Hər təxribatdan sonra ermənilər yeni mövqelər itirir - Aydın Quliyev

18:25 23.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezidentin Laçındakı çıxışı ermənilərin 12-14 sentyabrda törətdiyi təxribatla əlaqədar yaranmış şəraitin izah olunması və Ermənistan da daxil olmaqla, müxtəlif beynəlxalq qüvvələrə aydın mesajlar verilməsi nöqteyi nəzərindən maraqlıdır. 

Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev bildirib.

A.Quliyev hesab edir ki, Prezidentin Laçında etdiyi çıxışı xüsusilə Azərbaycan ictimaiyyətinin təxribatların kökü ilə bağlı məlumatlarını daha da dəqiqləşdirdi, cəmiyyət bir daha şahidi oldu ki, biz erməni təxribatlarına sadəcə cavab vermişik, Azərbaycan ordusu Ermənistanın ərazilərinə daxil olmayıb, sadəcə olaraq Ermənistanın danışıqlarda vaxt udmaq və bu vəziyyətdən istifadə edərək Azərbaycan sərhədlərinə yaxın yerlərdə gələcək hücum üçün əlverişli mövqelər və postlar qurmaq planları alt-üst edib.

“Diqqət etsək, Murovdan Arazadək Azərbaycan sərhədləri boyunca Ermənistanın Azərbaycana hücum və təcavüz üçün saxladıqları əlverişli mövqelərə nəzarəti əlindən çıxdı. Doğrudan da əhəmiyyətli mövqelərin Azərbaycan tərəfindən nəzarətə götürülməsi Ermənistanın gələcək təcavüzkar planlarını xeyli dərəcədə cilovlamağa imkan verir. Azərbaycan Prezidenti bir daha Ermənistana, onun müttəfiqlərinə də aydın fikirlərlə mesaj ötürdü ki, danışıqlar prosesini uzatması onun təcavüz planının uğur qazanacağına heç bir halda əsas yarada bilməz. Ona görə ki, Azərbaycan da yerində dayanmır və Ermənistanın hər bir hərəkətinin qarşısını almaq üçün lazım olan bütün hazırlıq işlərini həyata keçirir”.

A.Quliyev hesab edir ki, ölkəmizin bu günlərdə erməni təxribatına cavabı maraqlı bir neçə nüansı ortaya qoydu. Onun fikrincə, bu, ardı kəsliməyən erməni təxribatlarına Azərbaycan tərəfinin strateji yanaşmasıdır.

“Bu strategiya ibarətdir: Ermənistan təxribatlarına davam edəcəksə, hər təxribatı uğurlu əks-hücum əməliyyatlarına çevirməklə ermənilərə ağır zərbə vurmaq lazımdır. Doğrudan da indi ermənilər oturub düşünəcəklər ki, hər təxribatdan sonra onlar yeni mövqelər itirir, üstünlüklərini əldən verirlər. 2020-ci ildə Tovuzda ermənilərin törətdiyi təxribat Vətən Müharibəsi və Ermənistanın 30 il işğalda saxladığı ərazilərin azad edilməsi ilə nəticələndisə, Ermənistan ondan sonrakı təxribatlardan da lazımi nəticə çıxartmadı. Əgər nəticə çıxartsaydı, 2021-ci ilin mayında Qaragöl ətrafında, bu ilin avqust, sentyabr aylarında da Kəlbəcər, Laçın istiqamətlərində də təxribatlar törətməzdilər. Görünən odur ki, ermənilər bu təxribatarın onlara baha başa gəldiyindən lazımi nəticə çıxara bilmirlər”.

A.Quliyev bildirdi ki, Azərbaycan öz qüvvələrini möhkəmləndirir:

“Dünya bir daha gördü ki, Ermənistan sərhədlərin delimitasiyasına ona görə ardıcıl qoşulmur ki, tez-tez belə təxribatlar törətsin. Çünki sərhədlər dəqiqləşsə, Ermənistanın bu təxribatlar üçün heç bir əsas və imkanı qalmayacaq. Ona görə də haqlı şəkildə bəyan edir ki, müharibdən sonra olan-qalan problemlərin həlli və bölgədə sülhün möhkəmləndirməyin yolunda iki əsas maneə var: birinci sülh sazişinin bu günə qədər imzalanmaması, ikinci sərhədlərin delimitasiyası...”

Siyasət rubrikasından digər xəbərlər