Dünyanın ən böyük texnologiya sərgilərindən olan 3-cü LEAP24 dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 1800-dən çox beynəlxalq və yerli iştirakçının, mindən çox texniki ekspertin və 600 startap şirkətinin iştirakı ilə işə başlayıb.
Hafta.az-ın yazdığına görə, Rabitə və İnformasiya Texnologiyaları naziri Abdullah əl-Savaha yarmarkanın açılışındakı çıxışında LEAP-ın investisiyalarının rəqəmsal iqtisadiyyatın inkişafı üçün vəliəhd şahzadə Məhəmməd bin Salmanın dəstəyi ilə reallaşdığını bildirib.
Nazir həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı rəqəmsal sahədə, dərin texnologiyalarda və kosmosda qadınları gücləndirir.
2-ci LEAP24 yarmarkası zamanı 9 milyard dollar sərmayə qoyulduğunu xatırladan Savaha, bu il investisiyaların 12 milyard dollara çatmasının gözlənildiyini söyləyib.
"Bunlar inkişaf etməkdə olan və dərin texnologiya sektorlarını, innovasiyaları və bulud hesablamalarını dəstəkləyəcək investisiyalardır" deyib nazir.
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” açılış sessiyasında sənaye sektorunda dünyanın ilk generativ süni intellekt modelini istifadəyə verib.
Nazir Savaha mövzu ilə bağlı verdiyi açıqlamada, "Saudi Aramco”nun işə salacağı dil modeli 90 ildən çox müddətə yayılan və milyardlarla ölçülən məlumatlarla dəstəklənir" deyib.
Generativ AI, insanın yeni məlumatlar, orijinal və innovativ məzmun yaratmaq qabiliyyətini imitasiya etmək üçün maşın öyrənmə üsullarından və dərin neyron şəbəkələrindən istifadə ilə müəyyən edilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər strateji tərəfdaşlar tərəfindən “Yeni üfüqlər” şüarı altında təşkil olunan sərgidə ən son texnologiya sənayeləri işıqlandırılacaq, hökumətin süni intellekt təşəbbüsləri və ən son yenilikləri təqdim olunacaq.
İnnovasiya və sahibkarlığın dəstəklənməsinə diqqət yetirən və texnologiya sahəsində innovatorları və investorları bir araya gətirən platforma olan 3.LEAP24 yarmarkası innovasiyaya diqqət yetirərək rəqəmsal iqtisadiyyatın böyüməsini və inkişafını artıran əməkdaşlıq mühiti yaratmağı hədəfləyir.
Sərgidə Google, Microsoft, Oracle, Dell, Cisco, SAP, Amazon Web Services, Alibaba, Huawei və Ericsson kimi qlobal texnologiya nəhəngləri iştirak edir.
Sərgidə inkişaf etməkdə olan texnologiyalardan yararlanaraq innovativ modellərə əsaslanan rəqəmsal məhsul və xidmətləri araşdıran dövlət qurumları və milli şirkətlər iştirak edəcək.
3-cü LEAP24 yarmarkası çərçivəsində strateji müqavilələrin imzalanması, yeni xidmətlərin istifadəyə verilməsi, bəzi nazir və rəsmilərin iştirakı ilə dialoq sessiyaları, rəqəmsal transformasiya sahəsində seminarların keçirilməsi gözlənilir.