Dünyada 3 milyard 160 milyon dozadan çox COVID vaksini vurulub

20:53 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 3 milyard 160 milyonu ötüb.

Hafta.az vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 1 milyard 280 milyon doza ilə dünya ölkələri arasında birinci yerdədir. İkinci və üçüncü yerlərdə qərarlaşan Hindistanda 344 milyon 610 min, ABŞ-da 328 milyon 810 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (102 milyon 780 min), Böyük Britaniya (78 milyon 250 min), Almaniya (75 milyon 780 min), Fransa (54 milyon 480 min), İtaliya (52 milyon 680 min), Türkiyə (52 milyon 136 min) və Meksika (46 milyon 450 min) daxildir.

Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə isə birinci yerdə Birləşmiş Ərəb Əmirlikləri (155,99) qərarlaşıb. Bu göstərici üzrə ilk beşlikdə, həmçinin Malta (152,88), Seyşel Adaları (140,92), San-Marino (131,17) və İslandiya (127,58) yer alır. Ümumilikdə 13 ölkədə əhali sayından çox vaksin dozası vurulub.