Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamənin qəbul olunması Fransanın Azərbaycan və bütövlükdə Türk dünyasına qarşı yönəlik ənənəvi düşmənçilik siyasətinin çoxsaylı təzahürlərindən biridir.
Bu fikirləri hafta.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib:
“Belə qətnamələr Fransada və bir neçə Avropa ölkələrində dəfələrlə qəbul olunub. Bu tipli qətnamələrin qəbulu müəyyən qədər diskomfort yaratsa da Azərbaycan dövləti üçün əhəmiyyətsiz bir kağız parçası olaraq qalacaq”.
Q.Əlibəyli hesab edir ki, bu qətnamə həm də Fransanın bir dövlət kimi rəsmi elan etdiyi dəyərlərə sadiq olmadığını Azərbaycana və bütövlükdə Türk dünyasına münasibətdə ikiüzlü və riyakar siyasət yeritdiyini Azərbaycanla Ermənistan arasındakı sülh nizamlanması prosesində tərəfsiz vasitəçi olmaq istəyinin qeyri-səmimiliyini bir daha təsdiq edir, Cənubi Qafqazda sülhün təmin olunması üçün ciddi problemlər və maneələr yaradır.
“Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin Fransa ilə münasibətlərə yenidən baxılması barədə müzakirələrə başlaması, Fransadakı səfirimizin məsləhətləşmələr üçün çağırılması ,Fransanın Azərbaycandakı səfirinə rəsmi etiraz notasının təqdim olunması, Fransanın Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımların Milli Məclis tərəfindən genosid aktı kimi tanınması, Fransaya münasibətdə mümkün sanksiyaların tətbiqi imkanının araşdırılması məqsədəuyğundur”.