Ermənistan yenə də sülhə razı olmadığını nümayiş etdirir - Politoloq

14:00 06.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan bölgədə möhkəm və hərtərəfli sülhə razı olmadığını nümayiş etdirir. Buna görə də Brüsseldə əldə  olunan razılaşmalardan sonra həm sərhədlərdə, həm də təmas xəttlərində atəşkəsi pozmaqda, müxtəlif təxribatlar törətməkdə davam edir. Sərhədlərdə təxribatlar və pozuculuq əməlləri Ermənistanın əldə olunmuş razılaşmaları sona qədər icra etməkdə iradə sahibi olmadığını göstərir”.

Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev Ermənistan rəhbərliyinin Brüssel görüşündən sonra verdiyi təxribatçı bəyanatlar, eləcə də Laçın və Kəlbəcər istiqamətində erməni silahlı qüvvələrinin Azərbaycanla əldə olunan atəşkəsi pozaraq təxribatlar yaratması ilə bağlı açıqlamasında bildirib.

A.Quliyev bildirib ki, 44 günlük müharibədən və əldə olunan üçtərəfli atəşkəs sazişindən sonra erməni silahlı qüvvələri və Qarabağda qalan qeyri-qanuni silahlı birləşmələri daim atəşkəsi pozmaqda davam edir. Onun sözlərinə görə, üçtərəfli razılaşmalardan sonra Ermənistan rəhbərliyinin bu cür oyunpozanlıq etməsi artıq bu ölkə üçün adətə çevrilib və görünən odur ki, Ermənistan sözlə başa düşən deyil.  

“Ona görə də, Ermənistan tərəfi Brüssel görüşündəki razılaşmaların təbiətinə uyğun olmayan bəyanatlar verir, addımlar atır. Belə ki, Brüssel görüşündən sonra Ermənistanın baş naziri hökumətin iclasında bölgədə sülh gündəliyinin Ermənistan tərəfindən qəbul olunduğunu və bunun icrası üçün yüksək iradənin vacibliyini bəyan etmişdi. Amma biz başqa hadisələrin şahidi oluruq”.

A.Quliyev bildirib ki, əgər Ermənistan sülh gündəliyini qəbul edibsə, onda  Brüssel görüşündən dərhal sonra sentyabrın 2-də Xankəndində olan qondarma separatçı qurumun “müstəqillik günü”nü  qeyd etməsi nə deməkdir?!.

“Təbii ki, bu pozucu addımdan başqa bir şey deyil. Yaxud, əgər Ermənistan sülh gündəliyini qəbul edibsə, onda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Qriqoriyan qondarma qurumun qondarma müstəqillik günündə Qarabağa niyə səfər edirdi?! Niyə unudurlar ki, Ermənistanın dövlət məmurlarının, rəhbərlərinin Azərbaycandan icazəsiz istədikləri vaxt suveren ərazilərimizə gedib – gəlmələri sülh prosesi üçün dağıdıcı rol oynayır və Azərbaycanın  suveren hüquqlarına qəsd eləməkdir.

Ermənistan sülh gündəmini necə qəbul edir ki, Brüssel görüşündən sonra Xarici İşlər Nazirliyi bəyanat yayır ki, “Qarabağ münaqişəsi həll olunmayıb”, ““Dağlıq Qarabağ” adında ərazi vahidi görməzlikdən gəlinə bilməz”, “Dağlıq  Qarabağ” adında ərazi vahidi var. Guya Qarabağda 120 min erməni yaşayır”.

A.Quliyev Ermənistan rəhbərliyinin bu cür təxribatçı, pozucu bəyanatlarına, davranışlarına istinad edərək, Ermənistanın çox təxribatçı və olduqca təhlükəli bir oyunlar qurduğunu önə çəkib.  “Ermənistanın baş naziri bir tərəfdən sülh gündəliyini qəbul etdiyini deyir, bir tərəfdən də XİN-in mövqeyinə görə guya 120 min erməninin yaşadığı bölgənin adını kənara qoymaq olmaz”. Ermənistan rəhbərliyi sərsəmləyir ki, həmin insanların statusu və təhlükəsizliyi müəyyənləşənə qədər  “Dalıq Qarabağ” ərazi vahidi kimi qalmalıdır. Eləcə də Ermənistan xarici işlər naziri Brüssel görüşündən sonra bəyanat verir ki, Azərbaycanın təklif etdiyi sülh şərtləri gündəmin heç də bütün məsələlərini əhatə eləmir. Biz Azərbaycanın təkliflərindən sonra ATƏT-in Minsk Qrupu ölkələrinə müraciət etmişik, bizim həmin müraciətimizdən sonra sülh gündəmi tamamlandı, və bundan sonra sülh danışıqları Minsk Qrupunun həmsədrləri çərçivəsində getməldiir”.

A.Quliyev bildirib ki, vasitəçilərin  sonuncu dəfə Brüsseldə mətbuata açıqlamalarında “Dağlıq Qarabağ münaqişəsi”, “status” və sair belə arxaik  kəlmələrə bir işarə edilməsə də, Ermənistan rəhbərliyinin yenə də həmsədrlik formatından danışması əldə olunmuş razılaşmalara qarşı təxribatdır.

Siyasət rubrikasından digər xəbərlər