Dünyanın ən gözəl şəhəri - İzmir - Reportaj

15:24 23.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səhər tezdən təyyarədən İzmirə enəndə sanki yaz havası vardı. Hansı ki, cəmi 1 saat əvvəl Ankaranın qarlı-şaxtalı küçələrində az qala donurduq. Günəşin ilıq şəfəqləriylə bəzənən İzmir havasını ciyərlərimə çəkib, küçədə bizi gözləyən avtobusla Akdəniz Məhəlləsinə - qalacğım otelə səmt aldım.

Otelimiz Qaziosmanpaşa bulvarında – dəniz sahilinin (Kordon) əlli addımlığında yerləşirdi. Olduqca gözəl yerdi, küçələrin ətrafını saran ağaclar, xüsusilə də xurma palmaları qışın bu vaxtında yaşıl şələ yarpaqlarıyla şəhərin gözəlliyini ikiqat artırır. Hara baxsan gül-çiçək görürsən, küçələr də ki, necə deyərlər, elə gül kimi də təmiz. Qısası, bu şəhər dünya miqyasında turistlər üçün əsl görməli-gəzməli yerdir. Zatən biz qardaş ölkəyə Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik yanında Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə təşkil olunmuş səfər çərçivəsində gəlmişdik ki, bu möcüzələr ölkəsinin gözəlliklərini, turizm potensialını Azərbaycanda təbliğ edək. Amma həqiqətən də, Türkiyənin hər qarışı tarix, təbiəti rəngarəng, insanları qonaqpərvər, xidmət də ən üst səviyyədədir. Bir sözlə, bu ölkəyə gəlməyə dəyər...

Otağıma yerləşib, tez də şəhəri gəzməyə çılxdım. Təbii ki, İzmirə gələn bütün turistlər kimi mən də ilk olaraq dünyaşöhrətli Saat qülləsinin yerləşdiyi Konak meydanına üz tutdum.

Zamanla görüşülən yer

Saat qülləsinin yerləşdiyi Konak meydanına çatanda, ərazidə sözün əsl mənasında izdiham vardı. Kimi meydan boyunca səliqəylə düzülmüş oturacaqlarda oturub dincəlir, söhbət edir, kimlər də ki, beşaddımdan bir oturub buğda satan alverçi xalalardan aldıqları dəni meydana gözəllik verən al-əlvan göyərçinlərə yedirirdi. Hələ bir-birinə fürsət vermədən, Saat qülləsinin fonunda şəkil çəkdirənləri demirəm. Əslində onları qınamıram da, İzmirə gələsən, Saat qülləsinin önündə xatirə şəkli çəkdirməyəsən, mümkün deyil. Elə mən də, qonşudan qalma geri deyib iki-üç şəkil çəkdirib, gəzişməyə başladım.

Valilik binasının tam qarşısında yerləşən bu əzəmətli abidənin tarixindən söz açan bələdçimiz Orçun bəy deyir ki, Saat qülləsi 1901-ci ildə, o zamankı İzmir valisi Kıbrıslı Kamil Paşa və bələdiyyə sədri olmuş Əşrəf Paşa tərəfindən Osmanlı padşahı sultan II Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümü münasibətilə tikilib. “Gördüyümüz kimi, 25 metr hündürlüyündə, səkkizguşəli və dörd qatlıdır. Əsasən Şimali Afrika və Əndəlüs memarlığında tikilib” deyən Orçun bəyin sözlərinə görə, qüllənin saatı Almaniya imperatoru II Vilhelm tərəfindən hədiyyə olunub. İzmirli memar, amma fransız əsilli Raymond Çarles Perenin tikdiyi abidədə istifadə edilmiş yaşıl və qırmızı mozaiklər Efesdən, əsas gövdəyə hörülmüş daşlar isə Sarayköydən gətirilib.

Bu yerdə qeyd edim ki, Saat qülləsi ilə eyni vaxtda tikilmiş səkkizguşəli hovuz sıradan çıxaraq dağılıb, günümüzə gəlib çatmayıb.

