Efes - hər bir turistin şirin arzusu - Reportaj

16:44 25.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səhər tezdən İzmirin möhtəşəm ənginliklərini ayrılıb, üzügüneyə uzanan şossenin ətrafını saran, göz  işlədikcə uzanan şam meşələri, hər qarış torpağa rəng qatan əkin sahələrini, meyvə bağlarını seyr edə-edə Efesə səmt aldıq.

Sürücü deyir ki, 1 saatdan artıq yolumuz olacaq – təxminən 85 kilometr. Ona görə də, yorulmamaq üçün yolboyu ətrafı seyr etməklə İzmirin tarixi zənginliklərindən, təbii gözəlliklərindən bacardıqca daha çox zövq almaq lazımdır. Haqlı idi: şəhərdən uzaqlaşdıqca hara baxsam diqqətim bir tarixi abidəyə zillənirdi. Bu torpaqlarda nə qədər qədim şəhərlərin, məbədlərin xarabalıqları varmış. Hamısı da Türkiyə Cümhuriyyəti dövləti tərəfindən ciddi qorunub, mühafizə edilir.

Əslində, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, nazirllik yanında Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Safe Tourism” layihəsi çərçivəsində qaradaş ölkəyə səfərimizin məqsədi, bu əvəzolunmaz zənginlikləri gəzib-görmək və qayıdandan sonra Azərbaycan ictimaiyyətinə çatdırmaqdır. Ona görə də hər bir abidə barədə maksimum məlumat toplamağa çalışırdım.

Uzaqdan göz oxşayan Səlcuq şəhəri göründükdə, bələdçimiz Orçun bəy dedi ki, İzmirdən 74 kilometr cənubda yerləşən bu kiçik rayonun ərazisi 317 kvadratkilometr, əhalisinin sayı isə ortalama 45 min nəfərdir. Buna baxmayaraq, bu kiçik rayonun turizm müstəvisində əhəmiyyəti dünyaya dəyər. Çünki rayonun kiçik ərazisində ən məşhur tarixi abidələr, o cümlədən dünyanın yeddi möcüzəsindən biri olan Artemis məbədi yerləşir. Turistlərin arzusu olan Efes şəhərinin xarabalıqları da şəhərdən cəmi 7 kilometr aralıdadır. Hansı ki, indi biz indi onun yanından keçərək Məryəm Ana evinə gedəcəyik, qayıdanda isə, təbii ki, Efesi ziyarət edəcəyik. O cümlədən, Artemis məbədinin qalıqlarını da, xarabalıqlara çatmamış – yolun sağında görə biləcəyik.

Məryəm ananın evində

Bələdçimizin dediyi kimi, Efes şəhəri xarabalığının önündən keçərək təxminən 2-3 kilometr cənub-qərbdə - yamyaşıl meşəylə örtülmüş Bülbül dağında yerləşən Məryəm Ana evinə qalxdıq. Bura necə də gözəldir, dağ başdan-başa yaşıl meşələrlə örtülüb. Səlcuqdan gələn asfalt yol, Ağsu aşırımında olduğu kimi, dolana-dolana yüz minlərlə turisti dağlar arasındakı bu müqəddəs məkana – Məryəm Ana evinə gətirir.

İç-içə iki kiçik otaqdan ibarət Məryəm Ana evi hazırda dünyanın hər yerindən gələn turistlərin həm ziyarət, həm də dini müstəvidə sitayiş yeridir. Ərazinin coğrafi adına uyğun olaraq, meşənin fərqli yerlərində ağaclarda quraşdırılmış səsyayıcılar vasitəsilə bülbül avazı səsləndirilir. Tapındıqları dindən asılı olmayaraq, Məryəm Ana evini ziyarət edənlər otağın birindən daxil olub, içəridəki büstün önündə arzu-diləklərini ürəklərindən keçirib, digər otaqdan həyətə çıxırlar. Həyətin aşağı yamacında cərgəylə su krantları olsa da, pandemiya səbəbindən buradakı yeməkxanalar kimi, onlar da istifadəyə bağlıdır. Yalnız kiçik meydançanın aşağı küncündə turistlər üçün xatirə əşyaları, suvenirlər satılan yarmarka-dükan faəliyyətdədir. Hə, yuxarıdakı kiçik çay evi də, açıq havada içmələri şərtilə, birdəfəlik kardon stəkanlarda çay və qəhvə təklif edir. Stəkanı 5 lirəyə və ya Azərbaycan pulu ilə 1 manat 30 qəpiyə.

