Dmitri Kuleba: “Antalyada Lavrovun burnuna yumruq vurmaq istədim”

09:27 17.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, hərbi müdaxilənin ilkin mərhələlərində görüşdüyü rusiyalı həmkarı Sergey Lavrovun sifətinə yaxşı bir yumruq atmaq istəyib.

Hafta.az-ın yazdığına görə, Dmitri Kuleba bu sözü ukraynalı videobloqerlə bir saatlıq qeyri-rəsmi müsahibəsində verib və bazar ertəsi dərc edilib.

“Ən çətin söhbətlər elə söhbətlərdir ki, gedib qarşı tərəfin burnuna yumruq vurmaq istəyirsən, amma həqiqətən bacarmırsan”, - deyə nazir bildirib.

“Deyərdim ki, bu, iki-üç dəfə olub. Onlardan biri Lavrovla 2022-ci ilin yazında Antalyada görüşərkən olub”, - nazir əlavə edib.

Lavrov və Kulebanın başçılıq etdiyi nümayəndə heyətləri 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qoşun yeritməsindən qısa müddət sonra bir neçə raund görüş keçirib. İlk görüşlər Ukraynanın Belarusla sərhədi yaxınlığında, daha sonra isə Türkiyədə raund görüşlər keçirilib.

O zaman Kuleba Türkiyədəki danışıqları çətin adlandırıb və bəyan edib ki, onlar atəşkəs və humanitar yardım dəhlizlərinin tənzimlənməsi məsələlərini müzakirə edirlər.

Moskva rəsmiləri Kulebanın Lavrovu “yumruqlamaq” istəməsi ilə bağlı dediklərini potensial təbliğat fürsəti kimi qiymətləndiriblər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “İzvestiya” qəzetində dərc olunan şərhində bildirib ki, bu sözlər Ukraynanın “savadsız, aqressiv insanlar” tərəfindən idarə edildiyini göstərir.

Vladimir Zelenski administrasiyası Rusiyanın təxminən iki il davam edən müharibədə ələ keçirdiyi ərazilərdən heç birini saxlamasına imkan verəcək atəşkəs və ya sülh sazişini qəbul etməyəcəyini desə də, Türkiyədəki danışıqlardan sonra heç bir danışıqlar aparılmayıb.

Ukrayna bunun əvəzinə 2014-cü ildə Rusiya tərəfindən qeyri-qanuni ilhaq edilmiş Krım yarımadası da daxil olmaqla bütün Ukrayna ərazilərinin geri qaytarılmasını nəzərdə tutan 10 bəndlik sülh planını təqdim edib.