Finlandiyalı sənətçilərdən çağırış: İsrail “Eurovision”a buraxılmasın!

10:32 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Finlandiyalı sənətçilər Qəzza müharibəsi səbəbindən İsrailin “Eurovision”a qatılmasına qadağa qoyulmasını tələb ediblər.

Hafta.az-ın yazdığına görə, aralarında rəssamlar və musiqi sənayesi rəsmiləri də daxil olmaqla 1400 nəfər imza toplayıb və İsrailin mayın 7-12-də İsveçin Malmö şəhərində keçiriləcək mahnı müsabiqəsinə buraxılmamasını tələb edib.

Sənətçilər həmçinin İsrailin iştirakının qarşısı alınmazsa, Finlandiyanın müsabiqədən çıxmasını tələb ediblər.

Finlandiyanın ictimai yayım şirkəti “Yle” bildirib ki, müsabiqəni təşkil edən Avropa Yayım Birliyinin (EIB) tutduğu mövqe yaxından izlənilir.

Bəyannaməyə imza atan yazarlardan biri olan Lukas Korpelainen İsveçin “Hufvudstadsbladet” qəzetində “İsrailin “Eurovision” mahnı müsabiqəsində iştirak edib öz imicini yaxşılaşdırmağa çalışmasının düzgün olmadığını iddia edib.

İsrailin iştirakını istəməyən və bəyannaməni imzalayanlar arasında 2011-ci ildə Finlandiyanı “Eurovision”da təmsil edən musiqiçilər də var: Olavi Uusivirta, Paleface və Axel Ehnström.

Sənətçilər “Yle”nin Ukrayna müharibəsinə görə 2022-ci ildə Rusiyanın “Eurovision”a qadağa qoyulması çağırışını edən ilk yayımçılardan biri olduğunu xatırladaraq Qəzza müharibəsində belə bir addımın atılmamasını “ikili standartlar” adlandırıblar. EIB sonradan Rusiyanın müsabiqədə iştirakına icazə vermədi.

Digər tərəfdən, EIB-nin dekabrda verdiyi açıqlamada müsabiqənin siyasi olmadığı və 50 ildir “Eurovision”da iştirak edən İsrailin də İsveçdəki yarışmada yarışacağı bildirilib.

Bunun üzərinə islandiyalı sənətçilər də birgə bəyanat yayaraq İsrailin iştirakını boykot etməyi xahiş ediblər. Sənətçilər İsrailin iştirak edəcəyi təqdirdə Finlandiyanın müsabiqədən çıxmasını tələb etmişdilər.

Siyasət rubrikasından digər xəbərlər