Diabet xəstələrinin sayı artır

13:32 22.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı artır. Hazırda əhalisi arasında ən çox diabet xəstəsi olan ölkə Pakistandır. Pakistan əhalisinin 30,8 faizi diabetdən əziyyət çəkir. Bu siyahıda ilk onluqda Küveyt 24,9 faiz, Misir 20,9 faiz, Qətər 19,5 faiz, Malayziya 19 faiz, Səudiyyə Ərəbistanı 18,7 faiz, Meksika16,9 faiz, Türkiyə14,5 faiz, Banqladeş 14,2 faiz, Şri Lanka isə11,3 faizlə qərarlaşıb.

Yeri gəlmişkən, son 10 ildə Azərbaycanda da şəkər xəstələrinin sayı, təxminən, 3 dəfə artıb. Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda hazırda qeydiyyatda olan şəkər xəstələrinin sayı 320 mindən çoxdur. Bu rəqəm 2010-cu ildə 120 min təşkil edib. Müxtəlif araşdırmalara görə, dünya ölkələrində də şəkərli diabet xəstələrinin sayı artır. Artım sürəti Azərbaycandakı qədər deyil. Dünya Diabet Federasiyasının məlumatına görə, 2011-ci ildə Gürcüstanda hər 1 000 nəfərə 104 diabet xəstəsi düşürdüsə, bu rəqəm Azərbaycanda 167 idi.  2021-ci ildə isə bu rəqəm Azərbaycanda 397.1, Gürcüstanda 190.6 təşkil edib. Federasiyanın 2045-ci ilə olan təxminlərinə görə, Azərbaycanda bu rəqəm 573-ə qalxacaq, amma Gürcüstanda 179.1 təşkil edəcək.

Məlumat üçün vurğulayaq ki, Azərbaycanda şəkər xəstələrinin müalicəsi dövlət tərəfindən qarşılanır. Belə ki, “Şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Dövlət Proqramına əsasən, şəkərli diabet xəstələrinin illik tibbi yardım, zəruri müayinələr, insulin və digər şəkərsalıcı dərman preparatları ilə təmin edilməsi dövlət büdcəsi hesabına həyata keçirilir. Buna görə də hər il dövlət büdcəsindən şəkərli diabet xəstələrinin sayına uyğun olaraq vəsait ayrılır. 2024-cü ildə şəkər xəstələrinin müalicəsinə 58,3 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinin açıqlamasına əsasən, 2024-cü ildə şəkərli diabet üzrə tədbirlərə 58,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il eyni məqsədlə 53 milyon manat ayrıldığını nəzərə alsaq, 5,3 milyon manat və ya 10 faiz artım deməkdir. 2018-ci ildə isə bu rəqəm 36 milyon manat olub.

Bəs, görəsən, ölkəmizdə şəkərli diabetdən əziyyət çəkən xəstələrinin sayının artmasına səbəb nədir?

Mövzu ilə bağlı Azərbaycan Diabet Liqasının sədri, həkim-endokrinoloq Yeganə Sultanova bildirib ki, son illər diabet xəstələrinin sayında artım təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Bu xəstəliyin əsas yayılma səbəbi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, piylənmədir.

Onun sözlərinə görə, bu əsasən ikinci tip şəkərli diabet xəstələrinə aiddir: “Bu gün şəkər xəstələrinin 85 faizini ikinci tip diabetli xəstələr təşkil edir. Təbii ki,şəkərli diabetin qarşısını almaq üçün düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmaq vacib amildir”.

Y.Sultanova şəkərli diabetin erkən aşkarlanmasının vacib olduğunu söyləyib: “Məsələn, Azərbaycan Diabet Liqası 2014-cü ildə 1200 nəfəri müayinə edərək onlardan 235 nəfərində ikinci tip şəkərli diabet aşkarladı. Bundan sonra onlar Respublika Endikrinoloji Mərkəzə yönləndirildi. Əslində, bu insanların çoxu şəkər xəstəsi olduğundan xəbərsiz idi. Ona görə də şəkərli diabetin erkən aşkarlanması olduqca vacibdir”.

Y. Sultanova bildirir ki, xəstəlik erkən aşkarlandıqda vaxtında müalicə ağırlaşmalardan qoruyur: “Digər hallarda xəstələr ağırlaşdıqdan sonra diabet xəstəsi olduqlarından xəbər tuturlar ki, bu da yanaşı xəstəliklərin yaranmasına gətirib-çıxarır. Belə xəstələrdə ürək qan-damar xəstəlikləri, insult, gözün görmə qabiliyyətinin itmısi, böyrək funksiyalarının itirilməsi ilə nəticələnir”.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, xəstəliyin yaranmasında həm də irsi faktor rol oynayır: “Şəkərli diabetli xəstələrin sayı təkcə Azərbaycanda yox, dünyada artmaqdadır. Diabetin birinci növü daha çox anadangəlmə, həmçinin, müxtəlif səbəblərlə bağlı insulindən asılı olur. İkinci tip daha çox həyat tərzinə bağlıdır, amma burada da irsi faktorlar rol oynayır. Orqanizmə daxil olan qida ilə sərf olan kalori arasında balans olmayanda, orqanizmdə həddən artıq depolaşma baş verəndə, çəki artanda və tədricən mübadilə pozulduqda bədəndə insulin rezistenliyi baş verir. Bu da şəkərə gedən yol – ilk addımdır. Bu xəstələr yetərincə çoxdur”.

O, insanlar arasında artan tənbəlliyin, passiv həyat tərzinin də bu xəstəliyə yol açdığını qeyd edib: “İnsanlar arasında tənbəllik artıb, yağlı, şirin qidaların qəbulu çoxalıb. İnsanlar çox yeyib, az hərəkət edirlər. Bu, şəkərli diabetin əsasında dayanan faktorlardır. Bunun həll yolu kütləvi idmandır, insanların fəallığını artırmaqdır ki, biz bunu arayıb tapmalıyıq. Əks halda, dünyada olduğu kimi bizdə də bu tendensiya davam edəcək. Şəkərli diabetli xəstələrin olmasının bir neqativ cəhəti ondan ibarətdir ki, bu, əmək qabiliyyətinin enməsi ilə müşahidə olunan xəstəlikdir. Xəstə əmək qabiliyyətini itirdikcə dövlət, ölkə və özləri üçün problem yaradır. Həm ölkəyə iqtisadi zərər, həm də büdcəyə əlavə yük olurlar. İnsan şəxsi əmək qabiliyyətini itirdikcə, daha çox faydalılıq əmsalını da itirir. Hər birimiz sağlam həyat tərzi keçirmək, yaşamaq üçün düşünməliyik. Bundan başqa, pis vərdişlər, siqaret çəkmək, aşırı alkoqol qəbulu da şəkərli diabetin baş verməsinə, onun inkişafına, onun tez ortaya çıxmasına səbəb olan amillərdəndir”.