Hindistanın baş nazir Narendra Modi bu gün video-konfrans vasitəsilə Covid-19 əleyhinə aşılama kampaniyasına start verib.
Hindistanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata əsasən, bu bütün ölkə ərazisini əhatə edən dünyanın ən geniş aşılama proqramıdır. Aşılamanın başladılması zamanı Hindistanın bütün ştatlarından və ittifaq ərazilərindən ümumilikdə 3006 peyvəndləmə mərkəzi virtual şəkildə birləşdirilib.
Baş nazir çıxışına peyvəndlərin hazırlanmasında iştirak edən elm adamlarına təşəkkür etməklə başlayıb. Bildirib ki, adətən peyvəndin hazırlanması üçün illər tələb olunur, lakin belə qısa müddətdə bir yox, iki Hindistan istehsalı peyvənd buraxılıb. Baş nazir əhalini peyvəndin hər iki dozasını qəbul etməyi unutmamaq üçün diqqətli olmağa çağırıb. Qeyd edib ki, dozalar arasında bir ay fasilə olacaq. O, əhalini peyvənddən sonra da qorunmağa çağırıb, çünki ancaq ikinci dozanı qəbul etdikdən iki həftə sonra insan orqanizmində koronavirus əleyhinə zəruri immunitet yaranacaq.

Baş nazir, proqramın birinci mərhələsində 30 milyon insana peyvənd vurulacağını və bu rəqəmin dünyanın ən azı 100 ölkəsinin əhalisindən çox olduğunu qeyd edib. O, ikinci mərhələdə bu rəqəmin 300 milyona çatdırılacağını, yaşlılara və ciddi sağlamlıq problemləri olan şəxslərə peyvənd vurulacağını deyib. Baş nazir ancaq 3 ölkənin - Hindistan, ABŞ və Çinin əhalisinin 300 milyondan çox olduğunu qeyd edib.
Baş nazir vətəndaşları hər hansı konspirologiyaya və şayiələrə inanmağa çağırıb. Vurğulayıb ki, Hindistanın tibb sistemi, peyvənd üzərində işləyən alimləri, və bu sahədə Hindistan fəaliyyəti və təşkilati mexanizmi beynəlxalq səviyyədə etibara malikdir və bu etibar davamlı uğurlar sayəsində qazanılıb.
N.Modi ölkə əhalisini virusa qarşı vahid və cəsur mübarizəyə görə təbrik edib. Hindistanın koronavirusla mübarizəsini özünəinam və etimad adlandırıb. O, hər bir hindistanlıda özünəinamın zəifləməsinin qarşısını almaq qətiyyətini vurğulayıb. Baş nazir, insanları xilas etmək üçün öz həyatlarını təhlükəyə atan həkimlərin, tibb bacılarının, tibb işçilərinin, təcili yardım sürücülərinin, ASHA işçilərinin, sanitariya işçilərinin, polisin və digər ön cəbhə işçilərinin verdiyi töhfələr haqqında xeyli danışıb. N.Modi bəzi işçilərin virusa qarşı mübarizədə həyatlarını itirdiyinə görə evlərinə qayıtmadığını da diqqətə çatdırıb. "Ön cəbhə mübarizlərinin ümidsizlik və qorxu şəraitində ümid yaradıb və bu gün ilk növbədə onları peyvənd etməklə xalq onların töhfələrini minnətdarlıqla qəbul edir", - deyə N.Modi bildirib.
Pandemiyanın yayıldığı ilk günləri xatırlayaraq Baş nazir, Hindistanın həssaslıq göstərərək doğru məqamlarda doğru qərarlar qəbul etdiyini vurğulayıb. 2020-ci il yanvarın 30-da ölkədə ilk yoluxma halının qeydə alınmasından iki həftə əvvəl Hindistanda yüksək səviyyəli komitə yaradılıb. Hindistan düz bir il əvvəl müvafiq müşahidə-nəzarətə başlayıb.2020-ci il 17 yanvarda Hindistan ilk tövsiyələri dərc etdirib və hava limanlarında sərnişinlərin hərarətlərini yoxlama sistemi quraşdıran ilk ölkələrdəndir.