Hindistanın ana müxalifət partiyası olan Milli Konqres Partiyasının lideri Rahul Qandi bildirib ki, rəhbərlik etdiyi təşkilat bütün dinlərin və mədəniyyətlərin qorunmalı olduğuna inanır. O əlavə edib ki, onun partiyasının xristianların çoxluq təşkil etdiyi əyalətdə yüksək səs toplayacağına əmindir.
Hafta.az-ın “Hindistantimes”a istinadən yazdığına görə, Rahul Qandi bu gün seçkiyə bağlı Mizorama iki günlük səfərinin ikinci günündə Aizavldakı mətbuat konfransında xristianların sıx məskunlaşdığı şimal-şərq əyaləti Mizoramın hakim Mizo Milli Cəbhəsini (MNF) və müxalifətdəki Zoram Xalq Hərəkatını (ZPM) Hindistanda iqtidarda olan Bharatiya Janata Partiyasının (BJP) və onun ideoloji mənbəyi olan Raştriya Swayamsevak Sangh-ın maraqlarını dəstəkləməkdə günahlandırıb.
“...MNF (BJP-nin rəhbərlik etdiyi Milli Demokratik Alyansın bir hissəsidir) birbaşa BJP ilə bağlıdır... ZPM BJP ilə işləyəcəyini bildirib. Bu partiyaların hər ikisi Mizoramdakı BJP və RSS üçün giriş nöqtələridir", - deyib Qandi.
Qandi BJP və RSS-nin avtoritar və mərkəzləşdirilmiş sistemi yaymağa çalışdığını söyləyib. O əlavə edib ki, Konqres onların ideologiyasına qarşıdır. Konqres hesab edir ki, bütün dinlər və mədəniyyətlər qorunmalıdır. "Bizim ittifaq - Hindistan Milli İnkişaf üzrə İnklüziv Alyansı da buna inanır. Alyansımızın Hindistanın 60 faizini təmsil etdiyini unutmamaq vacibdir", - Qandi əlavə edib.
Qandi BJP-dən daha çox insanı təmsil etdiklərini söyləyib: “Biz onlara qarşıyıq və onlarla mübarizə aparacağıq. Mizoramlılar bunu bilirlər və ona görə də əminəm ki, Konqres Mizoramda növbəti hökuməti formalaşdıracaq”.
Konqres 2018-ci ildə şimal-şərqdəki son qalasında MNF-yə nəzarətini itirib və 40 üzvlü məclisdə cəmi 5 yer qazana bilib. MNF 26 yer, ZPM 8, BJP isə 1 yer qazanıb.