Hindistandan Ermənistana strateji hava yolunun açılağına dair məlumatlar yayılır. Bu yolun yalnız İran vasitəsilə reallaşdırıla biləcəyi qeyd olunur. Dehli və İrəvan bu istiqamətdə əməli fəaliyyətə də keçib. Son illərdə İrəvanın Hindistandan yüzmilyonlarla dollar dəyəri olan silahlar alması faktını nəzərə alsaq, bu dəhlizin hansı məqsədlərlə yaradıldığı bəlli olur. Perspektivdə bu yolla Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahların Ermənistana daşınması nəzərdə tutulur. Ermənistanda Aİ missiyasının fəaliyyət göstərdiyi, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıqdan tədricən kənarlaşdığı, bu ölkədə Rusiya hərbi kontingentinin fəaliyyət çərçivəsinin getdikcə daraldığı və qarşıdan gələn dövrdə son qoyulmasının planlaşdırıldığı, həmçinin strateji məqsədin Ermənistanda Rusiyaya qarşı yeni cəbhə yaradılması olduğu nəzərə alınaraq, Ermənistanın tamamilə Qərbin nəzarətinə keçməsi prosesinin yürüdüldüyü aydınlaşır. İran Hindistanla Ermənistan arasında strateji hava yoluna şərait yaratmaqla bu planın gerçəkləşməsinə töhfə vermiş olur ki, bunun da nəticədə İranın özü üçün hansı problemlər yaradacağı aydındır.
Deputat Arzu Nağıyev hafta.az-a bildirib ki, Hindistan Azərbaycanın Pakistanla münasibətlərinə alternativ olaraq belə addımlar atır. Bu hava marşrutu daha çox hansısa yeni alyansın yaradılmasına istiqamətlənir, artıq yeni bir alyansın yaradılması ilə bağlı bəyanatlar da verirlər.
Deputat qeyd edir ki, Hindistanın Ermənistana hava yolu açması, əsasən, silahların daşınması ilə bağlıdır. Hindistan silahlarının o dərəcədə ciddi gücə malik olmadığını deyən A.Nağıyev məlum yükdaşımaların müxtəlif ölkələrin üzərindən keçəcəyini qeyd edərək, bir sıra dövlətlərin buna imkan verməyəcəyi ehtimalını önə çəkib. O, son araşdırmalara görə bu hava marşrutunun yalnız İran üzərindən ola biləcəyini deyib.
“Son vaxtlar Ermənistan rəhbərliyi və havadarları guya Zəngəzur dəhlizinə alternativ yeni marşrut açmaq iddiasını ortaya qoyur. Hindistan hava məkanından İrana, oradan da Ermənistana silah daşınmasını təmin etmək istəyir. Artıq quru və yaxud dəniz yoluna alternativ olaraq müxtəlif dövlətlər bu yolu ortaya qoyublar”.
A.Nağıyev bildirib ki, Azərbaycan bu məsələlərdən xəbərdardır və münasibəti müsbət deyil. Bu, Azərbaycanın rəqibi olan, düşmənçilik siyasəti aparan dövlətlər və onların dəstəkçilərinin atdığı addımlardır: “Azərbaycanın müstəqil daxili və xarici siyasəti var. Azərbaycan hər hansı təhdidin qarşısını almaq üçün hazırdır”.
Politoloq Rəşad Bayramov hesab edir ki, belə bir dəhlizin yaradılması, heç şübhəsiz, Ermənistanla Hindistan arasında logistikanı gücləndirəcək. Onun fikrincə, əgər bu yolun əsasən silah daşınması üçün istifadə olunacağını nəzərə alsaq, bu yola “silah dəhlizi” də demək mümkündür.
Politoloq bildirir ki, burada əsas məqsədin Ermənistanın hərbi gücünü artırmaq və onu möhkəmləndirmək, bununla da regionda gərginliyi saxlamaqdan ibarətdir.
“Bu dəhliz Fransa-Hindistan-Ermənistan üçbucağının inkişafına təkan verəcək. Hindistanın Pakistan-Azərbaycan münasibətləri fonunda Cənubi Qafqazda müttəfiq tapmaq istəməsi və eyni zamanda İranın da bu yolu açacağı mümkün görünür. İrana görə güclü Azərbaycan və Türkiyənin Cənubi Qafqazda artan nüfuzu ona böyük təhlükədir. Ona görə də İran Azərbaycan -Türkiyə-Pakistan üçbucağına qarşı olan tərəfdə dayanacaq”.
R.Bayramov İranın Ermənistanın bütün imkanları ilə Rusiyanı Qərblə əvəz etməyə çalışdığını dərk etdiyini qeyd edərək, bu məsələdə qeyri-səmimi davrandığını bildirib. Onun sözlərinə görə, regiona kənar qüvvələrin gəlməsinə qarşı ara-sıra bəyanatlar verən İrandan Ermənistana xəbərdarlıq da olunub. Amma İran bu etirazlarında səmimi deyil.
“Azərbaycan-İsrail münasibətlərini hər fürsətdə tənqid edən, hətta zaman-zaman "şirin qiyruğu ilə oynamayın" deyə bəyanatlar verən, rəsmi televiziyalarında Azərbaycana qarşı qarayaxma kampaniyası aparan İran Ermənistan-ABŞ birgə təlimlərinə, eləcə də mülki müşahidə missiyası adı altında ayrı-ayrı ölkələrin kəşfiyyat qurumlarının Ermənistana yerləşdirilməsinə reaksiya bildirmədi. Çünki İran Ermənistanla münasibətlləri korlamaqda maraqlı deyil. İran sərhədləri Azərbaycan və Türkiyə ilə bağlı olan, yalnız yaz-yay aylarında Gürcüstandan keçə bilən Ermənistan üçün yeganə nəfəslik rolunu oynayır”.
R.Bayramov eyni zamanda qeyd edir ki, hər iki ölkənin anti-Azərbaycan, anti-Türkiyə mövqeyi, Zəngəzur dəhlizi ilə bağlı ortaq nöqtədən çıxış etmələri bu ölkələri birləşdirən əsas xəttir. Onun fikrincə, bura İranın, Ermənistanın əsas dayağı rolunda çıxış edən Fransa ilə isti münasibətləri əlavə edilsə, İran Azərbaycan Türkiyə, Pakistan, eləcə də türk dünyasına qarşı Ermənistan, Hindistan, Fransa, Yunanıstan blokunun yanında yer ala bilər.
“Tehranın özünün iqtisadi maraqları var. Əsas istəyi neft satışını təmin etmək, maliyyə blokadasından çıxmaqdır. Qərb isə Rusiyanın regiondan çıxması şərti və Avropanın qaza olan tələbatı baxımdan İrana bu imkanları yarada bilər. Amma İran bilməlidir ki, bu imkanlar müvəqqəti rol alacaq. İrəvan özü davamlı sadiq müttəfiq deyil. Biz bunu Rusiya-İrəvan münasibətlərində gördük. Bu gün Qərb, eyni zamanda, Rusiya-İran münasibətlərinə zərbə vurmaq üçün də Tehrana vədlər verə bilər. Bir müddət sonra onun Ermənistanın özündən İrana qarşı istifadə edəcəyi şübhəsizdir”.
Politoloq bildirir ki, hazırda Ermənistanın Qərbin nəzarətinə keçmə prosesi gedir. Hindistandan hava yolunun açılmasına icazə verməklə faktiki olaraq bu prosesin gerçəkləşməsinə təkan verir.
“Bu, Qafqazda sülhün bərqərar olmasına zidd olmaqla yanaşı, İranın özü üçün də problemlər yaradacaq”.