Saat qülləsi 1928 və 1974-cü illərdə baş vermiş şiddətli zəlzələ zamanı böyük zərər görüb. Hətta 1974-cü il zəlzələsi zamanı qüllənin saatı yer titrəyişlərinin başladığı anda - saat 02.04-də dayanıb. Amma iki il davam edən təmir nəticəsində həm qüllə bərpa olunub, həm də saat işlək vəziyyətə gətirilib.

Günçıxan tərəfdən dəniz suları ilə əhatə olunan meydanın qarşı tərəfində İzmir valiliyinin 1868-1872-ci illərdə tikilmiş binası – tarixi Konak yerləşir. Tarixi dəyəri və günümüzdəki inzibati fəaliyyəti ilə yanaşı, Konak həm də 1922-ci il sentyabrın 9-da şəhərdə ilk dəfə al-qırmızı türk bayrağını göylərə çəkməklə də yaddaşlarda qalıb.

Konak meydanın bir tərəfində - Kütahya çiniləri ilə süstlənmiş Yalı camenin solunda isə 1919-cu il may ayının 15-də öldürülmüş, İzmirin azadlıq mübarizəsini başlatmış jurnalist Hasan Tahsinin xatirəsinə 1974-cü ildə ucaldırmış “İlk kurşun” abidəsi bura gələnləri salamlayır.

Bu arada, bələdçimiz Orçun bəy qəhrəman jurnalist haqqında maraqlı bir hekayə də danışdı. Deməli, Hasan Tahsin milli mübarizənin başlanğıcında - 1919-cu il may ayının 15-də Konak meydanında irəliləyən yunan əsgərlərə ilk gülləni atıb. Təbii ki, düşmən cavab atəşi açaraq onu elə oradaca şəhid edir. İndiki bir əlində tapanca, digər əlindəsə türk bayrağını tutan qranit abidə məhz onun şəhid edildiyi yerdə ucaldılıb.

Tacirlər şəhərciyi – Kəməraltı

Kəsmə qara daş döşənmiş yerdə buğda dimdikləyən, artıq insanlardan qətiyyən qorxub-çəkinməyən göyərçin topalarını yararaq valilik binasının önünə gəldik. Orçun bəy dedi ki, sağdakı küçə İzmirin və hətta Türkiyənin ən məşhur, ən gəzib-görməli və təbii ki, qiymətləri də hər yerdəkindən daha münasib olan qədim Kəməraltı (qapalı, üstü örtülü mənasını verir – V.T.) çarşısına aparır. Çox sevindim, belə razılaşdıq ki, saatyarımdan sonra elə buradaca – Saat qülləsinin altında olaq.

Kaş ki, saatyarımlıq vaxta razılaşmayaydım. Bu bazar nə qədər böyük, nə qədər rəngarəngmiş... İçində küçələr, dalanlar, camesi, yeməkxanaları – sanki böyük bir qəsəbəyə girmişdim. Düzdür, pandemiya şəraitindən dolayısı o qədər də basabas deyildi, amma burada normalda necə böyük qələbəliyin olduğunu təsəvvür etmək çətin deyildi.

Konak meydanından Məzarlıqbaşı deyilən yerədək böyük bir bölgəni ticarət dünyasına qatan çarşının əsas yolu Anafartalar küçəsidir və çarşıdakı digər yolların hamısı demək olar ki, bura bağlanır. Qapalı və açıq hissələrdən ibarət çarşıda nələr yoxdur: ənənəvi türk əl işlərindən keramikalar, toxunmuş və tikili məhsullar, çini qablar, mətbəx üçün lazım olan hər şey, geyim-kecim, ayaqqabı, xalça-palaz, dəridən tikilmiş məhsullar, taxtadan hazırlanmış əşyalar, “Şəkərçi” adlanan bölümdə bir-birindən nəfis türk şirniyyatları, qəhvə və çay... Ümumiyyətlə, Egey mətbəxini görmək-dadmaq istəyən mənim kimi hər bir nabələdin bu çarşıya girməsi kifayətdir. Çünki məhz burada məhsullarını satmaq istəyən satıcılar, alıcılara çeşid-çeşid şirniyyatlar, çay və ya türk qəhvəsi, şərbətlər ikram edirlər.

