“Əfqanıstanda öldürülən onlarla İŞİD silahlısı Pakistan vətəndaşı çıxıb” – Taliban rəsmisi

12:20 10.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Taliban səlahiyyətliləri bildiriblər ki, son bir ildir Pakistandan olan onlarla İŞİD yaraqlısı Əfqanıstanda öldürülüb və ya həbs edilib.

Hafta.az-ın yazdığına görə, bu bəyanat İslamabadın əfqanları öz ərazisindəki intihar hücumlarında iştirakda günahlandırmasından bir neçə gün sonra verilib.

İki qonşu dövlət arasında gərginlik son vaxtlar Pakistanda intihar hücumlarının çoxalması səbəbindən artıb, İslamabad iddia edir ki, terrorçulara məhz əfqanlar kömək göstərir.

Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid AFP-yə bildirib ki, son bir ildir Əfqanıstanda silahlı qüvvələrin əsgərləri tərəfindən məhv edilən 18 yaraqlı Pakistan vətəndaşı olub.

“Onlar İŞİD silahlıları idilər, müxtəlif partlayışlarda və hücumlarda iştirak ediblər” deyən Mücahid Əfqanıstan həbsxanalarında əlavə olaraq onlarla pakistanlının saxlanıldığını bildirib.

Mücahid qeyd edib ki, Pakistan hər bir hadisənin arxasında əfqan izi axtarmaqdansa, birmənalı şəkildə ölkədə təhlükəsizlik tədbirlərini gücləndirməlidir.

Siyasət rubrikasından digər xəbərlər