2021-ci ildə Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl vəzifədə olan qadın deputat Mürsel Nəbizadə öz evində naməlum silahlı şəxs tərəfindən güllələnib.
Hücumda 32 yaşlı Nəbizadə və mühafizəçisi həyatını itirib. Hücum zamanı onun qardaşı və digər mühafizəçisi yaralanıb. Qətlə yetirilən keçmiş deputat Taliban hakimiyyətə gəldikdən sonra ölkəni tərk etməyən bir neçə qadın siyasətçi arasında olub. Hücumun səbəbi hələlik məlum deyil. Kabil polisinin sözçüsü Xalid Zadran hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib. Nəbizadə 2018-ci ildə Kabildən deputat seçilib və Taliban hakimiyyətinə qədər bu vəzifəni icra edib.
Parlamentdə müdafiə komitəsinin üzvü olan Nəbizadənin vəfatı keçmiş həmkarlarını da kədərləndirib. Nəbizadənin Talibandan sonra ölkəni tərk etməkdən imtina etdiyi xatırladılıb.