Dünya kitabları 16 sütunlu çatı altında - Reportaj

20:05 21.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik yanında Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə təşkil olunmuş səfər çərçivəsində Ankarada turistlərin görmək arzusunda olduğu bir məkana baş çəkdim. Söhbət Beştəpədə yerləşən Türkiyənin Prezident Sarayı yanında Millət Kitabxanasından gedir. Prezident Külliyyəsində tikilmiş bu kitabxana ərazisinə və kitab sayına görə dünyanın ən böyük kitabxanalarından sayılır.

Haradasa 125 min kvadratmetr əraziyə malik kitabxananın oxu salonları eyni vaxtda 5 min oxucu tutumuna, eləcə də 500 nəfərlik konfrans salonuna, sərgi salonuna malikdir. Burada 134 dildə 2 milyon kitab, 550 min e-kitab, 12,5 min jurnal, 60 min e-jurnal, 6,5 milyon elektron tezis, 150 milyona yaxın məqalə saxlanılır. Kitabxana orjinal – bir az Səlcuqlu, bir az Osmanlı, bir az da müasir ornamentləri özündə əxs etdirən üslübda inşa edilib. Kitabxananın qübbəsi 16 türk dövlətini əks etdirən eyni sayda sütun üzərində qurulub.

Maraqlısı odur ki, Prezident külliyyəsində yerləşməsinə baxmayaraq, bu kitabxanadan hər bir vətəndaş rahatlıqla istifadə edib, yararlana bilər. Eyni zamanda, kitabxanaya gəlmədən elektron bölməni seçməklə 550 minlik elektron kitab bazasına baxmaq da mümkündür. Məhz kitab fondunun möhtəşəmliyi buranı dünyanın ən böyük kitabxanası kimi tanınmasına imkan verir.

Kitabxananın cahannüma, nadir əsərlər, araşdırma, gənclik, səs və görüntü, müddətli yayımlar, oxuma və Nəsrəddin Xoca uşaq salonları, eləcə də təhsil mərkəzi, konfrans salonu mövcuddur. Kitabxananın ən fərqli cəhəti odur ki, bura gələn oxucu körpə uşaqlıdırsa, 2-ci və 4-cü mərtəbələrdə uşaqlara baxın otağı mövcuddur. Onlar öz körpələrini həmin otaqda işləyən ixtisaslı və təcrübəli baxıcılara əmanət edə bilərlər.Eləcə də, 6-cı qatda yeməkxana yerləşir. Amma əlbəttə, biz kitabxanada olarkən pandemiya şərtlərinə əsasən bu bölmə fəaliyyət göstərmirdi.

Kitabxananın sərgi salonu çox maraqlıdır. Burada Mustafa Kamal Atatürkün iş otağı elə qurulub ki, guşəni izləyən adam sanki o dövrə səyahət edir, canlı şəkildə ulu Atatürklə görüşür. Başqa guşələrdə Atatürkün üst geyimləri, kostyumları və sair sərgilənir.

Burada 1923-cü il iyulun 24-də imzalanmış Lozan Sazişinin mətni və möhürlənmiş hissəsi turistlərə göstərilir. Bələdçimizin dediyinə görə, sənədin əsl və tam surəti Parisdə – Fransa Xarici İşlər Nazirliyinin Arxivində mühafizə olunmaqdadır. Sərgidə həmçinin Qurtuluş savaşı dövrünün silah-sursat nümunələri, telefon və teleqraf vasitələri, qan ləkəli Cümhuriyyət bayraqları və sair sərgilənməkdədir.   

“Azərbaycandan kitab gözləyirik…”

Bu arada, Cümhurbaşqanlığın Kitabxanalar Dairə başqanı Ayhan Tuğlu ilə ayaqüstü qısa söhbət də etdik. Cənab Tuğlu deyir ki, kitabxanaya gələn oxucular öz avtomobillərini xüsusi olaraq inşa edilmiş 2,4 min yerlik dayanacaqda saxlaya bilərlər.

“Ola bilər oxucu nun kitabxanaya üzvlük kartı olmasın, amma kimlik kartı ilə gələ bilər. Yuxarıda yeməkxanada 16 növ içki, kekslər təqdim edilir, özü də pulsuz. Təəssüf ki, indi pandemiya şəraiti olduğu üçün bağlıdır. Kitabxana ilboyu 24 saat oxucuların ixtiyarındadır. İndi pandemiyaya görə məhdudiyyətlər qoyulub. Ona görə də həftə içi 5 gün olmaqla, səhər saat 9.15-dən axşam saat 17.45-dək çalışırıq” deyən A.Tuğlu bir maraqlı məqama da toxundu. Dedi ki, hazırda kitabxanada dünyanın əksər dillərində nəşr edilmiş kitablar mövcuddur. Özü də onların çoxunu bura gələn xarici dövlətlərin Türkiyədəki səfirləri hədiyyə ediblər. “Amma təəssüf ki, hazırda kitabxananın ehtiyyatında Azərbaycan dilində kitabların kasadlığı var. Bu bizi narahat edir. Yaxşı bilirik ki, Can Azərbaycan zəngin kitab ehtiyyatına malikdir və istərdik qardaş ölkədə yayımlanan həmin kitabların nüsxələri bizim kitabxanada olsun. Bura gələn oxucular Azərbaycan bölməsini zəngin görsünlər”, - dedi müsahibimiz.  

 

A.Tuğlu deyir ki, kitabxanaya online formada üzv olmaq mümkündür. Bu yaxınlıarda elektron mənbələr də açılacaq ki, online formada oxuculara xidmət etsin. Amma ilk başda online üzvlük məhdud sayda olacaq, sonradan artırılacaq. “Burada 1940-cı ildən üzübəri çap olunmuş bütün kitablara rast gəlmək mümkündür. Ümumiyyətlə, qaydalara əsasən, ölkə ərazisindəki bütün mətbələrdə nəşr edilən kitablardan nüsxələr mütləq bizə göndərilir. Şəxsən dünən nəzər saldım arxiv yaddaşına, hazırda 120 fərqli ölkədən 137 dildə kitablar var fondumuzda. Əlbəttə, çoxu türkcədir, amma yenə deyirəm, istənilən dildə əsəri kitabxanamızda tapıb oxuya bilərsiniz. Bayaq dediyim kimi, A-dan Z-yə düzülmüş formada hər bir ölkəyə aid bölüm mövcuddur kitabxananın beynəlxalq  bölümündə. Hansı ki, orda Azərbaycan bölümü də mövcuddur” deyən çmüsahibimizə görə, istər türkiyəli olsun, istərsə də əcnəbi, kitabxanaya istənilən şəxs kitab hədiyyə edə bilər. Hətta məzmun və janr baxımından asılı olmayaraq, bütün kitablar qəbul edilir.

Bu yerdə qeyd edim ki, belə original kitabxanaları mən İranda, Misirdə görmüşəm və əlbəttə, çox ölkədə var. Ölkələrin bir-birindən örnək götürdüyü bu cür arxitektura inciləri davamlı olaraq başqalarını cəlb etməkdədir. Bəs içində olduğumuz bu kitabxananın modelindən hansısa başqa ölkə istifadə etmək istədimi? A.Tuğlu deyir ki, bəli. Özbəkistanda böyük və müasir kitabxana tikilməlidir və onlar Millət kitabxanasının modelinə maraq göstərirlər. O ki qaldı, kitabxanada istifadə edilən sistemə, bu zatən dünyanın öndə gedən ölkələrinin kitabxanalarında istifadə edilir, yəni beynəlxalq sistemdir.   

 

Bakı-İstanbul-Ankara

Oxunma sayı 2655