Məryəm Ana evi ziyarətgahına hər il yarım milyondan 1 milyonadək zəvvarə baş çəkir. Pandemiya səbəbindən hazırda gələnlərin sayı kəskin azalıb, amma yenə də turistlər bura mütləq baş çəkməkdədirlər. Əcnəbi turistlər bu ziyarətgaha daxil olmaq üçün 60 lirəyə (15 manat) bilet almalıdırlar. Bu müstəvidə Türkiyə vətəndaşlarının bəxti gətirib, onlar biletə cəmi 10 lirə (2,5 manat) pul ödəyirlər. Səbəb isə ölkə vətəndaşlarının marağını sözügedən ziyarətgaha çəkməkdir. Hətta 12 yaşdan kiçik uşaqlar üçün ziyarətgaha giriş pulsuzdur.

Bir yuxunun möcüzəsi

Tarixi mənbələrə əsasən, Məryəm Ana bura oğlu İsa peyğəmbər çarmıxa çəkiləndən 4 və ya 6 il sonra mənəvi oğlu Conla – Müqəddəs Conla birlikdə gəlib. Hətta bu məsələyə dair bir rəvayət də mövcuddur. İsa peyğəmbər edam əsasında üzünü həvarisi və yaxın dostu olan Cona tutaraq deyir ki, sitat: mən ölürəm, amma anam dünyada qalır. Bil ki, bundan sonra sən anamın oğlusan və onu bir an belə tək buraxma. Sonra da anasına xitabən deyir ki, Conu öz doğma oğlu kimi qəbul etməli və qalan ömrünü onun yanında keçirməlidir. Bura o qədər gizli yerdir ki, yuxarıdan baxanda sanki nəhəng qıf formasını xatırladan, qövsvari şəkildə ətrafını dağların haşiyələdiyi və keçilməz meşələrlə örtülü dərəni görmək mümkündür. Məryəm Ananın evi də dərənin qərbindəki yoxuşda tikilib.

Bəs bu müqəddəs məkan necə aşkarlanıb? Deməli, XIX əsrin əvvəllərində alman rahibə Katerina Emeriç – onun adı Papa II İohan Pavel tərəfindən müqəddəslər siyahısına salınıb - yuxusunda Məryəm Aanın ömrünün son illərini yaşadığı evin burada olduğunu görür. Ardıyla araşdırmalar başlanılır və həqiqətən də bu ev aşkar edilir. Xristian dünyasında yeni tapıntı sayılan bu kəşfdən sonra, üstündə qübbəsi olan xaç formalı tikili yenidən qurulub, bərpa edilib və indiki görünüşə salınıb. Roma Papası VI Pavelin 1967-ci ildə baş tutan ziyartindən sonra, hər il avqustun 15-də burada ayinlər düzənlənir.

Bu arada, təxminən 101 il ömür sürmüş Məryəm Ananın məzarının da evin yaxınlığında – Bülbül dağında (bəsiləri onun məzarının Panair dağının şimal-şərqində olduğunu deyir – V.T.) olduğu düşünülür.

Nağıllara dönən şəhər

Qayıdan baş dağın ətəyində üzüqərbə - Egey sahillərinə sarı uzanan Efes xarabalığına baş çəkdik. Bu antik şəhərin gün üzünə çıxarılmış xarabalığı sadəcə möcüzədir, baxmaqla, gəzməklə doymaq olmur. Bura ayaq basan adam özünü ruhən minillər öncəsindəki antik şəhərin küçələrində hiss edir. 

