Erməni separatçılarının “status, müstəqillik davası” – Müzakirə

18:19 15.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Brüssel görüşündən sonra Paşinyanın parlamentin iclasındakı çıxışı Ermənistanın sülhə doğru  kövrək addımlar atdığını göstərsə də, Qarabağdakı separatçıları qıcıqlandırıb. 

Ermənistandan 17 deputatın Laçın dəhlizindən Qarabağın “müstəqilliyinə” dəstək adı ilə ərazilərimizə gəlmək istəməsi  də erməni aqressiyasının çoxaldığını göstərir. Ermənistanın revanşist qüvvələri öz məkirli niyyətlərindən əl çəkmək istəmədiklərini hər vasitə ilə nümayiş etdirirlər.

Politoloq Elxan Şahinoğlu hafta.az-a şərhində qeyd olunan mövcud vəziyyəti  erməni separatçılarının  növbəti təxribatları ilə əlaqələndirib.  O, bildirib ki, Paşinyanın son açıqlamaları separatçıların xoşuna gəlməyib.

“Çünki Paşinyan parlamentin iclasında açıq şəkildə dedi ki, Qarabağ müstəqil ola bilməz və Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımağa məcburdur. Yəni reallığı anladı”. 

E.Şahinoğlu bildirib ki, separatçılar öz düşüncələrinə görə bu prosesə mane olmağa çalışır, erməni lobbisini, Moskvanı onlara dəstək olmağa çağırırlar.

“Ona görə də təxribatçı müşavirələr keçirdir, Rusiyaya yaltaqlanıb, ona birləşmək istədiklərini deyirlər. Bu yolla başa düşürlər ki, Ermənistanda dəstəkdən məhrum olublar. Separatçılar saman çöpü kimi Rusiyadan yapışırlar. İstəyirlər ki, Rusiya Azərbaycana özünün suverenliyini bütün ərazilərində bərpa etməsinə imkan verməsin. Amma separatçıların bu cəhdlərinin heç bir nəticəsi olmayacaq. Proseslər Qarabağ separatçılarının tərksilah olunmasına doğru gedir və  Qarabağın hər guşəsində Azərbaycan qanunları işləyəcək”. 

“Rusiya bu prosesə manə ola bilərmi” – deyə, politoloq əsas sualın bu olduğunu önə çəkib. Onun sözlərinə görə, əgər Rusiya Azərbaycanı dost və müttəfiq adlandırırsa, Azərbaycanla 43 maddəlik bəyanatı imzalayıbsa, üstəlik Ukraynada işğalçı müharibə aparırsa belə bir vəziyyətdə münasibətləri gərginləşdirməməlidir.  Azərbaycan artıq Laçın dəhlizi üzərində də nəzarəti gücləndirməlidir. Azərbaycanın üstünlükləri göz qabağındadır və tədricən Qarabağ üzərindəki hakimiyyətini bərpa edəcək”.

Politoloq Rəşad Bayramov qeyd edib ki, Araik eyni məzmunlu bəyanatlarla ilk dəfə deyil ki, çıxış edir. Onun sözlərinə görə, indiki mərhələdə, yəni Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamaqla bağlı razılığa gəldikləri və birgə Sərhəd Komissiyasının bu ayın sonuna qədər öz işinə başlamalı olduğu bir vaxtda separatçı rejimin yenidən bu cür möqe sərgiləməsi faktiki olaraq danışıqlar prosesini pozmağa yönəlib.

“Araik Arutunyan bundan əvvəl də dəfələrlə “müstəqilliyin” tanınması üçün mübarizə aparacaqlarını və ya Ermənistana birləşəcəkləri ilə bağlı açıqlamalar verib, eyni zamanda Rus “sülhməramlılarının” bölgədə davamlı olaraq qalmasının vacibliyini vurğulayıb”.

R.Bayramov qeyd edib ki, separatçıların bu cür təxribatlarla çıxış etməsi təsadüfi deyil və müxtəlif səbəbləri var.

