Greg Munro: Bakı tarixi irsin qorunması ilə müasir şəhər inkişafını uğurla birləşdirir

16:42 22.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas gözləntilərindən biri qeyri-formal yaşayış məntəqələri və mənzil məsələləri ilə bağlı konkret icra mexanizmlərinin formalaşdırılmasıdır.

Hafta.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında BMT platformasında fəaliyyət göstərən “Cities Alliance” təşkilatının direktoru Greg Munro bildirib.

Onun sözlərinə görə, müzakirələrlə kifayətlənmək olmaz: “Qeyri-formal yaşayış məntəqələrinin yaxşılaşdırılması, mənzil təminatı və şəhər mühitinin inkişafı istiqamətində real addımlar atılmalıdır. Ümid edirik ki, WUF13 bu istiqamətdə konkret öhdəliklərin qəbuluna təkan verəcək”.

27 ildən artıqdır ki, müxtəlif ölkələrdə qeyri-formal yaşayış məntəqələri ilə bağlı layihələr həyata keçirdiklərini bildirən təşkilat rəhbəri WUF13-ün onun üçün son WUF tədbiri olduğunu, yaxın zamanda təqaüdə çıxacağını da qeyd edib. O, forumun təşkilini yüksək qiymətləndirərək könüllülərin fəaliyyətini xüsusi vurğulayıb: “Haraya üz tutursansa, yardım etməyə hazır könüllülərlə qarşılaşırsan. Şəhər sərgisi də indiyədək gördüklərimin ən yaxşılarından biridir”.

Greg Munro Bakının şəhərsalma baxımından maraqlı nümunə olduğunu bildirib: “Şəhərdə tarixi irsin qorunması ilə müasir urbanizasiya arasında balans uğurla təmin olunubBakıda həm qədim şəhər mühiti, həm də müasir infrastruktur mövcuddur. İçərişəhərin UNESCO irsi kimi qorunub saxlanılması çox təsirlidir. Eyni zamanda şəhərin müasir hissəsində yüksək binalar, inkişaf etmiş nəqliyyat sistemi və keyfiyyətli infrastruktur diqqət çəkir”.

"Cities Alliance" rəhbəri Bakı metrosundan istifadə etdiyini və ictimai nəqliyyat sistemini rahat və əlçatan hesab etdiyini bildirib.