Bu arada, qeyd edim ki, Kəməraltı çarşısının tikilmə tarixi 1600-cü illərədək uzanır. Ən maraqlı cəhəti isə budur ki, çarşı 4 əsr əvvəl necə dizayn edilibsə, günümüzdə də təxminən o cür qalır. Burada 400 il tarixi olan cameləri, bulaqları, hamamları, o dövrün arxitekturasında tiikilmiş dükanları və sair görmək mümkündür. Haradasa 5 kvadratkilometrlik ərazisi olan bazarda ümumilikdə 15 min nəfər çalışır. Məhz bu özəlliyinə görə hazırda dünyanın ən böyük açıq alış-veriş məkanı olaraq bilinməkdədir. Çarşının ərazisinə əsas yollar mən gələn tərəfdən - Konakdan, bir də qarşı tərəfdən – Çankayadan başlayır. Əlbəttə, başqa bir neçə giriş də var.

“Yaşayırıqsa, çörəyimizi qazanmalıyıq”

Çarşıda kostyum satılan bir dükanda maraqlı dialoqum da oldu satıcı ilə. Deməli, diqqətimi çəkən bir məhsulun qiymətini soruşdum, özü də təmiz Azərbaycan türkcəsində.

Satıcı – onun təxminən 65-66 yaşı olardı – ləhcə fərqindən sanki duruxdu, amma özünü o yerə qoymadan tez də sözə başladı:

- Azərbaycandan gəldinizmi? – gözləri güldü.

- Hə, Azərbaycandan – Bakıdan, - dedim.

- Can Azərbaycanımız... Xoş gəlib səfa gətirmisiniz. Buyurun içəri, orda almaq istədiyiniz hər şey var, bir az da söhbət edərik, - deyə məni dükana dəvət etdi.

Dükan qədim tikilidə yerləşirdi - otaqlar kiçik, həm də xeyli dar. Amma satıcı dedi ki, heç də darısqallıq deyil, çünki dükan üç qatlıdır. Sonra da məni Qalata qülləsində olduğu kimi, dar və dolama pilləkənlərlə alacağım məhsulların olduğu üçüncü qata qaldırdı.

Seçim edə-edə:

- Azərbaycandan çox qonağım olub. İndi pandemiyadır, gələnlərin sayı azalıb, amma yenə də olur, - dedi. – Naxçıvandan çox tanışım var, bizdən mal alırlar. Ötən ay Təbrizdən də gəlmişdilər, çox istiqanlı idilər.

Bu yerdə sözünü kəsdim, dedim ki, Təbriz Azərbaycan şəhəridir, amma hazırda İran ərazisidir. Adı Mahmud olan ağsaqqal həmsöhbətim sanki məndən bu sözü gözləyirmiş kimi:

- Onlar İranda yaşayır, amma ürəkləri Azərbaycan üçün döyünür, - dedi.

- Azərbaycanda oldunuzmu, axı ora sizin də vətininizdir...

- Təəssüf ki, olmamışam. Amma oğlum iki il əvvəl gedib Bakıya, Qəbələdə, Nabranda da olub. Qayıdanda o qədər tərifləmişdi ki... Niyyətim vardı getməyə, pandemiya girdi araya, qaldım. Görürsünüz də, yaşlı adamam, səhər gəlib girirəm dükana, maska ağzımda, spirt də hər yerdə, - əli ilə masanın üstündəki iki fərqli qabda spirti göstərdi, - əlacımız yoxdur, yaşayırıqsa, çörəyimizi də qazanmalıyıq. Çörək yoxdursa, yaşamaq da olmaz, - dedi.

Alacağım şeyləri seçmişdim, hər birini ayrı-ayrılıqda qablaşdırdılar.

