"Prezident İlham Əliyevin BMT-nin yüksək tribunasında etdiyi çıxış həm tarixi, həm də strateji əhəmiyyət daşıyır. Dövlət başçımız bir daha dünya ictimaiyyətinə açıq şəkildə xatırlatdı ki, BMT və onun təsisatları Azərbaycanın rayonlarının 30 il ərzində işğalına laqeyd qaldı. Halbuki bu təşkilatın əsas missiyası beynəlxalq sülhü və ədaləti qorumaqdır. Təəssüf ki, həmin illər ərzində Azərbaycanın haqlı səsi eşidilmədi, qətnamələr icra olunmadı".
Bu fikirləri hafta.az-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, Prezident ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə, daha doğrusu, fəaliyyətsiz qalmaqla işğalın uzanmasına səbəb olmasına xüsusi diqqət çəkib:
“ABŞ-da üçtərəfli razılaşmadan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinin sona çatmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu isə Azərbaycan diplomatiyasının açıq və prinsipial mövqeyinin göstəricisidir. Ən vacib məqamlardan biri isə Xəzərin ekoloji vəziyyəti ilə bağlı səsləndirilən xəbərdarlıq oldu. Prezident İlham Əliyev bu məsələnin təkcə region ölkələrinin deyil, bütövlükdə qlobal ekoloji təhlükəsizliyin bir hissəsi olduğunu vurğuladı. Xəzərin ekoloji dəyişikliyə məruz qalması və bunun ciddi təhlükəyə çevrilməsi artıq beynəlxalq müzakirələrin mərkəzinə çıxarılmalıdır. Bu, dövlətimizin gələcəyə baxışının, ekoloji məsələlərdə də lider mövqedə olmasının bariz nümunəsidir.
Bir sözlə, Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı həm Azərbaycanın tarixi ədalət uğrunda mübarizəsini bir daha dünyaya xatırlatdı, həm də qlobal gündəliyə yeni, həyati əhəmiyyətli mövzular gətirdi. Bu çıxış Azərbaycan diplomatiyasının gücünü, prinsipiallığını və dövlətimizin strateji baxışını nümayiş etdirir".