Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatı olan Azərbaycan Yazıçılar Birliyi (AYB) 13 iyun 1934-cü ildə yaradılıb. SSRİ dövründə Yazıçılar İttifaqı adlanan birliyin hazırda 2000-dən çox üzvü var. Birlik üzvlərindən cəmi 11 qələm adamı isə “Xalq şairi” və “Xalq yazıçısı” fəxri adını alıb.
İlk fəxri ad kimə verilib?
Nəzərinizə çatdıraq ki, İlk dəfə Azərbaycanın Xalq yazıçısı fəxri adı erməni əsilli Aleksandr Şirvanzadəyə 1930-cu ildə verilib. Ümumilikdə, sovet hökuməti zamanında Azərbaycan SSR-də 30-dan artıq şəxsə Xalq şairi və Xalq yazıçısı adı verildi.
Mədəniyyət xadimləri üçün ən yüksək titullardan olan “Xalq artisti”, “Xalq şairi”, “Xalq yazıçısı”, “Xalq rəssamı” və bu kimi fəxri adların verilməsi əvvəllər heç də fərdi üstünlük nəzərə alınaraq həyata keçirilmirdi. Müstəqillik illərindən sonra dəyişən bir çox proses kimi bu da öz funksiyasını dəyişdi. İndi xalq tərəfindən sevilən, hörmət və rəğbət bəslənilən, həmçinin mədəniyyətimiz üçün xidmətləri olan şəxslərə belə adlar verilir.
Hafta.az-ın əməkdaşı yazıçılar və şairlər arasında sorğu keçirərək daha hansı yazıçılara və şairlərə fəxri adlar verilməsini istədiklərini öyrənib.
Fəxrə ada qarşı çıxanlar da var, dəstəkləyənlər də...
İlk müsahibimiz olan yazıçı Şərif Ağayar belə adlara ciddi baxmadığını, bu səbəbdən də məsələyə münasibət bildirməyəcəyini söylədi.
Şair Cəlil Cavanşir isə ümumiyyətlə fəxri adlara qarşı olduğunu, belə adların yazıçıya və ya şairə verilməsinin onların boynuna minnət yükləmək, bir növ neytrallaşdırmaq olduğunu bildirdi:
“Hətta dövlət, fəxri adı verən qurum nə isə gözləməsə də, sənət adamı özünü sıxmağa başlayır. Bu baxımdan 11 xalq şairi və yazıçısı da bizə kifayətdir, hətta çoxdur. Ümumiyyətlə, dövlət sovetdənqalma təltif sistemini ləğv etsə, daha azad, daha təmiz mühit yaranar, fəxri ad üçün qapılarda qalanlar da rahat həyatını yaşayar. Qeyd etdiyim kimi, heç kəsin fəxri ad alması mənim üçün maraqlı deyil. Tezliklə "Xalq şairi" və "Xalq yazıçısı" olmayan ədəbi mühit arzusundayam. Bir daha qeyd edirəm, məncə, heç kəsə fəxri ad verilməməlidir. Yüzlərlə titulsuz şair və yazıçı var ki, onlar titullu şair və yazıçılardan daha ciddi, daha məhsuldar və ədəbiyyat üçün daha faydalıdırlar. Bu baxımdan arzulayıram ki, hələ ki, bu adı almış şair və yazıçılar mümkün qədər xalqın adamı olsunlar. Əgər çiyinlərində daşıdıqları yükün fərqində deyillərsə və sənətin mahiyyətini anlamırlarsa, aldıqları fəxri adlardan da imtina etsinlər”.
Şair Vahid Əzizin fikrincə, məsələyə vahid ədəd prinsipi ilə yanaşmaq doğru deyil. Yəni burada sayın heç bir əhəmiyyəti yoxdur. Daha sonra şair öz namizədlərini də dilə gətirdi:
“Mən Baba Vəziroğlu, Xanım İsmayılqızı və Ramiz Qusarçaylını bu sıralarda görürəm. Fikrimcə, fəxri ad alan adamlar, əsil qələm sahibi olmalı, cəmiyyətdə yetərincə hörmət və nüfuz qazanmalıdırlar”.
