“Əmək pensiyaları haqqında” qanuna dəyişdirilir

20:40 14.06.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilməsi gözlənilir. Artıq bu barədə qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiq edilib. Qeyd edək ki, sözügedən layihə qulluq stajına görə əmək pensiyalarına əlavələrin hesablanması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini özündə ehtiva edir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlılığının artmasına xidmət edəcək. Qanun layihəsinə əsasən, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir.

Digər dəyişikliklə, hərbi xidmətdən yaşa görə pensiyaya buraxılmış vətəndaşların əmək pensiyaları ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Bu şəxslərin əmək pensiyası buraxıldığı günə 30 təqvim ili hesablanmaqla veriləcək. Dəyişikliklə hərbi xidmətdən yaşa görə pensiyaya buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla hesablanır. Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, 30 təqvim ilindən əvvəl “buraxıldığı günə” sözü əlavə olunur.

Qanun layihəsinə görə, Azərbaycan Milli Məclisinin və Naxçıvan Ali Məclisinin fəaliyyətdə olan deputatlarının pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanacaq.

Bu dəyişiklik, eyni zamanda, Milli Məclis sədrinin, onun birinci müavininin və digər müavinlərinin, komissiya sədrinin və komissiya sədrinin müavininin əmək pensiyasının hesablanmasına da şamil edilir. Həmçinin Naxçıvan Ali Məclisinin sədrinin, müavinlərinin əmək pensiyasının hesablanmasına da şamil olunacaq.

Qeyd edək ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisnadır.

Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş layihə pensiya təminatı sahəsində sosial sığorta prinsiplərinin gücləndirilməsi, sosial ədalətin qorunması, pensiya təyinatının avtomatlaşdırılması və proaktiv təyinatların dairəsinin genişləndirilməsi istiqamətlərində hüquqi bazanın möhkəmləndirilməsi məqsədi ilə hazırlanıb.

O qeyd edib ki, qanunun 5 maddəsinə 17 dəyişiklik və 1 keçid müddəası təklif edilir: “Dəyişikliklər mahiyyət etibarilə 4 istiqaməti əhatə edir. Bunlar dəqiqləşdirici xarakterli texniki dəyişikliklər, sosial sığorta prinsipinin daha da gücləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edən dəyişikliklər, 1-ci qrup hərbi xidmət əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş dəyişikliklər və elektron pensiya təminatının və proaktiv təyinatların çərçivəsinin genişləndirilməsi məqsədi ilə təklif edilən dəyişikliklərdir”.

Komitə sədri bildirib ki, sənədə edilən digər dəyişikliyin məqsədi şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır.

O vurğulayıb ki, sənədə əsasən, bəzi uyğunsuzluqların aradan qaldırılması üçün qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr həmin şəxslərin orta aylıq əməkhaqları, son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilməsi təklif olunur. Dəyişikliyə görə, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün orta aylıq əməkhaqqının hesablanmasında vahid yanaşma tətbiq olunacaq.

Milli Məclisin deputatı Vüqar Bayramov isə deyib ki, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlarımızın bir neçə pensiya hüququ yaranacaq: “Vətəndaşların xüsusi pensiya hüququ sosial kapitala görə yaranır. Belə olan halda, onların pensiyası proaktiv olaraq müəyyən ediləcək, yəni elektron məlumatlar üzərindən müəyyənləşdiriləcək. Bu isə prosedurlardan keçmədən, qısa zamanda pensiya təminatına imkan verəcək. Qanuna dəyişikliyin ikinci mühüm əhəmiyyəti ondan ibarətdir ki, prosedurlar azalır, elektronlaşma artır. Bu da imkan verəcək ki, həm pensiya təyinatında şəffaflığı artırmaq mümkün olsun, həm də elektron prosesdurlara əməl olunduğu üçün daha qısa zamanda vətəndaşın pensiya təminatı həyata keçirilsin. Yəni pensiya təyinatı üçün tələb olunan günlər və xərclər azalacaq. Vətəndaşlarımızın əksəriyyəti elektron sistem üzərindən pensiya təminatı əldə edə biləcəklər”.

Onun sözlərinə görə, yeni dəyişikliklərlə bağlı ən çox ünvanlanan suallardan biri də onun hərbiçilərin pensiyalarına necə təsir etməsi ilə bağlıdır: “Belə ki, yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq”.

Oxunma sayı 81