Hindistan yasda - virus inəkləri tələf edir

12:35 30.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İnəkləri müqəddəs hesab edən hindular 100 mindən çox inəyin "dəri xəstəliyindən" tələf olması ilə əlaqədar yas içindədir. 

Hafta.az-ın yazdığına görə, 15 ştata yayılan virusa yoluxan heyvanların sayı son üç həftədə təxminən iki dəfə artıb. Virusdan ən çox təsirlənən əyalət 60 min ölü və 1,4 milyona yaxın heyvanın yoluxduğu Racəstandır. Ölkə üzrə 100 mindən çox iribuynuzlu heyvan tələf olub, 2 milyondan çox heyvan virusla xəstələnib.

Hökumət xəstəliyə qarşı mübarizə aparmaq üçün mal-qaranı peyvənd etməyə başlayıb, tələf olan heyvanlar üçün kütləvi məzarlar qazılıb.

Ölkədə yayılan virus inəklərdə süd istehsalını azaldır, mal-qaranın arıqlamasına və doğuş problemlərinin yaranmasına səbəb olur ki, bu da iqtisadiyyatın inkişafına mənfi təsir göstərir.

"Dəri xəstəliyi" adlanan bu virusa yoluxma mal-qaranın qızdırmasına və dərisində yaraların əmələ gəlməsinə səbəb olur.

Qeyd edək ki, ilk dəfə 1929-cu ildə Afrikada müşahidə edilən xəstəlik daha sonra dünyanın digər bölgələrinə yayılaraq 2019-cu ildə Asiya qitəsində də görünməyə başlayıb. 

Bu arada, xatırladaq ki, süd məhsulları Hindistanda 80 milyondan çox insan üçün məşğulluq yaradan və iqtisadiyyata 5 faiz töhfə verən mühüm sektordur. "Dünyanın ən böyük süd istehsalçısı" olan Hindistan qlobal süd istehsalının 20 faizini verir.

Oxunma sayı 1844