Beynəlxalq Yoqa Gününü qeyd etmək və yoqanı sağlamlıq və harmoniya vasitəsi kimi tanıtmaq məqsədilə Hindistanın Azərbaycandakı Səfirliyi ictimaiyyət üçün açıq yoqa sessiyası təşkil edib.
Hafta.az-ın yazdığına görə, tədbir Şamaxıdakı Astrofizika Rəsədxanasının ərazisində baş tutub və 140-a yaxın yoqa həvəskarını cəlb edib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və müavini Mehriban Eyubova, Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan iştirak ediblər.

Yoqa seansını tanınmış təlimatçı Elçin Quliyev aparıb. O, təcrübəsini iştirakçılarla paylaşmaqla yoqanın dərin mədəni köklərini nümayiş etdirib və tədbirə unikallıq gətirib.

Yoqa seansı başa çatdıqdan sonra iştirakçılar Solmaz Əsgərovanın ifasında ənənəvi hind rəqslərini izləyiblər. Sessiyanı yekunlaşdırmaq üçün iştirakçılara müxtəlif hind qəlyanaltıları təqdim olunub. Beynəlxalq Yoqa Gününə həsr olunmuş tədbir səfirliyin qədim Hindistan yoqa təcrübəsini tanıtmaq üçün davamlı səylərini vurğulayır.