Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edilir

12:39 06.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) bu qurumun Akademiyasına qəbul elan edir.

DSX-nin mətbuat mərkəzindən hafta.az-a bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaq.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.

Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər ərizə, anket (soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir), tərcümeyi-hal, özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri, attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış, orta ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiqlənmiş surəti, yaşayış yerindən arayış, doğum haqqında şəhadətnamənin surəti, valideynlərin nikah haqqında şəhadətnaməsinin surətini və, qırmızı fonda baş geyimsiz çəkilən 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkili təqdim etməlidirlər.

DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları hərbi xidmətdə olmayanlar üçün 2022-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır. Hərbi xidmətdə olanlar üçün DSX Akademiyasına qəbul edildiyi tarixədək 23 yaşı tamam olmamalıdır. Müraciət edən şəxslər tam orta və ya orta ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər DSX-nin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələ¬rinə təqdim edilməlidir. Əlaqə nömrələri: 012 372–16–20, 012 493-62-47.

Sənədlərin qəbulu martın 30-dək davam edəcək.