Erməni cinayətkarlarının havadarları onları nə vaxta qədər qoruya biləcək ki - Əlövsət Abdullayev

17:39 07.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Məhz həmin o siyasi mühit yetişdiyi üçün ərazilərimiz işğaldan azad olundu. İndi də ölkəmiz tərəfindən axtarışa verilmiş şəxslərin həbs olunmaması, sərbəst görüşlər keçirməsi o anlama gəlməməlidir ki, Azərbaycan onları həbs etməkdə maraqlı deyil. Sadəcə həmin cinayətkar şəxslər məlum qruplar və ya dövlətlər tərəfindən himayə olunurlar. İnanıram ki, onlar mütləq mühakimə olunacaqlar”.

Bunu hafta.az-a beynəlxalq hüquqşünas Əlövsət Abdullayev Azərbaycan ictimaiyyətini narahat edən “Azərbaycanın interpol xətti ilə axtarışa verdiyi erməni separatçılarının rəhbərləri niyə həbs olunmur” sualına aydınlıq gətirərkən bildirib. 

Ə.Abdullayev qeyd edib ki, son günlər bu sual vətəndaşları narahat edir və te-tez verilir. Hüquqşünas  bu məsələnin ciddi narahatlıq doğurmasını təbii hesab edir.

“Azərbaycan 30 ilə qədər bir müddətdə işğal altında olan ərzilərimizin azad olunması istiqamətində mübarizə apardı. Bu mübarizə çox ehtiyatlı, düşünülmüş formada, siyasi səhvə yol verilmədən aparıldı. Onda da bu suallar verilirdi ki, biz buna niyə dözürük, niyə hücuma keçmirik...”

Hüquqşünas hesab edir ki, əslində hər hansı bir ciddi addımın atılması üçün siyasi mühit formalaşmalıdır. Bu olmazsa güc faktoru belə problemin həllində rol oynaya bilməz.

“Dəfələrlə erməni silahlıları, cinayətkarları ilə bağlı məsələ qaldırılarkən qeyd edilir ki, həmin cinayətkarlar Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə sərbəst görüşlər keçirirlər. Hər şey aydındır, göz qanbağındadır. Görürsünüzmü, bu da artıq hüquqi müstəvidən kənarlaşıb siyasi müstəviyə keçib. Yəni bu gün onları həbs etmək asan deyil, amma sabah bunu deyə bilmərik təbii. Yən kənardan asan görünə bilər və müvafiq səlahiyyətli şəxsləri qınamaq da olar, amma məsələ reallıqda həmin sualları verən şəxslərin düşündükləri kimi deyil”.

Erməni cinayətkarlarının mühakimə olunması beynəlxalq hüquq normalarına, xüsusilə beynəlxalq cinayət hüquq normalarına, eyni zamanda milli cinayət hüquq normalarına uyğundur.

“Belə olan halda hər hansı dövlət onları nə qədər müdafiə edə bilər?! Onları müdafiə edən dövlətlər törədilən cinayətlərin qarşısının alınmasında maraqlı deyillər təbii, əksinə prosesi daha da alovlandırmaq və bu cinayətlərin miqyasını genişləndirməyin tərəfdarları hesab oluna bilərlər”.