Rusiyalı qastroenteroloq Dr. Yekaterina Kaşux qeyd edib ki, duzlu yeməklərə güclü istək hamının fikrincə, sadəcə hamiləliyin əlaməti deyil, həm də ciddi xəstəliklərin xəbərçisi ola bilər.
Hafta.az-ın “Russia Today”a istinadən yazdığına görə, Kaşux deyib ki, “Əvvəlcə bilməliyik ki, duz orqanizm üçün lazımdır. Çünki o, mayeləri saxlamağa kömək edir və sağlam elektrolit balansını qoruyur. Bununla belə, natrium, kalium və kalsium maddələr mübadiləsi prosesinə, vitamin və mineralların udulmasına kömək edir və ən əsası ürək əzələlərinin daralmasını tənzimləyir. Duzlu qidalar yemək istəyinin səbəblərindən biri də susuzluq, yəni orqanizmdə suyun miqdarının azalmasıdır. Bu vəziyyətdə bədən qiymətli mineralları, eləcə də mayeləri itirir və elektrolit səviyyəsinin aşağı düşməsinə səbəb olur. BU halda zəiflik, baş ağrısı, nizamsız ürək döyüntüsü, əhval-ruhiyyənin qəfil dəyişməsi və bəzən qıcolmalar ola bilər”.
Rus həkimə görə, ola bilsin ki, orqanizm duzlu qidalara can atanda elektrolit balansını bərpa etməyə çalışır. Susuzlaşdırma, yüksək temperatur və zəhərlənmə nəticəsində də yarana bilər. Duzlu qidalardan asılılıq, məsələn, premenstrüel sindrom və ya hamiləlik zamanı baş verən hormonal dəyişikliklərlə əlaqələndirilir. Başqa bir ümumi səbəb isə yuxu olmaması, yorğunluq və stressdir.
“İnsan az yatdıqda və ya yuxu pozğunluğu olduqda, həddindən artıq iş yükü ilə üzləşdikdə və ya güclü emosional vəziyyət yaşadıqda, orqanizmin stressə reaksiyasına cavabdeh olan kortizol hormonunun səviyyəsi qanda yüksəlir ki, bu da aclıq hissini yaradır", - Dr. Kaşux bildirib. O əlavə edib ki, bəzi insanlar şirniyyat yeməyə, bəziləri isə duzlu qidalara əl atırlar. Çünki sevimli yeməyi yemək əylənməyin ən asan yoludur. Əgər insan stresin öhdəsindən başqa yolla gələ bilmirsə, yediyi miqdarı idarə etmək çətin ola bilər. “Duzlu qidalara aludəçilik adrenal bezlərin disfunksiyası ilə əlaqəli nadir xəstəlik sayılan Addison xəstəliyi olan insanlarda tez-tez rast gəlinir. Bu xəstəlik bədəndəki maye balansını tənzimləyən kifayət qədər hormon istehsal edə bilməməsinə əsaslanır. Xəstəliyi olan insanlar iştahsızlıqdan şikayətlənir, həddindən artıq arıqlayır, ağızlarında ağrılı xoralar yarana bilər”, - Dr. Kaşux deyib.
Həkim bildiirb ki, digər xəstəlik Bartter sindromudur ki, bu da böyrək funksiyasının pozulması ilə bağlıdır. Bu xəstələrdə orqanizmdə duz və minerallar sidiklə xaric olunduğu üçün orqanizmdə saxlanılmır. Bu xəstəlikdən əziyyət çəkənlərdə aşağı təzyiq, əzələ spazmı, tez-tez sidiyə getmə və böyrəklərdə daş əmələ gəlməsi kimi hallar müşahidə olunur.
Dr. Kaşux fikrini bu sözlərlə yekunlaşdırıb: “Duzdan çox istifadə etməməlisiniz. Çünki artıq duz qan damarlarının, ürəyin, böyrəklərin və beynin fəaliyyətinə mənfi təsir göstərir. Duzlu qidalar qəbul edən insanlar tez-tez yüksək təzyiqdən əziyyət çəkirlər. Bu vəziyyətdə duzsuz pəhrizə riayət etmək daha yaxşı olardı. Əgər buna mane olan həzm problemi yoxdursa, duz yerinə ədviyyat və ya limondan istifadə etmək mümkündür”.