Elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb - FOTO

14:14 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs - elektron qolbaq daşıyıcısı Natiq Şəfiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 64 qram qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib. Evdən 900 qrama yaxın narkotik vasitə - marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb və N.Şəfiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, həmin şəxs əvvəllər də analoji cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.