Həmas hərəkatının şənbə günü İsrailə hücumu nəticəsində onlarla əcnəbi ölüb, yaralanıb və ya girov götürülüb.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, itkin düşən əcnəbilərin çoxu İsrailin cənubunda, Qəzza sərhədi yaxınlığında səhrada keçirilən musiqi festivalında iştirak edənlərdir. Deyilənə görə, bu festival zamanı təxminən 250 nəfər həlak olub.
ABŞ-ın dünən verdiyi açıqlamada Həmasın İsrailə qarşı hücumlarında ən azı 22 ABŞ vətəndaşının həlak olduğu bildirilib. Prezident Co Bayden bəzi amerikalıların Həmas tərəfindən girov saxlandığını da açıqlayıb.
Tailandın baş naziri Sretfa Favisin 21 tailandlının öldürüldüyünü, 14 nəfirinsə girov götürüldüyünü açıqlayıb. Tailand Xarici İşlər Nazirliyinin rəsmiləri hücumda 13 nəfərin yaralandığını bildiriblər. Hökumətin məlumatlarına görə, İsraildə 30 minə yaxın tailandlı var və onların əksəriyyəti kənd təsərrüfatı sektorunda çalışır.
Fransadan verilən açıqlamada 11 ölü və 18 itkin məlumatı verilib.
Nepalın Təl-Əvivdəki səfirliyi bazar günü bildirib ki, Həmasın hücumuna məruz qalan yaşayış məntəqələrindən Kibbutz Alumimdə 10 Nepal vətəndaşı həlak olub. Səfirlik dörd nəfərin xəstəxanada müalicə olunduğunu, bir nəfərin isə itkin düşdüyünü əlavə edib.
Argentina Xarici İşlər Nazirliyinin məlumatına görə, 7 Argentina vətəndaşı həlak olub, daha 15 nəfər itkin düşüb.
İngiltərədən verilən açıqlamada 4 vətəndaşın öldüyü və itkin düşdüyü bildirilib. BBC-nin məlumatına görə isə, uşaqlar da daxil olmaqla 17 britaniyalı öldürülüb və ya yoxa çıxıb. Lakin bu rəqəm hökumət tərəfindən təsdiqlənməyib.
Rusiyanın Təl-Əvivdəki səfirliyi rus əsilli dörd İsrail vətəndaşının öldüyünü açıqlayıb. Səfirlik əlavə edib ki, altı Rusiya vətəndaşı da itkin düşüb.
Ukrayna Xarici İşlər Nazirliyi də dünən üç vətəndaşın həlak olduğunu, altı nəfərin isə itkin düşdüyünü bildirib.
Kanada hökuməti üç vətəndaşın öldüyünü, üç vətəndaşın isə itkin düşdüyünü açıqlayıb.
Çin Xarici İşlər Nazirliyi də üç vətəndaşın öldüyünü, ikisinin isə itkin düşdüyünü açıqlayıb.
Filippinin Təl-Əvivdəki səfirliyi Qəzza sərhədi yaxınlığındakı kooperativ fermaya hücum nəticəsində bir qadın və bir kişinin həlak olduğunu açıqlayıb. Səfirlik üç vətəndaşın da itkin düşdüyünü bildirib.
Perunun Xarici İşlər Nazirliyi iki vətəndaşın həlak olduğunu, üç nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Braziliya Xarici İşlər Nazirliyinin açıqlamasında İsrail vətəndaşı olan iki nəfərin öldürüldüyü bildirilib.
İspaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum zamanı İsrail vətəndaşı olan 29 yaşlı bir ispan qadın həlak olub. Nazirlik həmçinin bildirib ki, sözügedən qadın Qəzza yaxınlığındakı kazarmada hərbi xidmət edirmiş.
Kambocanın baş naziri Hun Manet bir tələbə vətəndaşın öldürüldüyünü açıqlayıb.
Avstraliya Həmasın hücumunda bir vətəndaşının öldüyünü açıqlayıb.
Azərbaycan tərəfi hücumlarda bir vətəndaşının öldüyünü açıqlayıb.
Avstriya itkin düşən 3 vətəndaşdan birinin cəsədinin tapıldığını açıqlayıb.
Almaniya girovlar arasında ikili vətəndaşlığı olan almanların da olduğunu bildirib. Xarici İşlər Nazirliyi festivala qatılan 22 yaşlı alman əsilli israilli qadının qaçırılması ilə bağlı heç bir açıqlama verməyib.
Lakin gənc qızın anası sosial şəbəkədə yayımlanan videoda fələstinliləri daşıyan avtomobildə cansız vəziyyətdə “yatan” qızını tanıdığını bildirib. Sözügedən gənc qızın qardaşı da bacısının öldürüldüyünü deyib.
Meksika iki vətəndaşının qaçırıldığını bildirib.
Bütün bunlara əlavə olaraq Paraqvay iki, Kolumbiya iki, Tanzaniya iki, İtaliya iki, Şri Lanka iki və İrlandiya bir vətəndaşının itkin düşdüyünü açıqlayıb.
İtkin düşən Panama vətəndaşı isə sağ tapılıb...