Gənc və istedadlı yazar Aqşin Evrən də belə fəxri adların əhəmiyyətsiz olduğunu düşünənlər sırasındadır. Yazar hesab edir ki, fəxri adların ləğv edilməsi nə qədər çox müzakirə olunsa da, yaxın 10-15 il üçün bu real görünmür:
“Ümumiyyətlə, xalq şairləri, xalq yazıçıları bir ölkənin ədəbi simasının, mühitinin mətn nöqteyi-nəzərdən formalaşmasında rol oynamırlar. Yəni Azərbaycan ədəbiyyatından bu fəxri adları (şəxsləri yox) çıxarsaq, heç nə itirmərik. Fikrimcə, sovet dönəmində və müstəqilliyin ilk illərində bu fəxri adlar hansısa missiyaya xidmət edirdi. Hazırda bunun funksionallığı sıfır həddinə enib. Bu dəqiqə hansısa xalq şairi, yazıçısı çıxıb cəmiyyətə müraciət etsə, bundan, uzağı, 2-3 min adam xəbər tutacaq. Yeni insan modeli kitabın dediklərinə yox, tiktokun göstərdiklərinə baxır, qulaq asır. Elə xalq yazıçıları var ki, xalq onun heç bir cümləsini belə oxumayıb: şəhərdə sorğu keçirsək, 100 nəfərdən, bəlkə, 2-si tanımaz. Ona görə də yazıçı-şairlərimizin xalqın şairi, yazıçısı olmasını istərdim. Bundan sonra onlara bu fəxri adlar verilsə, o başqa məsələ. O ki qaldı xalq şairi və xalq yazıçısının necə olmasına, məncə, bu lauratın adı özü hər şeyi deyir. Zaman-zaman bu adların ləğv edilməsi məsələsi gündəmə gəlir. Xalq şairi, xalq yazıçısı fəxri adları ləğv edilsə, onda gərək xalq artisti, əməkdar artist kimi adlar da ləğv edilsin. Ədəbiyyatda çox olmasa da, musiqi-film sektorunda bu adları almaq eşqi ilə yaşayan yüzlərlə insan var. Ona görə də yaxın 10-15 ildə bu adların ləğv ediləcəyini düşünmürəm”.
Yazıçı Zahid Xəlil də saytımıza açıqlamasında bu tip fəxri adlara ehtiyac görmədiyini söylədi.
Qələm adamlarının açıqlamalarından belə aydın oldu ki, bugün fəxri adların verilməsi gənc nəsillə yanaşı yaşlı nəslin nümayəndələri üçün də böyük maraq daşımır.
Fəxri ada görə nə qədər pul verilir?
Bəs, “Xalq şairi” və “Xalq yazıçısı” fəxri adları hansı meyarlar nəzərə alınaraq müəlliflərə təqdim edilir?
Hafta.az-ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinə (AYB) sorğu ünvanladı. AYB-in mətbuat katibi Xəyal Rza açıqlamasında bildirdi ki, Xalq yazıçısı və Xalq şairi adının verilməsinə Yazıçılar Birliyi təqdimat verir. Buna qərar verən ölkə rəhbərliyidir. Təqdimat olmadan da bu adlar verilə bilər.
X.Rzanın sözlərinə görə, təqdimatlar kifayət qədər tanınan, bilinən, əsərləri oxunan şəxslər nəzərə alınaraq hazırlanır:
“Misal üçün, ən son bu adı alanlardan və təqdimatı Yazıçılar Birliyi tərəfindən verilən Ramiz Rövşənin adını çəkə bilərəm. Təbii ki, belə bir şərt yoxdur ki, yazıçı və şair mütləq fəxri ad almaq üçün Yazıçılar Birliyinin üzvü olmalıdır”.
Qeyd edək ki, “Xalq şairi” və “Xalq yazıçısı” adları verilən mədəniyyət xadimləri 150 manat aylıq məvacib alırlar. Əvvəllər isə bu rəqəm 100 manat idi.
Bəs görəsən, kıtabı nəşriyyatlarda ən yüksək tirajla çapa verilən yerli müəllif kimdir? Ən yüksək qonorarı hansı yazıçılar ala bilir? Vətən müharibəsindən sonra müvafiq mövzu ilə bağlı kitab çapı üçün müraciətlərdə artım olubmu?
Hafta.az-ın əməkdaşı mövzu ilə əlaqədar naşirlər və kitabçılar arasında sorğu apardı. Araşdırmanı sizə təqdim edirik:
Tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:
- Vətən müharibəsinin ardınca elə isti-isti itkilərlə bağlı əsərlər olub. Biz qələbədən dərhal sonra Prezidentin kitabını nəşr etdik. Burada onun 44 gün ərzindəki çıxışları, müsahibələri və tvitləri yer alırdı. Bədii əsərlərə gəldikdə isə onu deyim ki, bu qısa zaman ərzində ərsəyə gələ bilməz. Bəzən müvafiq mövzuda əsərin yazılması üçün müharibənin üzərindən 20-30 il vaxt keçməlidir.
