Fransa prezidenti erməni diasporu tərəfindən idarə olunur

12:03 14.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Sentyabrın 30-da Fransa prezidenti Emmanuel Makron Latviyaya səfəri çərçivəsində baş tutan mətbuat konfransında çıxış edərək Ermənistan - Azərbaycan münaqişəsi ilə bağlı son hadisələrə münasibət bildirərkən Azərbaycan tərəfini sərt tənqid edib. Fransa prezidenti eləcə də Türkiyə tərəfini işğal olunmuş Azərbaycan torpaqlarının Azərbaycan tərəfindən “yenidən zəbt edilməsində” iştirak etdiyi üçün ittihamlayıb və Ermənistana öz dəstəyini bildirib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın prezidenti kimi Makronun bu cür çıxışı obyektiv sayılmamaqla yanaşı, Ermənistana da ilk dəstəyi deyil”.

Hafta.az yazır ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Roza Əsgərova səsləndirib. Xanım politoloq deyib ki, 2001-ci ildən Fransanın qondarma erməni soyqırımını tanıması ilə bərabər məhz E.Makronun 10 aprel 2019-cu il tarixli qərarına əsasən 24 aprel ölkədə qondarma “erməni soyqırımının anım günü” elan edilib. Lakin E.Makronun erməni sevgisi onun prezidentliyindən əvvəlki dövrdən başlayır. “O, hələ prezidentliyə namizədliyini irəli sürdüyü vaxtdan erməni diasporu ilə sıx münasibət qurmağa başlayıb. 2017-ci ilin fevralında Makron erməni icmasının ənənəvi ziyafətində iştirak dəvətini qəbul etməsə də, aprelin 24-də prezident seçkiləri ərəfəsində, Parisdə “erməni soyqırımı” abidəsinə baş çəkib, Fransada qondarma soyqırımın anım gününü təsis edəcəyinə söz verib. Həmin addımla E.Makron erməni diasporunun, o cümlədən Fransada ermənilərin ən böyük təşkilatı olan Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurası (Coordination Council of Armenian organizations of France) dəstəyini qazanıb. Belə ki, 28 aprel 2017-ci il tarixində təşkilatın həmsədrləri Murad Papazyan və Ara Toranyan prezident seçkilərinin 2-ci turunda erməni icmasının E.Makronu dəstəkləyəcəyini bildiriblər. 2018-ci ildən başlayaraq Makron sözügedən təşkilatın təşkil etdiyi ənənəvi ziyafətlərə qatılmağa başlayıb, dəfələrlə erməni diasporuna öz dəstəyini ifadə edib” deyən R.Əsgərova bildirib ki, qatıldığı ilk ziyafət zamanı erməni icmasına Fransada “erməni soyqırımı” qurbanlarının milli anım gününün qeyd olunacağına söz verib. Həmçinin CCAF-ın rəhbərliyi E.Makronu Azərbaycanın işal olunmuş torpaqlarına səfər etməyə dəvət edib, lakin bununla bağlı E.Makron yalnız Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra erməni diasporunun nümayəndələri ilə birlikdə Dağlıq Qarabağa səfər edə biləcəyini açıqlayıb. Bütün hallarda erməni diasporunun nümayəndələri E.Makronun bu fikrini qondarma rejiminin “müstəqilliyinə” dəstək kimi qəbul ediblər.

“Nəhayət, CCAF-ın 2019-cu ilin fevral ayında keçirilən ənənəvi ziyafət gecəsi zamanı Emmanuel Makron 24 aprel tarixini qondarma erməni soyqırımının milli anım günü elan edib. Həmin addım Türkiyə tərəfindən ciddi şəkildə pislənib. Bu il yanvarın 29-da keçirilən ziyafət zamanı isə E.Makron bir qədər də irəli gedərək Fransanın Ermənistana dəstək olmağa, mütəmadi şəkildə Ermənistana pul ayırmağa borclu olduğunu açıqlayıb. Fransa Erməni Milli Komitəsi (ANC France) İdarə Heyətinin üzvü Hratç Varjabedyan bildirib ki, həmin tədbirdə Makronun iştirakı və səsləndirdiyi fikirlər həm erməni məsələlərin təbliğatı, həm də Azərbaycana məhsul və silahların satılması mövzusunun müzakirəyə çıxarılması nöqteyi-nəzərdən ermənilər üçün vacibdir”, - deyir politoloq.

