amma hələ də həyata keçirilməyən Konstitusiya islahatları zamanı və referendumda bu məsələ də müddəlarda əksini tapacaq”.