“Ermənilərin döyüşmək əzmi qırılıb və bunu özləri də yaxşı bilirlər” – Məhəmməd Mukim Popal

11:00 18.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənilər tarixi xislətlərinə sadiq qalaraq Azərbaycan torpaqlarına ardıcıl hücumlar edirlər. Məqsədləri birdir: Azərbaycan torpaqlarında qurduqları qondarma dövlətlərinin ərazisini yeni qəsblər hesabına bir az da genişləndirmək. Son belə cəhdlərini Tovuz rayonu ərazisində etməyə çalışdılar, amma peşman oldular. Düzdür, şəhidlərimiz oldu, amma Azərbaycan ordusunun şiddətli əks-zərbəsi nəticəsində yüzədək canlı itki verərək geri çəkilən ermənilərhəyatlarının şokunu yaşadılar. Əlbəttə ki, ordumuzun gücünə güc qatan bir amil də onlara sahib çıxan xalqdır. Xalq keçə və meydanlara axışaraq ordunun yanında olduğunu dünyaya bildirdi.

Bir çox dost və qardaş ölkə də bizə açıq dəstək verdi: Türkiyə, Pakistan, Ukrayna, Moldova, Əfqanıstan... Əfqanıstandan söz düşmüşkən, dost əfqan xalqı tarix boyu Azərbaycan dövlətinin və xalqının yanında dayanıb, şad günümüzə sevinib, kədərimizə üzülüb. Elə Azərbaycanda yaşayan çoxsaylı əfqan icmasını götürək, Qarabağ savaşının ən qaynar vaxtlarında əllərinə silah alıb döyüş meydanında torpaqlarımızı müdafiə edib və bu yolda şəhid də olub, qazi də. Həmsöhbət olduğum Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, keçmiş döyüşçü Məhəmməd Mukim Popal deyir ki, bu gün də dövlət icazə verərsə, silahlanıb erməni qəsbkarlarına qarşı döyüşə getməyə hazırdır:   

- Tovuz bölgəsində işğalçı ermənilər tərəfindən hər zaman hiyləgər hərəkətlər olub, bu dəfə baş verənlər də həmin hərəkətlərin davamıdır. Əvvəlcə şəhidlərə Allahdan rəhmət diləyirəm, ailələrinə, bütün qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Bilin ki, biz hər an yanınızdayıq. Bu səmimi sözləri şəxsən ozümün, Azərbaycanda yaşayan əfqanlar və bütün əfqan xalqı adından deyirəm.

- Biz azərbaycanlılar olaraq ölkəmizdəki əfqanların Qarabağ məsələsində bizə dəstək verdiyini yaxşı bilirik...

- Əlbəttə. Bu gün Azərbaycanda təxminən 2,5 minədək əfqan yaşayır və ya müvəqqəti məskunlaşıb. Bir cəmiyyət sədri olaraq deyirəm ki, əli silah tuta bilən əfqanların hamısı cəbhəyə getməyə hazırdır.

- Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri olaraq onlarla görüşüb-danışmısınızmı, əfqan icmasının Tovuzda baş verənlərə münasibəti necədir?

- Əfqanların mövqeyi açıqdır: hər biri deyir ki, Azərbaycan torpaqlarına təcavüz edən ermənilərə qarşı savaşmağa, torpaqları müdafiə etməyə canları-qanları ilə hazırdırlar.

- Olmusunuzmu müharibə gedən bölgələrdə, cəbhəyanı ərazilərdə?

- Bəli, olmuşam. Mən şəsən o bölgələrdə ilk dəfə 1993-1994-cü illərdə olmuşam və ondan sonrakı dövrdə də müntəzəm şəkildə Azərbaycanın hər bir guşəsini, o cümlədən qərb rayonlarını gəzmişəm. Bircə arzum var: Qarabağ və işğal altındakı digər rayonlar azad olunsun, biz də o yerlərə sərbəst, təhlükəsiz şəraitdə gedə bilək. Bu torpaqların azad olunması üçün isə, yenə təkrar edirəm, biz əfqanlar bütün imkanlarımızla hazırıq.