“Birinci səbəb ondan ibarətdir ki, separatçılar Rusiyanın dəstəyini qazanıb hələ bir müddət də öz mövcudluqarını qorumaq və geosiyasi situasiyanın xeyirlərinə dəyişə biləcəyi dövrə qədər vaxt udmağa çalışır. Bu ssenariyə görə Araik özünü, Qərbin, daha konkret desək Avropa İttifaqının vasitəçiliyi ilə Paşinyanın apardığı danışıqlarda əldə edilən razılşamaları qəbul etməyən tərəf kimi göstərir və Rusiyaya “biz səninləyik” mesajını verir. Əvəzində Rusiyadan hər cür dəstək alaraq sülh danışıqlarını olmaza sürükləyir.

Digər bir ssenariyə görə isə separatçı rejim öz iddialarından əl çəkmir, sülh razılaşması və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı öhdəlik götürən Paşinyan isə bundan istifadə edərək “mən sülh istəyirəm, amma Qarabağ erməniləri “təhlükəsizlik təminatları yoxdur deyə buna qarşıdırlar”- deyib təzyiqlərdən yaxasını kənara çəkir və prosesi yenə olmaza sürükləyir.

Ayın 13-də Paşinyanın açıqlamaları da ikili oyunun getdyindən xəbər verir. Paşinyan çıxışında deyir:  “Mən Qarabağı təhvil versəydim, ola bilsin, minlərlə həyat xilas etmiş olardım. Təhvil verməyərək isə faktiki olaraq minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum. Mən bunları keçmiş haqqında söz açmaq üçün deyil, gələcək haqqında söz açmaq üçün deyirəm. Çünki məzmunca bu gün də vəziyyət eynidir və mən eyni səhvləri təkrar etmək istəmirəm". Ardınca isə Ermənistanın heç vaxt Azərbaycana qarşı ərazi iddiaları olmadığını, Qarabağ məsələsinin isə ərazi deyil, hüquqi məsələ olduğunu bildirir. Bu bəyanatdan sonra ilk baxışdan elə təəssürat yaranır ki, Paşinyan artıq hər şeylə razılaşıb, status məsələsindən imtina edib və bir daha müharibə olmasını istəmir, başqa sözlə üzərinə götürdüyü öhdəlikləri də icra etməyə hazırdır. Amma bunun ardınca “biz əvvəllər Qarabağın statusunu təməl prinsip olaraq qoyurduq və bundan da təhlükəsizlik və haqlar məsələsi gündəmə gəlirdi, İndi isə təmələ təhlükəsizlik və haqlar qarantiyaları qoyuruq və buradan da status məsələsi gündəmə gəlir”- deyərək faktiki olaraq dəyişən bir şey olmadığını və Ermənistanın ikili oynamaqda davam etdiyini sübut etmiş olur”.

Politoloq bəyan edib ki, istər Paşinyanın, istərsə də Araikin nə deməsindən asılı olmayaraq reallıq ondan ibarətdir ki, Ermənistan dalana dirənib və bu cür fərqli bəyanatlarla prosesi uzun müddət uzatmaq iqtidarında deyil.

“Azərbaycanın Fərrux yüksəkliyi ilə bağlı və daha sonra Ağdərə istiqamətində apardığı əməliyyatlar da onu deməyə əsas verir ki, Azərbaycan da artıq gözləmək fikrində deyil və separatçı rejimin Rusiyanın arxasında gizlənməsi də bizi dayandıra bilməyəcək. Əgər aprelin sonuna qədər müvafiq Sərhəd Komissiyası öz işinə başlamayacaqsa, komunikasiya dəhlizinin açılması ilə bağlı konkret fəaliyyət olmayacaqsa bu Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırması kimi qəbul olunacaq və bütün dünya da görəcək ki, Ermənistan təkcə Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikərdən deyil, həm də Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə götürdüyü öhdəliklərdən qaçır. Ermənistanın öhdəliklərdən qaçması isə Azərbaycana ilk olaraq Laçın dəhlizinin tamamilə bağlanması, ardınca isə bütün dünya tərəfindən tanınmış sərhədlər çərçivəsində öz sərhədi boyunca möhkəmlənməsinə imkanlar açır. Başqa sözlə, top Ermənistan tərəfdədir və onları düşdükləri vəziyyətdən ancaq Azərbaycanla sülh qurtara bilər.