Ermənistan “Dağlıq Qarabağ” iddiasından əl çəkmir – Müzakirə

18:55 21.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük müharibədən sonra Azərbaycan Ermənistanla sərhədlərini müəyyənləşdirib sülh sazişinin imzalanmasına çalışdığı bir vaxtda separatçılar “Qarabağı Ermənistana birləşdirək” havasını yenidən çalırlar.  Heç kəsə sirr deyil ki, hələ 1988-ci ildə “Dağlıq Qarabağda” olan erməni separatçıları həmin ərazilərin “Ermənistana birləşdirilməsi haqqında” sərsəm “qərar” çıxartmışdı.  Hətta 30 il sonra Ermənistan baş naziri Nikol Paşinyan da bundan həvəslənərək “Qarabağ Ermənistandır nöqtə” demişdi. 

İki gün əvvəl isə Ermənistanda həmin “qərarın” 30 illiyi qeyd olunub və erməni XİN-i həmin iddianı dəstəkləyən bəyanatla çıxış edib. Bu da Azərbaycanda ciddi etiraza səbəb olub. 

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli  hafta.az-a bildirib ki, bu gün Ermənistanda radikal revanşizm bir qədər kənara çəkilsə də, hətta 30 ildən sonra da cəmiyyətdə Azərbaycan ərazilərinin azad olunmasını qəbul etmək istəmirlər. Onun sözlərinə görə, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq oradakı revanşizm vaxtaşırı baş qaldıracaq və 1988-ci ildə qəbul olunan “qərarın” yenidən yada salınması məhz erməni cəmiyyətinə verilən “Qarabağ məsələsi yaddan çıxmayıb, çıxmayacaq” mesajıdır.

Q.Əlibəyli bildirib ki, bu gün Ermənistanda Qarabağla bağlı deyilən fikirlər, verilən “qərarlar” Azərbaycan hakimiyyətinin iradəsindən kənarda baş verir.  Ona görə də biz Ermənistana münasibətdə yalnız diplomatik təzyiq üsullarından istifadə edə bilərik:

“Hesab edirəm, Azərbaycan özünə əlverişli hüququ baza yaratmalıdır ki, Xankəndində, Xocavəndə, Xocalıda antiterror əməliyyatları həyata keçirdə bilsin.  Nə qədər ki, rus ordusu oradadır, bunu onların müdaxiləsi olmadan həyata keçirmək mümkün deyil. Sadəcə  Rusiya rəhbərliyi qarşısında məsələ qoymaq lazımdır ki, sülhməramlı adlanan qüvvələr öz missiyalarını yerinə yetirmirlər, əksinə separatçı cinayətkar rejimi müdafiə etməklə yanaşı onun qüvvətləndirilməsinə çalışırlar. Bu barədə kifayət qədər faktlar var və bizim rəsmi mövqeyimiz olmalıdır.  Belə bir  mövqenin olmaması separatçıarı daha da həvəsləndirir, Rusiya sülhməramlılarını da. Hər halda Azərbaycan gələcəkdə yeni problemlə üzləşməmək üçün özünə siyasi, geosiyasi, geostrateji baza yaratmaldır ki, antiterror əməliyyatını həyata keçirdə bilsin və Rusiya hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasına nail olsun”.

Demokratik Dəyişim Partiyasının Təşkilat Komitəsinin sədri, hüquqşünas Əli Mustafa hafta.az-a bildirib ki, məğlub tərəf olan Ermənistan zaman-zaman belə populist bəyanatlar verməklə, sanki cəmiyyəti sakitləşdirməyə çalışırlar.  İqtidar cəmiyyətin qəzəbini önləmək üçün, həm də cəmiyyətə mesaj verir ki, məğlub olsaq da, zəifləsək də biz heç də  Qarabağ iddialarımızdan imtina etməmişik.

Ə.Mustafa hesab edir ki, bu gün Azərbaycanda Qarabağla bağlı cəmiyyətlə ciddi bir müzakirəyə ehtiyac var. 

“Ola bilsin ki, Rusiya dövlətin atdığı addımları təpki ilə qarşılasın. Bu gün Xankəndi bölgəsində erməni yoxdursa, Rusiya da yoxdur. Rusiya Xankəndinə yalnız erməni icaması olduğu halda mövcuddur. Ona görə də hesab edirəm ki, bu baxımdan dövlətin geniş miqyaslı, xalqın da müzakirələrini ehtiva edən bir konseptual yanaşması olmaldır. Buna hansısa zaman kəsiyindən, Rusiyanı “qıcıqlandırmamaq pəncərəsindən” boylanaraq yox, fundamental -dövlətin suverenliyi, dövlətin ərazi bütövlüyünün təmin edilməsi, sərhəd toxunulmazlığının təmin edilməsi  əsasında yanaşılmalıdır”.  

Ə.Mustafa bəyan edib ki, Xankəndi-Qarabağ üzərindən beynəlxalq hüququn bir çox təməl prinsipləri pozulub. O, hesab edir ki, heç bir məsələ dövlətin suverenliyini təhdid edəcək qədər əhəmiyyətli deyil.

“Azərbaycan burda yaşayan erməni icmasına qarşı şərtlə çıxış etməlidir. Ermənistan Azərbaycandan qəti olaraq bu cavabı almalıdır:  “Qarabağ məsələsi bitib, erməni icması istəyirsə burda yaşasın. Ona veriləcək hüquqlar bizim daxili işimizdir. Ya qəbul edəcəklər, ya da Azərbaycan icması Ermənistan ərazisindən zorla çıxarıldığı kimi, erməni icması da ərazilərimizdən çıxmalıdır”.