“Maraq daha çox hansı kitablaradır?” sualına gələn cavablar əsasən tərcümələrlə bağlı olsa da, burada naşir yerli müəlliflərdən İlkin Rüstəmzadəni xüsusi vurğuladı.
- Əsərləri daimi olaraq çox satılan müəlliflər var. Bunlar, əsasən, özünüinkişaf kitablarıdır. Özünüinkişaf sahəsində “Xırda vərdişlər” kitabını nəşr etmişik. O, birinci yerdə satılır. Yanaşı olaraq çox satılanlar, əsasən, tərcümə əsaslı olan kitablardır. Uzun illərdir, tərcümələr yüksək reytinqini qoruyub-saxlayır.
Yerli müəlliflərdən kitabı ən çox satılan İlkin Rüstəmzadədir. Onun kitabının 2000 nəşrdən ibarət birinci tirajı bitdikdən sonra, eyni sayda ikinci nəşr də olundu.
“Qanun” nəşriyyatının direktoru bir sıra yerli müəllifə yüksək qonorar verildiyini də açıqladı:
- Qonorar sistemi elədir ki, burada hər kəsə fərdi yanaşılır. Elə müəllif var ki, onun kitabı satılmır. Bu halda biz necə qonorar verə bilərik? Kitabı çox satılan müəllifə isə verilir. Misal üçün, Çingiz Abdullayevi, Şərif Ağayarı, Qaraqanı, İlkin Rüstəmzadəni göstərə bilərik. Demirəm ki, onlara yüksək qonorar veririk, ancaq cüzi də olsa ödənişlər edilir.
“Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov deyir:
- Biz daha çox uşaq kitabları və dərsliklərlə məşğuluq. Belə kitablar arasında daha çox Reyhan Yusifqızının kitablarını çap etmişik. Qalanları isə daha çox dünya ədəbiyyatının uşaqlar üçün adaptasiyasıdır (bir növ sadələşmiş versiya). Kitabı çap olunan yerli müəlliflərə qonorar verilir. Bu məbləğ dünya standartı ilə müqayisədə o qədər böyük deyil, ancaq buna uyğundur. O müəllifə qonorar verilir ki, həmin kitabın çapından naşir də yüksək gəlir əldə edə bilsin. Bu, dövlət büdcəsi hesabına baş vermir. Buna görə də özünümaliyyələşdirmədə olan nəşriyyatlar, müəlliflərə kitabın gəlirindən olan faiz, yaxud birdəfəlik qonorar ödəyirlər.
Vətən müharibəsi mövzusunda əsərlərə gəldikdə isə bununla bağlı ayrıca kitab çapı üçün müraciət edən olmayıb. Biz özümüz dərsliklərə həm birinci, həm də İkinci Qarabağ müharibəsindən bəhs edən hekayələr yazıb əlavə edirik.
"Hədəf nəşrləri"nin baş redaktoru Cavid Qədir söyləyir:
- "General Polad Həşimov xatirələrdə" kitabı Vətən müharibəsindən sonra geniş tirajla oxuculara təqdim olunub. Ümumiyyətlə, nəşriyyatımızın ən yüksək tirajla çap olunan məhsuludur.
Konkret müəllifin məhsulu olmayan kitab "Xatirə ədəbiyyatı" seriyasında çap olunub. Nəşr şəhid general haqqında ailə üzvləri, qohumları, dostları, eləcə də zabit və əsgərləri, döyüş yoldaşlarının xatirələrindən ibarətdir. Kitabın sonunda Milli Qəhrəmanın ömür yoluna nəzər salmaq üçün hazırlanmış 60 səhifəlik fotoalbom yer alır.
Bu məsələ nəşriyyatların qonorar siyasəti və yerli kitab bazarının vəziyyəti ilə əlaqədar dəyişə bilər. Ona görə də konkret ad çəkmək, yaxud məbləğ göstərmək doğru deyil. Söhbət bizim nəşrlərdən gedirsə, ən yüksək qonorar 2021-ci ildə elan etdiyimiz tenderin qalibləri olan Aynur Cavid və Cəmilə Məmmədliyə ödənilib. Tenderin qalibləri 50 müəllif arasından seçilib və hazırda "Bilgənin macəraları" silsiləsi üzərində işləyirlər. Silsilənin ilk kitabı yaxın vaxtlarda işıq üzü görəcək.
“Əli və Nino” kitab evinin təsisçisi Nigar Köçərli deyir:
- Hazırda kitabları ən çox satılan müəlliflər İlkin Rüstəmzadə və Aytən Cavanşirdir.