Fransa odla oynayır - Aktual

19:27 28.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 

Fransa Cənubi Qafqazda yaranmış sülh şanslarının heçə enməsi üçün təxribatçı fəaliyyətini davam etdirir. Bu dəfə Paris daha da irəli gedərək, 30 il ərzində Azərbaycanın işğal altındakı ərazilərini işğalda saxlaması səbəbindən ağır məğlubiyyətə uğrayan Ermənistana müasir silah sistemləri göndərməyə qərar verib. Maraqlı məqam odur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, yəni Rusiyanın hərbi müttəfiqi olduğu halda, İrəvana veriləcək hava hücumundan müdafiə sistemləri NATO standartlarını özündə eştiva edir. Yəni, Fransa həm də Ukrayna böhranına görə hərbi qarşıdurma səviyyəsində olan NATO müttəfiqlərini bir növ əsas düşmən elan etdikləri Rusiyanın ayağına verir. Təbii ki, Moskva İrəvanın əldə edəcəyi bu sistemlərin iş prinsipini, zəif və güclü cəhətlərini araşdırmaq üçün qızıl imkan qazanır. Hansı ki, bu məlumatlar ona Ukraynada NATO silahlarına qarşı daha effketli mübarizə şansı yaradacaq. Vaxtilə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Ankaraya qarşı səlib yürüşünə başlayan NATO müttəfiqləri nədənsə eyni mövqeni Fransanın Ermənistanı silahlandırmaq planlarına qarşı sərgiləmir. Bu, bir daha Fransa və Qərbin Cənubi Qafqazda sülh şəraitinin yaranmasında, sabitliyin əldə olunmasında maraqlı olmadığının göstəricisidir.    

Millət vəkili Elşad Mirbəşir bildirir ki, Fransa Ermənistanı silahlandırmaqla onu Azərbaycana qarşı revanşa sövq etməkdədir. Ermənistandakı hakmiyyət Qərb tərəfindən formalaşıb və müstəqil siyasət yürüdə bilmir: «Ermənistan hakimiyyəti Avropadan, ABŞ-dan gələn təlimatlar əsasında davranır. Havadan müdafiə ilə bağlı sistemlərin Ermənistana verilməsi, İrəvanın hərbi arsenalının yenidən formalaşdırmaq istəkləri ona dəlalət edir ki, Fransa Cənubi Qafqazda yendən silahlı münaqişənin alovlandırılmasını qarşısına məqsəd qoyub”.

Deputat qeyd edir ki, Fransa Ermənistana verdiyi yeni silahları öz sərəncamında saxlayaraq ermənilərin əli ilə istifadə edəcək. Fransanın bu addımı qınanılmalıdır.

 Deputat bildirir ki, Azərbaycan Prezidentinin iradəsi, dövlətin gücü, qətiyyəti Cənubi Qafqaz regionunun münaqişə potensialını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Lakin Fransa Ermənistanı silahlandırmaqla regionun münaqişə potensialının olduğunu nümayiş etdirməkdədir.  Bütün bunlara qarşı təxirəsalınmaz addımlar atılmalıdır.

“Fransanın sərgilədiyi mövqe bugünə qədərki davranışlarının davamıdır. Fransa işğalçılıq siyasətinin nəticələrini saxlamaq üçün Ermənistana dəstək olub. ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi ilə deyil, onun idarə olunması ilə məşğul olub. Məqsəd Ermənistana vaxt qazandırıb, uzun müddət işğal altında saxladığı Azərbaycan torpaqlarının anneksiyasını həyata keçirmək idi”.

