Düşənbədə Buzlaqların Mühafizəsi üzrə Beynəlxalq Konfrans işə başlayıb

09:22 29.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Tacikistanın paytaxtı Düşənbədə mayın 29-dan 31-dək keçiriləcək Buzlaqların Mühafizəsi üzrə Beynəlxalq Konfrans çərçivəsində konfransöncəsi forumlar və əlavə tədbirlər başlayır.

Hafta.az-ın yazdığına görə, çox sayda ölkələrin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin ümumilikdə 2200-dən çox nümayəndəsi, alim və siyasətçinin iştirak edəcəyi konfrans Tacikistan prezidenti Emoməli Rəhmonun təşəbbüsü ilə elan edilmiş Beynəlxalq Buzlaqların Mühafizəsi İli çərçivəsində keçirilir.

Konfransda 8 tematik forum, 18 yan tədbir, 12 tematik sessiya, Buzlaqlar Festivalı, sərgi və 2 plenar iclas keçiriləcək.

Forum Mərkəzi Asiyada su ehtiyatlarının davamlı idarə olunmasının təmin edilməsində kriosfer monitorinqinin əsas roluna həsr olunub. İştirakçılar buzlaqlar və qar örtüyünə dair məlumatların region ölkələri arasında, xüsusən də iqlim qeyri-sabitliyi və artan su qıtlığı kontekstində suyun bölüşdürülməsinə dair qərarların qəbuluna necə kömək edə biləcəyini müzakirə edəcəklər.

Həmçinin bu gün Düşənbədə Tacikistanın kriosferinin tədqiqində nailiyyətlər mövzularında paralel tədbirlər keçiriləcək.

Bu axşam Buzlaqların Mühafizəsi üzrə Beynəlxalq Yüksək Səviyyəli Konfrans çərçivəsində paytaxtın “Növruzgah”ının yanındakı şəlalə meydanında “Buzlağın çağırışı” adlı mədəni proqram təşkil olunacaq, xalq sənətkarlıqlarından ibarət sərgi açılacaq. Sərgidə bacarıqlı ustalar tikmə, toxuculuq, zərgərlik, dulusçuluq, çörək məmulatları və milli xörəklər təqdim edəcəklər.

Bundan əlavə, mədəni proqram çərçivəsində ölkənin aparıcı incəsənət xadimlərinin ifasında tacik milli mahnı və rəqsləri nəzərdə tutulub.

Qeyd edək ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, 2050-ci ilə qədər Mərkəzi Asiyada buzlaqların 50 faizdən çoxu yox olacaq və bu, regionda 64 milyondan çox insanın su və ərzaq təhlükəsizliyini təhdid edəcək. Buzlaqlar əridikcə və qar örtüyü azaldıqca suya çıxışın daha da çətinləşəcəyi, su ehtiyatları uğrunda rəqabətin artacağı, xüsusən də buzlaq suyundan asılı olan icmalara təsir edəcəyi gözlənilir. Bu və digər məsələlər bu gün “Buzlaqların əriməsi dövründə kənd təsərrüfatı: karbon tutma yolu ilə quraqlıq və daşqınlarla mübarizə və buzlaqlardan asılı olan rayonlarda dayanıqlığın yaradılması” mövzusunda keçiriləcək konfransdan öncə keçiriləcək Forumun iştirakçıları tərəfindən müzakirə olunacaq.