“Gürcüstanda “Gürcü Arzusu”ndan başqa öz xalqına uyumlu siyasi qüvvə yoxdur” - Bidzina İvanişvili

10:24 11.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gürcüstanda “Gürcü Arzusu”ndan başqa öz ölkəsinə və xalqına yönümlü siyasi qüvvə yoxdur.

Hafta.az-ın yazdığına görə, bunu “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili Batumidə hakim partiyanın regional tədbirində çıxışı zamanı bildirib.

O deyib ki, yalnız “Gürcü Arzusu” başladıqları işi sona qədər apara və “ləyaqətlə, sülh və firavanlıqla Gürcüstanı Avropa İttifaqına üzv edə bilər”.

“Oktyabrın 26-da sadə seçim edəcəyik. Çünki artıq dəfələrlə təsdiqləmişik ki, “Gürcü Arzusu”ndan başqa Gürcüstanda öz ölkəsinə və xalqına sabitlik, firavanlıq, sülh və iqtisadi artımı təmin edəcək təcrübə və qabiliyyətə malik siyasi qüvvə yoxdur. Yalnız biz başladığımız işi sona qədər apara və ləyaqətlə, sülh və firavanlıqla Gürcüstanı Avropa İttifaqına üzv edə bilərik. Əksinə, ölkədən kənardan müharibə, dağıntı və məhv mənasına gələn agenturanı bizim alternativimiz olaraq göstərirlər. Məhz bu səbəbdən, oktyabrın 26-da biz bir daha ölkəni xilas etməliyik və əsarətlə azadlıq, xarici dövlətlərə itaət və suverenlik, müharibə ilə sülh arasında seçim etməliyik. Mən dərindən inanıram ki, vətən uğrunda həlledici mübarizədə bu gözəl guşənin övladları Gürcüstanın birliyinin və suverenliyinin keşiyində möhkəm dayanacaqlar. Yaşasın müstəqil, güclü, vahid və azad Gürcüstan. Tanrı bizi hifz etsin”, - Bidzina İvanişvili bildirib.