Ermənistanın Azərbaycana qarşı ekosid siyasətinin ifşası Avropa mətbuatında

12:18 10.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB)  tərəfindən həyata keçirilən “Ermənistanın Azərbaycana qarşı ekosid siyasətinin ifşası” layihəsinin icrasına start verilib.

Hafta.az-a EMİB-dən verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunan layihənin əsas məqsədi Azərbaycanın transsərhəd olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi, Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarda həyata keçirdiyi ekoloji terror, Vətən müharibəsinin bitməsindən 5 il keçməsinə baxmayaraq müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi olan mina terrorunun Ermənistan tərəfindən bu gün davam etdirməsi,  bunun nəticəsi olaraq günahsız mülki şəxsklərin öz həyatlarını itirməsi barədə Avropa  ictimaiyyətini məlumatlandırmaqdır.

Layihənin icrası məqsədilə erməni icmalarının daha aktiv fəaliyyət göstərdiyi Fransa, Rumıniya, İtaliya, İsveç və Monteneqronun aparıcı KİV-lərində  Ermənistanın Azərbaycana qarşı həyata keçirilən ekoloji cinayətlər, o cümlədən  Oxçuçayda törədilən ekoloji terror , bunun nəticəsi olaraq ölkəmizin, ümumilikdə götürdükdə isə regionun fauna və florasına dəymiş zərərlər, eləcə də mina terroru barədə məqalələr yerləşdiriləcək.

Məqalələrdə həmçinin qeyd edilir ki, bütün nüfuzlu beynəlxalq təşkilatların səylərinə, çağırışlarına rəğmən rəsmi İrəvanın mina xəritələrini hələ də Bakıya təqdim etməməsi, Vətən müharibəsinin bitməsindən 5 il keçməsinə baxmayaraq  Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınması Ermənistanın heç də sülhpərvər ölkə olmadığını nümayiş etdirməklə yanaşı, onun bölgədə uzunmüddətlə sülhün bərqərar olunmasında maraqlı olmadığını bir daha təsdiqləyir.

EMİB bu layihəni icra etməklə özünü demokratik dövlət adlandıran Ermənistan hakimiyyətinin iç üzünü bir daha Avropa ictimaiyyətinə göstərməyi qarşısına hədəf  qoyub.