- Yəqin bilirsiniz ki, Azərbaycan xalqı, xüsusilə də gənclərimiz əfqanlara rəğbət bəsləyir, müharibə vəziyyətində əfqan döyüşçülərə güvənir...

- Başqa cür ola da bilməz, azərbaycanlılar bizim qardaşlarımız, bacılarımızdır. Bu ölkə, bu xalq bizə doğmadır. Bilin ki, Ermənistan Azərbaycana qarşı işğal siyasəti yürütdüyü üçün Əfqanıstan dövləti onunla heç bir əlaqə saxlamır. Nə siyasi, nə iqtisadi-ticarət, nə də başqa sahələrdə, sanki Ermənistan adlı dövlət yoxmuş kimi mövqe sərgiləyir dövlətimiz. Hətta hesab edirəm ki, Ermənistan özü Əfqanıstanla hər hansı formada əlaqə yaratmağa səy göstərərsə, mütləq rədd cavabı alacaq.

- Ermənilərin Tovuz rayonuna hücumu ilə bağlı Əfqanıstan hökuməti rəsmi açıqlama verdimi, mövqeyini bildirdimi?

- Sözsüz! Əfqanıstanın mövqeyi birmənalıdır: Azərbaycan sərhədləri toxunulmazdır, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və sair. Biz əfqanlar ilk gündən müsəlman və dost Azərbaycan xalqının dərdini, problemini özümüzünkü bilmişik. Çünki özümüz də uzun illərdir bənzər problemləri yaşamışıq deyə Azərbaycanı çox gözəl anlayırıq. Biz əla bilirik ki, ruslara arxalanan ermənilər Azərbaycana qarşı təxribat törədir, torpaqları qəsb etməyə çalışır, ümumiyyətlə, Azərbaycana zərər vermək istəyir.

- Rusdan söz düşmüşkən, əksər politoloqlar bu münaqişədən söz açarkən rus kəlməsini dillərinə gətirmirlər...

- Bilirsiniz, Rusiya hərbi qüvvələri Gürcüstandan çıxarıldıqdan sonra Ermənistana yerləşdirildi. Bu gün ruslar geri çəkilsə, Ermənistan tam sakitləşəcək. İndi dünyada vəziyyət belədir, kimsə kimisə mütləq dəstəkləyir. Rusiya da ilk gündən Ermənistanın arxasındadır.

- Mövzunu dəyişərək bir-iki kəlmə də cəmiyyətiniz haqda danışaq: neçənci ildə yaradılıb, məqsəd nəydi?

- Əfqanıstanın Azərbaycanda səfirliyi hələ açılmamışdı deyə, biz dostluq cəmiyyəti təsis etdik və 2007-ci ildə rəsmən qeydiyyatdan keçdik. İlk gündən Azərbaycanda yaşayan və müvəqqəti məskunlaşan əfqan icmasının problemlərini həll etməyə çalışdıq, ölkələrimiz arasında mədəni müstəvidə əlaqələrin inkişafına çalışdıq.

- Budur, səfirlik açıldı, amma çox təəssüf ki, dostluq cəmiyyəti olraq fəaliyyətiniz müdianın diqqətindən kənarda qaldı. Niyə əvvəlki fəaliyyətiniz azalıb?

- Səfirlik dövlətin qurumudur, iki ölkə arasında əlaqələr yaradır və bütün işlərdə tam səlahiyyətlidir. Bizim cəmiyyət isə sadəcə qeyri-hökumət təşkilatıdır. Buna baxmayaraq, səfirliyin və cəmiyyətimizin hərəsinin öz işi var. Cəmiyyət əsasən Azərbaycanda məskunlaşan əfqan icmasının toy-düyününü, yas məclislərini əlaqələndirir, bayram günləri əfqanları bir araya gətirərək tədbirlər keçirir və sair. Səfirlik isə siyasi-iqtisadi işlərlə məşğuldur.