UNESCO-nun Mədəni İrs Siyahısında yer alan Efesin ərazisinə daxil olduq. Solda su anbarı, ortada xeyli böyük saray salonunun - Bazilikanın yeri, sağda isə arxa divarları çox da hündür olmayan Panair dağının ətəklərinə söykənən şəhər hamamı, yanında da indiki palamenti əvəz edən, kiçik amfiteatr formalı müşavirə salonunun qalıqları yer alır. Bələdçimiz Orçun bəy bişmiş gildən hazırlanan qısa ölçülü saxsı boruları göstərərək dedi ki, tikilmə tarixi eramızdan əvvəl 6-cı minilliyə uzanan Efes şəhərinə içməli su məhz bu borular vasitəsilə, Bülbül dağındakı bulaqlardan çəkilib. Sol tərəfdəki su anbarına yığılan su, oradan şəhərə paylanırmış. Hamama gəldikdə, Orçun bəyə görə, o dövrdə adətmiş: şəhərə daxil olan hər kəs öncə hamamda yuyunub paklanmalı, sonra darvazadan içəri girə bilərlərmiş. Bu səbəbdən də hamamlardan biri dayandığımız yerin sağında (Varius hamamı), digəri isə şəhərin aşağı hissəsində - limana açılan darvazanın yanında olub. Hamamın solunda isə təxminən 1400 yerlik amfiteatr formalı müşavirə salonu – Bloterion yerləşir. Amma burada 1400 deyil, sadəcə 450 nəfərlik məclis üzvləri toplaşar, Efesin problemlərini müzakirə edərlərmiş.

İrili-xırdalı yastı daşlar döşənmiş dar, amma çox səliqəli, ortalama 300 metr uzunluğunda Kuretlər küçəsi darvazadan başlayıb şəhərin mərkəzinə, oradan da limanadək uzanır. Düzdür, o vaxtdan Egey suları çəkilərək təxminən 5 kilometr uzaqlaşıb Efesdən, amma hər halda zamanında şəhərin baş planı aydın və mükəmməl düşünülüb. Yuxarı girişdən liman qapısınadək antik şəhərin xarabalıqlarında nələri görə bilərik – dövrünün bələdiyyə sarayı və Hefaistos tərəfindən göndərilən müqəddəs atəşin mühafizə edildiyi binanın – Pritaneonun, sonradan xristian monastırına çevrilmiş Domitian məbədinin, imperator Sullanın qardaşı oğlu, şəhər valisi Memmiusun məzarının yerləşdiyi eyniadlı abidənin, Kuretlər küçəsi üzərində tikilmiş Herakl qapısının, Trajan bulağının, Hadrian məbədinin, 44 nəfərin eyni anda istifadə edə biləcəyi ictimai ayaqyolunun – Latrinlerin, şəhərdəki varlıların yaşadığı yamac evlərinin, antik çağın 3 ən möhtəşəm kitabxanasından olan, 262-ci ildə baş vermiş zəlzələ nəticəsində dağıldığı güman edilən Kelsus kitabxanasının, buradakı Efesin ikinci əsas küçəsi sayılan Mərmər küçənin, kitabxana ilə üzbəüz “Məhəbbət evi” adlanan, o dövrə aid əxlaqsızlar binasının, buradan bir az sağda 25 min yerlik, qladiator döyüşlərinin də keçirildiyi amfiteatrın, qarşı tərəfdəki nisbətən dərə ərazidə yerləşən antik bazarın qalıqları il boyu Efesə gələn milyonlarla turisti heyrətləndirməkdədir. 

Bu arada qeyd edim ki, məhz teatr binası ilə bazar yerinin qarşısından, o dövrdə limana uzanan 530 metr uzunluğunda Liman və ya digər adıyla Arkadian küçəsi yerləşir. Yazının əvvəlində də qeyd etdiyim kimi, bu küçənin aşağı başında, soldakı təpə üzərində xeyli iri görünən tağvarı divar qalıqları diqqət çəkir ki, həmin xarabalıqda vaxtilə şəhər hamamı fəaliyyət göstərib.

Sərhədləri bitməyən tarix

Gözlərimizi Efes antik şəhərinin qiymətsiz əzəmətindən ayırmadan cənub girişində bizi gözləyən avtobusa sarı addımlamağa başladıq. Burada soldakı açıq ərazidəki iri yonulmuş daşları göstərən Orçun bəy bildirdi ki, həmin yerdə Efes məzarlığı olub. Gördüyümüz daşlar da ya adi başdaşları, ya da daş sandıqlardır. Hansı ki, ölünü onun içində dəfn edirlərmiş.

