“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik ediləcək

14:16 16.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər nəzərdə tutulur.
Hafta.az- xəbər verir ki, Milli Məclisin bu günkü iclasında aparılan müzakirələrdə məsələ bir daha önə çəkilib.
“ “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən olunaraq, tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.
Təklif olunan digər dəyişiklik mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin pensiya hüququ ilə bağlıdır. Bu sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müxtəlif qərarları ilə müəyyən edilir.
Bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması səbəbindən “Əmək pensiyaları haqqında” Qanunun 22.3-cü maddəsi ilə müəyyən olunan qaydaların tətbiqi həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə əvəz edilir.
Bu dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.