Sağollaşanda:

- Ayıb olar bizə, əyləşin, mən çay, qəhvə gətirdim, - israr etdi.

Vaxt yox idi, axı saatyarımlığına girmişdim çarşıya. Təşəkkür edib, sağollaşdım...  

Çarşıdan aldığım təəssüratların az bir ismini avtobusda Orçun bəyə danışdım. Saqqallı üzündə təbəssüm parladı. Görünür, İzmiri çox bəyəndiyim üçün o da sevinirdi. Bildirdi ki, təəssüratlarımı zənginləşdirmək üçün indi başqa bir maraqlı tarixi yerə gedəcəyik. Amma hara, sürpriz qalsın dedi.  

 

Hər şey insanlar üçün

Avtobus dar küçə ilə üzüyuxarı burulub bir az getdikdən sonra sağ yandakı dükanın qarşısında dayandı.

Endik. Təxminən dörd-beş qatlı, tarixi görünüşlü yaşayış binalarının arasıyla üzü yoxuşa dalan uzanırdı. Dalanın girişində isə klassik musiqiçi Enriko Makiasın əlində gitara tutmuş halda büstü qoyulub. Digər tərəfdə isə 1921-ci ildə İzmirdə doğulmuş, amma 1968-ci ildə İstanbulda 47 yaşındaykən vəfat etmiş və İsraildə dəfn olunmuş müğənni Dario Morenonun büstü ucaldılıb. Elə Asansörə qalxan qısa küçəyə də onun adı verilib.

Hə, bu da Orçun bəyin sürpriz etdiyi asansör. Azərbaycan türkcəsində lift deyilən asansör adi gördüklərimizdən sadəcə tarixiliyinə, onu yuxarı qaldıran qüllənin arxitekturasına görə fərqlənmir. Həm də mənəvi dəyərinə, tikilməsinin məqsədinə görə seçilir. Elə bu səbəbdən də günümüzdə asansör sadəcə bu tikilinin deyil, bütün bölgənin adıdır.

Qüllənin tarixinə gəlincə, deməli, vaxtilə yuxarı məhəllədən aşağı enən insanlar əziyyət çəkirmiş. Hətta nə vaxtsa bir qadın yıxılıb, qolunu, ayağını əzir. Bunu görən dövrün tanınmış iş adamı, İzmir vilayət məclisinin üzvü və “Bayraklı” dükanlar şəbəkəsinin sahibi, yəhudi mənşəli Nesim Levi 1907-ci ildə şəxsi vəsaiti hesabına asansör qülləsini tikdirir.

Yeri gəlmişkən, bu o Nesim Levidir ki, insanların sağlamlığının qeydinə qalaraq öz şəxsi imarətini xəstəxanaya çevirir. Bildiyimiz məşhur Karataş xəstəxanası məhz bu yəhudi milyonçunun evi olub.

Beləliklə, insanların 155 pilləli pilləkəni enib-qalxmaq kimi əziyyətlərinə son qoyan Nesim Levi, aşağı-yuxarı şaquli hərəkət edən asansör (lift) inşa etməklə, Mithatpaşa küçəsi ilə Şəhid Nihat Bəy prospektini bir-birinə bağlamış olub.

Lap yadımdan çıxmışdı, asansördə günün hər vaxtı yuxarıda haqqında söz açdığımız yəhudi mənşəli musiqiçi Dario Morenonun ifasında ecazkar musiqilər səsləndirilir.

Bu gün İzmirə ayaq basan hər bir turist saymaqla bitməyən gəzməli-görməli yerlərdən biri kimi, bu tarixi tikiliyə mütləq baş çəkir. Ən əsası, çünki asansörün yuxarıdakı eyvanından şəhərin geniş və əsrarəngiz mənzərəsini ürək açıqlığı ilə izləmək və bütün İzmirin fonunda xatirə şəkilləri çəkdirmək olur...

Bakı-İstanbul-Ankara-İzmir

Oxunma sayı 3274