- Bildiyim qədər, çox sayda əfqan Azərbaycanda vətəndaşlıq alıb, bir çoxları burada evlənib, ailə sahibidir və sair...

- Vaxtilə Qarabağ döyüşlərində iştirak etmiş 25 əfqan döyüşçüyə Azərbaycanda vətəndaşlıq verilib. Bir çox əfqan isə Miqrasiya idərəsi tərəfindən daimi və ya müvəqqəti qeydiyyata alınıb. Haradasa 20-25 faiz əfqan Azərbaycanda qeydiyyata düşüb, qalanlar isə üçüncü ölkəyə getmək istəyirlər. Azərbaycan çox az ölkələrdəndir ki, əfqanlar burada öz vətənlərində olduğu kimi yaşaya bilirlər. Çoxu da Azərbaycan dilini öyrənir, burada el dili ilə desək, özlərinə çörəkpulu qazana biləcək qədər də olsa iş qura bilirlər. Azərbaycan dövləti və xalqı əfqanlara çox böyük hörmət göstərir. Biz bu münasibətdən fəxr duyuruq. Azərbaycan bizim ana vətənimizdir və özümüzü burada xoşbəxt hiss edirik.

- Cəmiyyət sədrindən daha əvvəl keçmiş döyüşçüsünüz. Bir döyüşçü olaraq, Azərbaycan ordusunun indiki vəziyyətini necə xarakterizə edərdiniz?

- Azərbaycan ordusunun 1992-1993-cü illərlə indiki vəziyyətini müqayisə etmək olmaz. Əslində o illərin ordusu ilə indiki ordu arasında yerlə göy qədər fərq var. O vaxt ordu yeni qurulurdu, pərakəndəlik vardı və sair. Bu gün isə Azərbaycan silahlı qüvvələri dünyanın ən güclü 50 ordusundan biridir. Tam əminəm ki, bu gün müharibə başlasa, Azərbaycan ordusu Ermənistanın dərsini verəcək və işğal altındakı bütün torpaqlarını azad edəcək. Bir hərbçi olaraq deyirəm: bu gün Azərbaycan ordusunda çox böyük nizam-intizam mövcuddur.

- Burada bir məqam da var: xalq-ordu həmrəyliyi, Tovuz olayları baş verərkən də gördünüz ki, xlaq gecə-gündüz küçələrə axışaraq orduya dəstək aksiyası keçirdi...

- Bu gün başqa dünyada yaşayırıq. Müharibədə qələbə qazanmaq üçün müasir silah-sursatla yanaşı, həm də döyüşçülərdə qələbə əzminin olması lazımdır. Əsgərlər arxalarında böyük xalq gücünün olduğunu hiss etməlidirlər. Necə ki, Azərbaycanda on minlərlə insan orduya dəstək üçün küçəyə çıxdı, minlərlə insan döyüşə getmək məqsəilə adlarını qeyd etdirir və sair. Bir vaxtlar ruslar ən müasir silahla üstümüzə yeridi, əfqan xalqı üç milyon şəhid verdi, amma uduzmadı. Əliyalın əfqan xalqı dövlətini, torpağını müdafiə etmək üçün əzm, iradə nümayiş etdirdi və nəticədə rus ordusu məbluğ olub geri qayıtdı.

- Ümumiyyətlə, Azərbaycana etdiyi düşmənçilik prizmasından baxdıqda, Ermənistanın sonunu necə görürsünüz,  hadisələr necə cərayan edəcək?

- Ermənistan çox zəifdir, onların döyüşmək əzmi qırılıb və bunu özləri də yaxşı bilirlər. Hələ Aprel döyüşləri zamanı Azərbaycan öz gücünü onlara göstərmişdi. Odur ki, Ermənistan ordusu vaxt itirmədən Azərbaycan torpaqlarını tərk etməlidir. Bu sadəcə onların xeyrinə olardı.