Deputat qeyd edir ki, Fransanın digər başlıca məqsədi Ermənistandan istifadə edərək, Cənubi Qafqaza müdaxilə imkanlarını genişləndirməkdir: “Təsadüfi deyil ki, Fransa parlamentində  müzakirlər zamanı aşkar şəkildə separatizmin dəstəklənməsi ilə bağlı çağırışlar edilirdi. Çünki, separatizmin olması Fransanın maraqlarına xidmət edir. Avropa siyasi dairələrində hər zaman yanaşma ondan ibarət olub ki, Azərbaycan ərazilərindəki ermənilərin vəziyyəti beynəlxalq mexanizmlərin tətbiqi ilə müəyyənləşsin. Beynəlxalq mexanizmlərlə hər hansı bir formada  o dövrdə ermənilər yaşayan Azərbaycan ərazilərinə müdaxiləlr etsinlər. Bu, bütün hallarda Avropa dairlərinin geosiyasi maraqlarının xidmət edəcək mexanizm olacaqdı. Avropa İttifaqı Ermənistana mülki missiya göndərdi. Bəlli oldu ki, o missiya Fransa və Almaniyanın güc strukturlarından təşkil olunub. Beynəlxalq mexanizm adı ilə hansısa bir missiya regiona göndərilə bilərdi. Lakin Azərbaycan preventiv davrandı və öz ərazilərində separatizmin kökünü kəsdi. Fransanın bəzi siyasi dairlərinin əllərindəki alət əhəmiyyətini itirmiş oldu. Azərbaycan ərazisində separatizm yoxdursa, deməli siyasi spekulyasiya üçün patforma yoxdur”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanovun da qənaətincə, Ermənistanın sülhdən qaçması, hərbi meyildən əl çəkmədiyini ortaya çıxarır. Geosiyasi arenada gedən proseslərə nəzər salsaq, Ermənistan baş nazirinin təhlükəli oyun oynadığını deyə bilərik: «Ermənistan Rusiyaya qarşı olan qüvvələrə şərait yaradaraq regionda qarşıdurma yaratmaq üçün katalizator rolunu oynayır. Bu, region üçün təhlükəli amildir. Bu baxımrdan, Ermənistanın silahlandırılması region dövlətləri yaxşı heç nə vəd etmir”.

Ş.Ramaldanov qeyd edir ki, ilk baxışdan Ermənistanın müstəqil bir dövlət kimi digər dövlətlərlə əməkdaşlığı, o cümlədən hərbi istiqamətdə qurduğu münasibətlər normal görünür.  Ermənistanda revanşist qüvvələrin müəyyən təsirlərinin olmasını, siyasi, hərbi rəhbərlik arasındakı problemləri, daxili gərginliyi nəzərə alsaq, Ermənistanın silahlandırılması regionda vəziyyətin gərginləşdirilməsinə gətirib çıxara bilər.

Ekspert hesab edir ki, Ermənistanın iqtisadi vəziyyətini nəzər alsaq, bu silahlar ona kredit, ya da yardım formasında verilə bilər. Onun fikrincə, bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin asılı vəziyyətdə qalaraq sifarişləri yerinə yetirməsinə şərait yaradacaq:

 “Fransanın qərəzli mövqeyi, burda olan maraqları onu deməyə əsas verir ki, vəziyyətin gərgin olması istisna deyil. Xüsusən də, Azərbaycana olan qərəzli mövqeyi diqqətdən qaça bilməz”.

Ekspert hesab edir ki, Azərbaycan müəyyən addımlar ataraq bu prosesi əngəlləyəcək. Onun fikrincə, hazırda 3+3, yaxud 3+2 görüşləri regionda olan sabitliyə yönələn xəttir. 

“Ermənistanın Fransa, Hindistan və digər dövlətlər tərəfindən silahlandırılması onu Azərbaycanla müqayisə olunacaq səviyyəyə çatdıra bilməz. Maraqlı güclərin revanş niyyəti ilə atdığı addımlar ürəklərində qalacaq.  Azərbaycan Ordusunun inkişafı, gücü hər an təxribatların qarşısını almağa, vəziyyəti gərginləşdirmək istəyənlərə cavab verməyə qadirdir. Azərbaycan öz torpaqlarını qorumaq, təxribatlara cavab vermək durumundadır. Ona görə də Ermənistanın silahlandırılması Azərbaycanı narahat etmir. Bu, sadəcə regionda gərginlik fonu yaratmaqla iqtisadi layihələrin gerçəkləşməsini gecikdirə bilər. 3+3 və yaxud, 3+2 formatında məsələlər müzakirə olunaraq iqtisadi prosesə maneə olan halları nəzərdən keçirib, Ermənistanı sülh müqaviləsini bağlamağa məcbur edə bilərlər”.

