"Ermənistanda keçirilmiş son seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin üstün mövqe əldə etməsi Azərbaycan–Ermənistan münasibətlərinin gələcəyi və sülh prosesinin perspektivləri baxımından mühüm siyasi nəticələr doğurur".
Bu barədə Hafta.az-a siyasi şərhçi Azər Hüseynov bildirib. Onun sözlərinə görə, seçkilərin nəticələri Ermənistan cəmiyyətində formalaşan yeni siyasi baxışların və regiondakı dəyişən geosiyasi reallıqlara uyğunlaşma meyllərinin gücləndiyini göstərir.
Ekspertin fikrincə, bu tendensiya sülh gündəliyinin təkcə diplomatik platformalarda deyil, həm də daxili ictimai-siyasi müstəvidə aktuallığını qoruduğunu ortaya qoyur:
“Seçkilərin nəticələri onu deməyə əsas verir ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi ölkənin gələcəyini yeni geosiyasi reallıqlara uyğunlaşdırmaq və regionda sabitliyin təmin olunması istiqamətində atılacaq addımları dəstəkləyir. Paşinyan hakimiyyəti son illərdə Ermənistanın xarici siyasətində Rusiyadan asılılığın azaldılması istiqamətində müəyyən addımlar atmağa çalışıb. Bu baxımdan, Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması İrəvanın regional siyasətində mühüm yer tutur".
A.Hüseynov vurğulayıb ki, uzun illər davam edən münaqişə Cənubi Qafqazda xarici güclərin təsir mexanizmlərindən biri kimi çıxış edib və regionun inkişafına ciddi maneələr yaradıb. O, qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin son dövrlərdə keçirdiyi görüşlər və aparılan təmaslar göstərir ki, tərəflər artıq ümumi prinsiplərdən daha çox konkret mexanizmlər və hüquqi detallar üzərində işləyirlər. Bu isə sülh prosesinin müəyyən mərhələləri geridə qoyduğunu və yekun sənədə doğru real irəliləyişin davam etdiyini təsdiqləyən mühüm göstəricidir.
Ekspert onu da qed edib ki, yekun sülh müqaviləsinin imzalanması üçün hələ də aradan qaldırılmalı olan maneələr mövcuddur. Onun fikrincə, əsas problemlərdən biri Ermənistan daxilində revansist siyasi dairələrin təsir imkanlarıdır:
“Bu qüvvələr regionda yaranmış yeni reallıqları qəbul etməkdə çətinlik çəkir və normallaşma prosesinə müxtəlif formalarda müqavimət göstərməyə çalışırlar. Davamlı sülh üçün bu yanaşmanın siyasi təsir imkanlarının minimuma endirilməsi vacibdir. Xüsusilə Ermənistan Konstitusiyası ilə bağlı məsələ sülh gündəliyinin ən həssas istiqamətlərindən biri olaraq qalır. Bu sahədə mümkün dəyişikliklər həm hüquqi ziddiyyətlərin aradan qaldırılması, həm də tərəflər arasında etimad mühitinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sülh prosesinin sürətlənməsi böyük ölçüdə Ermənistanın daxili siyasi iradəsindən və islahat qərarlarından asılıdır.
Ümumilikdə, sülhə aparan yol əvvəlki dövrlərlə müqayisədə daha real və praktik mərhələyə qədəm qoyub. Lakin prosesin uğurla yekunlaşması üçün Ermənistan rəhbərliyinin revansist təzyiqlərə qarşı qətiyyətli mövqe nümayiş etdirməsi, konstitusiya məsələsini həll etməsi və regional əməkdaşlıq kursunu davam etdirməsi vacibdir”.
A.Hüseynov bildirib ki, sülhün reallaşması istiqamətində əsas məsuliyyətin mühüm hissəsi Ermənistan tərəfinin üzərinə düşür və regionun gələcək sabitliyi də bu addımların həyata keçirilməsindən birbaşa asılı olacaq.