Bu gün bir növ Efesin sərhədlərini müəyyənləşdirən rəsmi buraxılış məntəqələrinin qurulduğu qapılardan çıxanda, əslində şəhərin hələ özü boyda hissəsinin kənarda qaldığını fikirləşə bilərik. Çünki çıxışdan sağda ucu-bucağı görünməyən antik çağa aid daş divarlar, yolun solunda adda-budda gözə çarpan daş qalaqları Efesin şöhrəti kimi abidələrini də uzaqlara aparmaqdadır. Orçun bəy sağda qalan divarların antik Efes stadionuna məxsus olduğunu, dövründə orada hər cür idman yarışlarının keçirildiyini, sol tərəfdə yayılmış kiçik daş qalaqlarının isə müxtəlif məqsədli ev və təsislərə, çoxunun isə şəhər ətrafında yaşayan əhaliyə aid evlərin xarabalığı olduğunu diqqətə çatdırdı. 

Bu yerdə məlumat verim ki, Efes ard-arda 4 dəfə qurulub, özü də fərqli yerlərdə. Şəhər ilk dəfə Ayasulu və ya digər adıyla, Səlcuq qalasının arxa tərəfində - dəniz sahilində olub. Qədim rəvayətlərə əsasən ilk Efesi qadın döyüşçülər kimi bildiyimiz Amazon qadınlar qurub. Şəhərin ilk adının isə Arzadva (Ana tanrıça şəhəri) krallığının şəhəri olmuş Apasasdan gəldiyi güman edilir. Bu şəhər Lidyalılar zamanında məhv edildiyi üçün ikinci şəhər Səlçuq - Quş adası yolunda salınır. O cümlədən, antik dövrün 7 möcüzəsindən biri olan Artemis məbədi də məhz burada olub. Sayca 3-cü şəhər hazırda xarabalıqlarını dolaşdığımız yerdə salınmış Efesdir. Makedoniyalı İsgəndər eramızdan əvvəl 3-cü yüzillikdə Efesi (ikinci Efesi) böyük şücaətlər göstərmiş general Lisaymafosa bağışlayır. O da əvvəlki şəhərin yanıb-dağılmış məhəllərini yenidən qurmaq əvəzinə, hazırda turistlərin xarabalıqlarını sevə-sevə gəzdiyi Efesi inşa etdirir. Eramızdan əvvəl qurulan bu şəhər bizim eranın 600-cü illərinədək mövcud olub. 614-cü ildə baş verən güclü zəlzələ şəhərdə böyük dağıntılar törədir. Eyni zamanda, Kiçik Menderes çayı uzun müddət dağıntıları yuyaraq Efes limanına axıdır. İllər sonra liman gətirilmə çöküntülərlə dolur və bataqlığa çevrilir, gəmilər sahilə yanaşa bilmir, qızdırma xəstəliyi yayılır və sair. O vaxt şəhərdə yaşayan 40 minlik əhalinin yarısı da xəstəliyin qurbanı olur. Bu səbəbdən də sağ qalanlar Bülbül dağı ilə Panair təpəsinin arasında yerləşən şəhərlərini tərk edir və indiki Səlcuq şəhərinin yerləşdiyi ərazidə 4-cü Efes salınır....

Avtobus tam sürətilə İzmirə istiqamətlənmişdi. Əlbəttə, yolun hər iki tərəfində göz oxşayan əncir, ərik və şaftalı bağları, şəhər bazarlarını faraş tərəvəzlə təmin edən yamyaşıl sahələr, eləcə də antik Artemis xarabalığı, dağlarda qərarlaşmış “Yeddi yatmış müqəddəs” mağarası, dağın təpəsində hər yerdən görünən, müqəddəs Conun da qəbrini öz qoynunda uyudan Ayasulu və ya yeni adıyla Səlcuq qalası – onlarla başqa qədim abidəni izləyə-izləyə tarixin ənginliklərindən ayrılıb, gözəl İzmirin müasir, qələbəlik və gurultulu qoynuna səmt aldıq...

Bakı-İstanbul-Ankara-İzmir

Oxunma sayı 3275