Əfqanıstanın dövlət orqanlarında 85 min qadın çalışır

11:10 26.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstan İslam Əmirliyinin baş nazirinin siyasi məsələlər üzrə müavini Mövləvi Məhəmməd Əbdülkəbir qadınların işləməsinə icazə verilməməsi ilə bağlı iddiaları təkzib edib.

Hafta.az-ın yazdığına görə, yerli “Ariana News” telekanalına danışan Mevləvi Əbdülkəbir qeyd edib ki, dövlət orqanlarında 85 min qadın məmur çalışır.

“Qadınların məşğulluğuna gəlincə, İslam Əmirliyinin dövlət idarələrində 85 min qadın çalışır. Qadınlar səhiyyə sektorunda, hava limanlarında, təhsildə, pasport və statistika idarələrində və sair çalışır. Hətta kabildə rəhbərləri qadın olan açıq xəstəxanalar da var. Yəni vəziyyət heç də bizə qarşı aparılan təbliğatın göstərdiyi kimi deyil”, - Mevləvi deyib.

Əfqanıstandakı İslam Əmirliyi rəhbərliyinin qadınların işləməsinə mane olması iddiası Qərb mətbuatı tərəfindən tez-tez səslənir. Bununla belə, ölkədə həm dövlət idarələrində, həm də özəl sektorda qadınların işləməkdə davam etdiyi məlumdur.

Dövlət idarələrində çalışan 85 min qadınla yanaşı, on minlərlə qadının özəl sektorda və ticarət sahəsində çalışdığı bildirilir.

Ötən dövrdə ölkənin bir çox yerlərində yalnız qadınların alış-veriş etdiyi dükanlar açılıb və bununla da onlar üçün məşğulluq imkanları yaradılıb.

İslam Əmirliyi administrasiyasının sənaye və ticarət naziri Nurəddin Əzizi 2023-cü ilin iyun ayında verdiyi açıqlamada ölkədə 50 mindən çox qadının biznes sahibi olduğunu bildirmişdi.