“Hər şey o qədər möhtəşəm idi ki…” – Şuşada “Xarı Bülbül” festivalı

20:11 14.05.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Mayın 12-13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak etdilər. Hər kəs festivalın sehrindən hələ də ayıla bilmir. Hafta.az “Xarıbülbül” musiqi festivalının iştirakçıları ilə həmsöhbət oldu.

 İlk olaraq xalq artisti Mənsum İbrahimov  hələ də festivalın ab-havasından çıxa bilmədiyini söylədi:

"Hər şey o qədər möhtəşəm idi ki… Mən hələ də o ab-havadan çıxa bilmirəm. Təsəvvür edin ki, 32 il sonra yenidən festival bərpa olundu, özü də bu dəfə Cıdır Düzündə... Mən də bir ifaçı kimi burada çıxış etdim, "Qaçaq Nəbi" oxudum. Bir il öncə mənfur qonşularımız orada yallı gedib, şənlik keçirmişdilər. Bu hadisə həm mənim, həm də, xalqımızın psixologiyasına çox mənfi təsir gösdərmişdi. Bu gün isə biz qalib xalqın nümayəndələri olaraq Cıdır Düzünə gedib orada böyük bir festival keçirdik. O torpaqların sahibi qayıtdı. Sanki hava da bizim qayıdışımızı bayram edirdi. Hər kəsin üzü günəşdən yanıb, qıpqırmızı olmuşdu. Küsgün Şuşamız öz sakinlərini bağrına basdı həmin gün... Həm də biz bu festival vasitəçiliyi ilə dünyaya necə tolerant xalq olduğumuzun mesajını verdik. Festivalın ilk günü ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri öz musiqiləri, mədəniyyətləri ilə çıxış etdilər. Azərbaycanda digər xalqlara münasibət bu qədər yüksək səviyyədədir. Biz tarix boyu qardaş kimi yaşamışıq. Olduqca sülhsevər xalqıq və heç kəsin torpağında gözümüz yoxdur. Cənab prezident də çıxışında vurğuladı ki biz burada əbədiyik. Bəli biz sahibi olduğumuz qədim torpaqlarımızda əbədi yaşayacağıq".

Xalq artisti həmçinin çətin relyefə malik olan bu müdhiş şəhərin işğalçılardan azad edilməsi zamanı hərbçilərimizin misilsiz qəhrəmanlıq göstərdiyini də vurğuladı. Onlara öz təşəkkürünü bildirdi:

"Mənə çox maraqlı idi ki, bizim igidlərimiz qayalardan Şuşaya nə cür dırmanıb. İnandırım sizi, Cıdır Düzündə sıldırım qayanın üzərinə çıxdım. Bir daha əmin oldum ki bizim igidlərimiz mümkünsüzü mümkün ediblər. Həmin an şəhidlərimizin ruhuna dualar oxudum, qazilərimizə Allahdan şəfa dilədim".

Daha sonra isə aşıq sənətinin görkəmli nümayəndəsi Əli Tapdıqoğlu təəssüratlarını oxucularımızla bölüşdü:

"Festival başdan sona bir tarix idi. Hansı məqamı xüsusi vurğulayım heç bilmirəm. Elə orada təşkil edilən atəş fəşanlıq özü çox sözü deyirdi. O anları sadəcə izləmək lazımdır. Bütün Qarabağ -Xankəndində yaşayan mənfur qonşularımız həmin anlara şahidlik etdi. Bu torpağın kimə aid olduğunu təkrarən dərk etdilər. İlk dəfə olaraq Gövhərağa məscidində bayram namazı qılındı. Yeni Tikiləcək məscidin, orta məktəbin təməli qoyuldu. Hazırda Şuşada kütləvi iş gedir. Yollar çəkilir, infrastruktur düzəlir, abidələrimiz bərpa olunur bütün bunlara baxdıqca adamın ürəyi açılır. 6 ay sonra tamam başqa bir Şuşa bizi qarşılayacaq. Artıq" Zəfər yolu" ilə biz öz torpaqlarımıza gedəcəyik. Çox güman elə yerli sakinlər də köçürüləcək. Fikrimcə gələn il orada həyat öz axarına qayıdacaq. Amma Xarı Bülbül festivalı bir tarix idi. Torpaqların əzəli və əbədi sahibləri kimi orada öz tədbirimizi təşkil edib dünyaya lazımi mesajları çatdırmış olduq. Mən bir daha xalqımızı həm müqəddəs Ramazan Bayramı həm də torpaqlarımızın azad edilməsi münasibətilə təbrik edirəm".

Mən yaşımın az olmasına baxmayaraq bu günə qədər çox böyük tədbirlərdə iştirak etmişəm. YUNESKO-nun səhnəsində belə çıxışım olub. Lakin heç vaxt Şuşada - Cıdır Düzündə keçirdiyim həyəcanı hiss etməmişdim. Bu duyğu sözlərlə ifadə edilməyəcək qədər dərin və fərqlidir. Xarı Bülbül festivalındakı çıxış tək mənim deyil digər incəsənət nümunələrinin də arzularının reallaşması idi. O hissləri isə ancaq yaşayanlar bilər. Bu günə qədər hələ də həyəcanı keçməyib.

Biz tədbirdən bir gün öncə ora məşq üçün getmişdik. Cıdır Düzünə çatar-çatmaz bütün incəsənət adamları bir biri ilə uşaq kimi qaynayıb qarışmağa, şəkillər çəkdirməyə başladılar. Torpağı öpən kim, ağlayıb sevincini biruzə verən kim... İçi mən qarışıq hər kəsin ürəyində həyacan və qürur hissi var idi”.