Hindistan səfirliyi Respublika Velodromunda Yoqa Sessiyası təşkil edib (FOTO)

15:20 02.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki Səfirliyi Respublika Velodromunda ictimaiyyət üçün açıq Yoqa sessiyası təşkil edib. Tədbirə 200-ə yaxın yoqa həvəskarları və peşəkarları qatılıb.

Hafta.az-ın yazdığına görə, tədbirin iştirakçıları sırasında Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan, Müdafiə Sənayesi nazirinin müşaviri Əlibaba Əliyev, Respublika Velodromunun direktoru Tamerlan Salahov, eləcə də Azərbaycan Velosiped Federasiyasının rəsmi şəxsləri və yoqa klubunun üzvləri yer alıblar.

Tədbirin əvvəlində səfir Sridharan Madhusudhanan və müşavir Əlibaba Əliyev yoqanın ümumi sağlamlıq üçün çoxsaylı faydalarını vurğulayıb, müxtəlif xalqları və millətləri birləşdirən rolundan söz açıblar.

Yoqa seansına tanınmış yoqa təlimatçısı Elçin Quliyev rəhbərlik edib. Onun apardığı yoqa seansı bütün iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Tədbirə mədəni çalar qatmaq üçün Solmaz Əsgərova yoqa seansından sonra füsunkar Hindistan və Azərbaycan rəqslərini ifa edib. Bütün iştirakçılara dadlı hind qəlyanaltıları təqdim olunub.

Beynəlxalq Yoqa Gününün çərçivəsində keçirilmiş açıq yoqa tədbiri qədim Hindistan təcrübəsinin faydaları haqqında məlumatlılığın yayılmasına kömək edib. Hindistan səfirliyi yoqanın sağlamlıq və harmoniya vasitəsi kimi təbliği üçün bütün dəstəyi davam etdirəcək.