Ermənilərin tələbi budur ki, sərhədlərin delimitasiya və demarkasiyasında 1975-ci ildə Rusiya ordusu Baş Qərargahı tərəfindən tərtib olunmuş və həmin qurumun baş arxivində saxlanılan xəritədən istifadə olunsun. Burada 3 sual yaranır: nəyə görə biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsində məhz bu xəritədən istifadə etməliyi? Həmin xəritə apriori olaraq dünya birliyi tərəfindən tanınıb, BMT-də qeydiyyata alınıbmı? Yoxsa Azərbaycan bununla razılaşıb?..
Bu fikirləri hafta.az-a siyasi şərhçi Elçin Alıoğlu deyib:
“Məsələ ondadır ki, 1975-ci ilə qədər Azərbaycan-Ermənistan sərhədinin perimetri boyunca hər il ərazinin bir hissəsi Moskvanın istədiyi kimi demarkasiya edilib. Yəni biz 1975-ci il xəritəsinin istifadəsinə razılıq versək, uduzacağıq. Anklavlar da 1920-ci ilin noyabrından bu yana müəyyənləşib və Ermənistana verilib. Sizə dırnaqarası bir “sirr” açım: Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı ayıran həmin Zəngəzur dəhlizinin uzunluğu bu gün 42,6 km-dir. Amma 1920-ci ilin noyabırınadək həmin ərazi vur-tut 2 km olub. Ermənilər həm o tərəfdən, həm bu tərəfdən ərazilərimizi peşkəş alaraq bu dəhlizi süni şəkildə uzadıb-yaradıblar. Odur ki, bu dəhliz də absurddur...
Bir sözlə, 1975-ci il xəritəsi Rusiyanın göstərişidir. Moskva danışıqlarda əsas moderator olmaq istəyir. Lavrovun Moskvada iyulun 25-də keçirilmiş görüşdə də əsas məqsədi buna yönəlmişdi. O, həm də həyasızcasına sülh müqaviləsinin Moskvada imzalanacağına işarə edərək sammitin orada keçirilməsini təklif edir. Etsin, bizim üçün problem deyil... Rusiyanın Azərbaycandakı təsir rıçaqları bu dəqiqə sıfıra bərabərdir. Bu gün Kreml heç Ermənistana da təsir edə bilmir. Paşinyan Moskvada görüşün keçirildiyi vaxt İrəvandakı brifinqində belə bir ifadə işlətdi: “Bundan sonra Rusiya çarına məktub yazmaq praktikasına son qoymalıyıq. Bütün dərdlərimizin dərmanını Rusiyada axtarmamalıyıq. Bax, bu, çox önəmli bir açıqlamadır... İkinci açıqlama ondan ibarətdir ki, Qarabağdakı ermənilərin təhlükəsizliyini Ermənistan təmin edə bilməyəcək. Üçüncü açıqlama isə odur ki, Qarabağdakı haykların müstəqilliyini heç vaxt heç bir ölkə tanımayıb və tanımayacaq. Yəni Rusiyanın bundan sonrakı çabaları boş söhbətlərdir. 1975-ci il xəritəsini tələb edirlərsə, kontr-arqument kimi biz də, - 1902, 1918, 1919, 1920, 1921-ci illərə dair cəmi 64 xəritə var, - onların hamısını Ermənistan və Rusiyanın qarşısına qoymalıyıq...
Aleksandr Dümanın Qafqaza zamanı Fransa imperiyasının çəkdiyi, Britaniya imperiyasının çəkdiyi xəritələr var. Bakıda 1918-ci ildə “Sentro-Kaspi” diktaturasının hakim olduğu zaman ingilis general Denstervilin göstərişi ilə çəkilmiş xəritələr, Azərbaycan Xalq Cümhuriyyətinin xəritələri, Millətlər Liqasının xəritələri var. Belə olan halda nədən 1975-ci il xəritəsini götürməliyik? Əgər vicdanı varsa, cənab Lavrov olan-qalan ağlını cəmləyərək, buyursun, bu suala da cavab versin...”