Politoloq Turan Rzayev isə bildirir ki, Ermənistanın müdafiə naziri Suren Papikyanla fransalı həmkarı Sebastyan Lekornun görüşündə diqqətçəkən məqam müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənədin imzalanmasıdır. Sənədə əsasən, Fransa Ermənistana “Thales” şirkətinin istehsalı olan üç “GM200” radarı və “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərini verəcək.

“Lekornu bildirib ki, Fransa Ermənistana qurudan müdafiə qüvvələrini hazırlamağa kömək edəcək və ölkənin silahlı qüvvələrinin islahatları, modernləşdirilməsi səylərini dəstəkləyəcək. Həm GM200 radarı, həm də “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemləri müdafiə xarakterlidir. Fransa bu məqamı xüsusilə vurğulayır. Aydın məsələdir ki, Fransa bu məqamı Rusiya faktoruna görə qeyd edir. Bundan başqa, regionun digər ölkələri İran və Türkiyənin də məsələyə narazılıq bildirməsi ehtimalını bu açıqlama ilə neytrallaşdırmaq istəyir”.

Politoloq qeyd edib ki, Fransanın əsas məqsədi bu silahların Azərbaycana qarşı istifadəsini təmin etməkdir. Onun fikrincə, Ermənistana veriləcək qurğular, silahlar müdafiə xarakterli olsa da, gec-tez Azərbaycana qarşı ehtimal müharibədə istifadə edilməsi planlaşdırılır.

“Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemləri PUA-ların vurulmasında effektivdir. Lakin bundan başqa bu sistemlərlə helikopter və qırıcı təyyarələrini də vurmaq mümkündür. “GM200” isə hava nəzarəti boşluqlarını dolduran və ya hava hücumundan müdafiə sistemi üçün sensor kimi fəaliyyət göstərir. “GM200”, həmçinin raket, artilleriya, minaatana qarşı xəbərdarlıq qabiliyyətinə malikdir.

Azərbaycan daha çox PUA, dron texnologiyalarında ixtisaslaşıb və hazırda ən güclü PUA, dron ehtiyatına sahib ölkələrdəndir. Bu fakt belə öz növbəsində Fransanın qeyd edilən qurğuları və sistemləri Ermənistana Azərbaycana qarşı ehtimal müharibədə istifadə edilməsi üçün verdiyini təsdiqləyir”.

Politoloq bildirib ki, Fransa bununla Azərbaycana zərbə vurduğunu düşünsə də, rəsmi Bakının Parisə vurduğu zərbə daha effektiv və təhlükəlidir.

“Belə ki, söhbət bir neçə gün öncə Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransdan gedir.

Konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin -Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa, həmçinin Korsika təmsilçiləri də iştirak etdi. Yeni Kaledoniya və Korsika adasının nümayəndələrinin konfransda iştirakı isə xüsusilə diqqət çəkir.

Yeni Kaledoniya 2018 və 2020-ci ildə Fransadan ayrılmaq və öz müqəddəratını təyin etmək üçün referendum keçirib. Rəsmi Parisin prosesə süni müdaxiləsi nəticəsində hər iki referendum da nəticəsiz qalıb. Bununla belə Yeni Kaledoniya Fransandan ayrılmaqda qərarlıdır.

Nəticə etibarilə rəsmi Bakının Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikaya öz müqəddəratını təyinetmədə dəstək verməsi strateji və uzaqgörən bir addımdır. Fransanın Azərbaycanın əleyhinə Ermənistana verdiyi hərbi qurğular, silahlarla müqayisədə Bakının atdığı bu addım daha ciddidir. Yəni istər müdafiə, istərsə də hücum silahı olsun – bunlar təkmilləşə, daha güclüləri alına bilər, lakin bir xalqın ürəyinə düşən müstəqillik arzusunu heç nə silə bilməz. Bakının verdiyi dəstək fonunda həm Korsikanın, həm də Yeni Kaledoniyanın müstəqillik hərəkatı müvəffəqiyyətlə yekunlaşacaq”.

Göründüyü kimi, Afrikada, dünyanın bir çox yerlərində siyasi cəhətdən iflasa uğrayan rəsmi Paris bu dəfə Cənubi Qafqazda Azərbaycanın odunda yanacaq. Avropanın rus soyuğundan qorunmasına nicat kimi baxdığı Azərbaycan qazının istisi isə Parisi qovuracaq.

Siyasət rubrikasından digər xəbərlər