Əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib - Samir Şərifov

12:03 13.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Vətən müharibəsində əldə olunan tarixi zəfərimizin üçüncü ili ərəfəsində dövlət müstəqilliyi tam bərpa edilmişdir. Ölkəmizin tarixinə hərtərəfli tərəqqi illəri kimi daxil olan 2023-cü il Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycanın dövlətçilik əsaslarını daha da möhkəmləndirib”.

Bunu Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov Azərbaycanın sosial iqtisadi inkişafın ən vacib prioriteti hesab etdiyi bərpa-quruculuq işlərini davam etdirdiyini önə çəkib. 

Nazir bu mərhələdə ölkəmizin neft-qaz resurslarından məharətlə istifadə etdiyini deyib.

“2024-cü ilin dövlət büdcəsində ilk növbədə işğaldan azad edilmiş ərazilərdə quruculuğun inkişaf etdirilməsi, əhalinin öz yurduna qaytarılması əsas yer tutur”.

Nazir Prezident İlham Əliyevin 8 noyabr tarixində Xankəndidə etdiyi çıxışa istinad edərək, bundan sonra da ordu quruculuğunun prioritet məsələlərdən olacağını bildirib.

S.Şərifov azad olunmuş ərazilərin bərpasına xərclənən vəsaitin həcmini açıqlayıb. Bildirib ki, Azərbaycan dövləti artıq 3 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir.

“3 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 11 milyard manat vəsait xərclənib, gələn il isə 12 milyard təşkil edəcək. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas prioritet olaraq qalacaq”.