Əl-Fəşir bombalandı: Çox sayda insan öldü

10:55 18.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Müqavimət Komitələri dünənki bəyanatında, Çevik Dəstək Qüvvələrinin (ÇDQ) Şimali Darfur əyalətinin qərbində yerləşən inzibati mərkəz Əl-Fəşirə açdığı artilleriya atəşi nəticəsində onlarla insanın öldüyünü, çox sayda insanın yaralandığını bildirib. Sudan və döyüşən tərəflər arasında yenilənən şiddətli qarşıdurmaların ardından yeni köç dalğalarına şahid olduğunu bildirdi.

Hafta.az-ın yazdığına görə, fəallar və yerli mənbələr şəhərin güclü artilleriya atəşinə tutulduğunu, əhalinin sıx məskunlaşdığı ərazilərdəki evlərin, xəstəxanaların və köçkünlərin sığınacaqlarının hədəf alındığını bildiriblər.

Müqavimət Komitələrinin Facebook-da verdiyi açıqlamada Əl-Fəşirin dünən “Cəncavid milisləri” tərəfindən 50-dən çox minaatandan istifadə etməklə qəsdən bombalandığı, şəhərdə onlarla yaralı və ölənin olduğu bildirilib.

“Şark ül-Avsat”a danışan şəhər sakinləri səhər saatlarından Əl-Fəşirin müxtəlif yerlərindən top atəşi eşitdiklərini bildiriblər. Şahidlərin bildirdiyinə görə, şəhərin cənub və şərq məhəllələrinə top mərmiləri və raketlər düşüb.

Əl-Juneyne, Nyala, Zalingei və əl-Dain ordu bazalarının süqutundan sonra, beş Darfur əyalətində bölgənin 80 faizindən çoxuna nəzarət edən ÇDQ-nın nəzarəti altında olmayan yeganə mərkəz Əl-Fəşir Sudan ordusunun nəzarətindədir. Digər tərəfdən müttəfiq qüvvələrlə ÇDQ arasında şiddətli qarşıdurmalar davam edir.

Son bir neçə gün ərzində Sudan ordusu və müttəfiq qüvvələri ÇDQ-nın şəhəri ələ keçirməyə yönəlmiş onlarla irimiqyaslı hücumunu dəf edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Sudan humanitar koordinatoru Klementine Nkueta Salami bazar ertəsi döyüşən tərəfləri minlərlə insanın həyatını təhdid edən toqquşmaları dayandırmağa çağırıb.

ÇDQ media platformaları onun qüvvələrinin Sudan ordusunun Altıncı Piyada Diviziyasının bazasına yaxın olan Əl-Fəşirdəki yaşayış məhəllələrinə doğru irəlilədiyini göstərən videolar yayımlayıb.

Ötən ilin noyabrında Əl-Fəşirdə qarşıdurmalar başlayandan bəri yüz minlərlə insan vilayətin şimalındakı təhlükəsiz bölgələrə köçmək məcburiyyətində qalıb. BMT-nin məlumatına görə, 2023-cü ilin aprelində Sudan ordusu ilə ÇDQ arasında baş verən qarşıdurmadan sonra 188 mindən çox insan həlak olub, 33 mindən çox insan isə yaralanıb.