R.Əsgərova qeyd edir ki, Fransa prezidenti 2018-ci ilin 11-12 oktyabr tarixlərində İrəvanda keçirilən Frankofoniya sammitinə də qatılıb. O, səfər zamanı fürsətdən istifadə edərək “erməni soyqırımı”nın qurbanlarına həsr olunmuş Tsitsernakaberd abidəsinə də baş çəkib. Sammitin açılış mərasimində çıxış edərkən E.Makron Fransada tarix boyu ermənilərin bu ölkəyə böyük töhfəsinin olduğunu bildirib, qondarma soyqırımının qurbanlarını yad edib. “Səfər zamanı E.Makronun Ermənistan baş naziri Nikol Paşinyanla əslində Azərbaycan musiqisi motivləri altında səsləndirilmiş “erməni musiqi”sinə rəqs etməsi bu şəxsin Ermənistana öz çıxarları naminə siyasi dəstəyi ilə yanaşı bu xalqa daxili rəğbətini göstərir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi adətən Fransa prezidentləri “balans” naminə regiona səfər zamanı hər iki ölkəyə (Azərbaycan və Ermənistan) baş çəksə də, Makronun nəinki bunu etməməsi və hətta prezident seçildikdən bu yana Azərbaycana səfərə gəlməməsi digər diqqət çəkən məqam və ya “erməni qardaşlarını” incitməmək cəhdi kimi qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, Fransanın sabiq prezidenti Fransua Olland da erməni diasporu ilə sıx əməkdaşlıq edib, qondarma soyqırım məsələsində erməniləri dəstəkləyəcəyinə söz verib. Bu da 2012-ci ildə Fransada erməni diasporunun F.Ollandın namizədliyinin dəstəkləməsi ilə nəticələnib. Lakin buna baxmayaraq, hələ 2012-ci ildə deputat Valeri Buaye (Valérie Boyer) tərəfindən irəli sürülən və sonra Konstitusiya Şurası tərəfindən rədd edilən qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsinin F.Ollandın prezidentliyi dövründə qəbulu mümkün olmayıb”, - deyir xanım politoloq.

R.Əsgərova bildirir ki, Fransa erməni diasporunun sayına görə Avropa ölkələri arasında birinci yerdədir. Bu ölkədə 570-dən çox erməni təşkilatı fəaliyyət göstərir. Bunların arasında ən nüfuzlusu Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurasıdır (CCAF). Həmin təşkilat mütəmadi olaraq Ermənistanla diaspor və Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma rejim arasında əlaqələrin genişləndirilməsinə töhfə verir. Belə ki, 2019-cu ili iyul ayında təşkilatın nümayəndə heyəti Ermənistana səfəri çərçivəsində baş nazir N.Paşinyanla görüşüb, Fransa-Ermənistan arasında münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də diasporun Ermənistanın inkişafında rolu, Ermənistan və qondarma rejimə dəstəyi mövzularını müzakirə ediblər.

“CCAF öz növbəsində Fransanın hakimiyyət nümayəndələri ilə əlaqə quraraq, erməni məsələlərini Fransada geniş təbliğ edir. Eyni zamanda, Fransanın hökumət nümayəndələri ölkədə geniş yayılmış erməni diasporunun dəstəyindən istifadə edərək öz mövqelərini gücləndirirlər. Emmanuel Makron da məhz öz sələflərinin təcrübəsindən yararlanaraq seçkiqabağı kampaniya zamanı erməni diasporu ilə əməkdaşlıq etməyə başlayıb. Emmanuel Makronun Ermənistan-Azərbaycan münaqişəsində Ermənistan tərəfinin dəstəkləməsi məsələsinin kökündə həm də Fransa ilə Türkiyə arasında yaranan soyuqluq dayansa da, görünür erməni diasporunun bu məsələdə rolu heç də az deyil. 2022-ci ildə Fransada keçiriləcək 12-ci prezident seçkiləri ərəfəsində Makronun mövqeyinin zəifləməsi onun ölkədə yaşayan milli azlıqların dəstəyini qazanması zərurətini daha da artırıb. Buna görə də, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hazırkı gərgin vəziyyətdə Fransa prezidentinin ermənilərin müdafiəçisi qismində açıq çıxış etməsi onun üçün əlverişlidir və növbəti seçkiqabağı kampaniyada xal qazanmağa hesablanıb. Erməni diasporunun nümayəndələri isə Makrona yaxınlığı ilə bilinən Fransada Erməni təşkilatlarının Koordinasiya Şurasının hər bir qərarını icra etməyə hər zaman olduğu kimi indi də hazırdırlar”, - deyir R.Əsgərova.