Hindistan və Çin sərhəd probleminə dair müzakirələr aparıb

15:55 17.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan və Çinin sərhəd məsələsi üzrə xüsusi nümayəndələri, Hindistanın milli təhlükəsizlik müşaviri Şri Acit Dovalla Çinin dövlət məsləhətçisi, xarici işlər naziri Vang Yi arasında telefon danışığı olub.

Hafta.az yazır ki, həmçinin, daha əvvəl - iyulun 10-da da Hindistan-Çin sərhəd məsələsi üzrə Məsləhətləşmə və Əlaqələndirmə İşçi Mexanizminin (WMCC) iclası keçirilib. Bu görüşlər çərçivəsində tərəflər, ikitərəfli müqavilələrə və protokollara uyğun olaraq sərhəddə sülh və əminamanlığın tam bərpası məqsədilə faktiki nəzarət xətti boyunca qoşunların tamamilə çıxarılması, sərhəd ərazisində gərginliyin aradan qaldırılması barədə razılığa gəliblər. Bu çərçivədə Hindistanın və Çinin baş komandirləri iyulun 14-də Çuşulda dördüncü iclaslarını keçiriblər.

Komandirlər, qoşunların bölgədən çıxarılması prosesinin gedişatını nəzərdən keçirərək, ən qısa zamanda hərbçilərin tamamilə çıxarılmasını təmin etmək istiqamətində gələcək addımları da müzakirə ediblər. Tərəflər vurğulayıblar ki, qoşunların tamamilə çıxarılması, sərhəddə sülh və əminamanlığın tam bərpası hədəfinə sadiqdirlər. Tərəflər, bu nəticələrin əldə olunması istiqamətində diplomatik və hərbi sahələrdə təması davam etdirəcəklərini bildiriblər.

Media brifinqində, faktiki nəzarət xətti boyunca qoşunların çıxarılması prosesinin mürəkkəb olması və bu səbəbdən, əsassız və qeyri-dəqiq məlumatlara yol verilməməsi tələbi vurğulanıb.

Hazırda Qərb hissədə davam edən qoşunların çıxarılması prosesi, xüsusilə mövcud nəzarət xətti boyunca qarşıdurma vəziyyəti və qoşunların yaxın yerləşdirilməsinin həllinə yönəldilib. Bu, yüksək rütbəli hərbi komandirlər arasında razılaşmaya əsaslanır. Hər iki tərəf mövcud nəzarət xəttinin özlərinə aid tərəfindəki daimi postlarına doğru geri çəkilmək üçün müəyyən nöqtələr üzrə razılığa gəlib. Bu, qarşılıqlı razılaşdırılmış hər iki tərəfin atacağı addımlardır və davamlı prosesdir. Hindistanın mövcud nəzarət xəttinə dair mövqeyində heç bir dəyişiklik yoxdur. Hindistan, faktiki nəzarət xəttinin gözlənilməsində və riayət edilməsində tam qərarlıdır. Nəzarət xətti boyunca status-kvonu dəyişdirmək istiqamətində edilən hər hansı birtərəfli cəhdlər qəbul edilməzdir.